Flora Kərimova Sami Yusufdan yazdı

“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir”.

Sozcu.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Xalq artisti Flora Kərimova azərbaycanlı şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı bəstələyən Sami Yusuf haqda deyib.

“Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları – muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusuf və ona dəstək olanlar bu işin öhdəsindən layiqi ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.

Qeyd edək ki, Sami Yusufla yanaşı “Sığmazam” qəzəlini Aşıq Samirə və Əməkdar artist Təyyar Bayramov da ifa edib. Sözügedən layihənin videosu hazırda “Youtube” Azərbaycan trendində birinci yerdədir.(Axşam.az)