Fazil Mustafa Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim etdi

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu” haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü və 9-cu maddələrinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququmu həyata keçirərək aşağıdakı qərar layihəsinin qəbul olunmasını təklif etdim və elektron qaydada təqdim etdim.

27 aprel 1920-ci il tarixində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının 100 illiyi ilə əlaqədar Azərbaycan

Respublikası Milli Məclisinin Qərarının layihəsini təqdim edirəm.

QƏRAR LAYİHƏSİ

Aprelin 27-də bolşevik Rusiyası tərəfindən Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi yolu ilə ölkəmizin işğal edilməsinin 100-cü ildönümü tamam olur. 1920-ci ilin aprel ayının 27-də baş verən qanlı işğal günü ölkəmizin tarixində ən faciəvi və ən kədərli günlərindən biri kimi qalmaqdadır.

1918-ci il may ayının 28-də İstiqlal bəyannaməsinin qəbul edilməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni məhdud imkanlar çərçivəsində şərəflə yerinə yetirdi. Azərbaycanın ilk demokratik Parlamenti və hökümətləri, dövlət idarə orqanları təşkil edildi, ölkənin sərhədləri müəyyən edildi, bayrağı, himni, gerbi yaradıldı və ana dili dövlət dili elan edildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərdi. Xalq Cümhuriyyəti rəhbərlərinin fəaliyyəti sayəsində dünya birliyi 15 yanvar 2020-ci ildə Azərbaycanı beynəlxalq hüququn tam hüquqlu subyekti kimi tanınmışdı.

100 il bundan əvvəl, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə bolşevik Rusiyası beynəlxalq hüquq normalarırını ayaqlar altına alaraq, 100 min nəfərlik XI Ordunun silahlı birləşmələri ilə Azərbaycanın sərhəddini pozaraq, müstəqil Azərbaycan dövlətinin ərazisini işğal etdi və qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi. Parlametin binasına dənizdən və qurudan tuşlanmış topların hədəsi altında Azərbaycan Parlamenti Azərbaycanın müstəqilliyinin saxlanması şərti ilə hakimiyyətin yerli bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. Lakin az keçmiş bu müstəqilliyin tamamilə itirilməsi faktı baş verdi və Azərbaycanın Sovet Sosialist Respublikası kimi qurulan rusiyayönümlü asılı dövlətin müstəqilliyinin formal xarakter daşıdığı üzə çıxdı. 1922-ci ildə yaradılmış SSRİ adlandırılan yeni imperiyanın tərkibinə daxil olmaqla Azərbaycan SSR de-fakto olaraq da öz müstəqilliyini itirdi. Beləliklə, xalqımızın çoxəsrlik arzuları və çoxsaylı qurbanları bahasına qazandığı müstəqilliyinə son qoyuldu, müstəqil dövlətin bütün atributları ləğv olundu.

Azərbaycan xalqı işğala uzun müddət müqavimət göstərib. 1920-ci ilin aprel ayının 26-da Yalamada 300 Azərbaycan əsgəri bolşeviklərin zirehli qatarının qarşısını kəsərək son damla qanlarına qədər döyüşərək şəhid oldular. Bolşeviklərə qarşı Gəncədə, Zaqatalada Şəkidə Naxçıvanda və digər bölgələrdə 150-ə yaxın baş vermiş üsyanlar da bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmayıb. Sənədlərdən məlum olur ki, təkcə, 1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər- əksəroyyəti dövrün ziyalıları, yetkin hərbçiləri olmaqla Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu.

Sonrakı illərdə də xalqımıza qarşı zorakılıqlar davam etdirildi. Azərbaycan ziyalılarının ən layiqli nümayəndələri- demokratik düşüncəyə sahib elm, ədəbiyyat, incəsənət xadimləri həbsə atıldı, sürgünlərə göndərildi, edamlara məhkum edildi. Xalqımıza qarşı zaman-zaman ağır repressiyalar törədildi.

1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edəndə yenidən 27 aprel hüznünü 28 may sevinci ilə əvəz edə bildi və müstəqil dövlətimizin adını və bayrağını təkrar ucaltmağa nail oldu. Bu gün əbədi və dönməz hesab etdiyimiz müstəqilliyin dəyərini məhz yüz öncə baş vermiş işğal nəticəsində itirdirdiklərimiz üzərindən daha dərindən idrak edə bilirik.

Ölkəmizə qarşı törədilən işğal hadisəsinin yaddaşlarda yaşadılması, milli faciədən ibrət götürülməsi, istiqlalımızın qorunmasına sayıqlığın artırılması baxımından aprel ayının 27-ni süquta uğradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasında baş vermiş hər bir hadisənin öz adı ilə adlandırılması və tarixə obyektiv yanaşmanın təmin edilməsi baxımından əhəmiyyətli hesab edərək

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Bolşevik Rusiyasının XI Ordusu tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsi və Azərbaycan Parlamentinin fəaliyyətinə xitam verilməsi ilə yekunlaşan işğala qarşı qəhrəmanlıqla dirəniş göstərən Yalama şəhidlərinin və digər soydaşlarımızın xatirəsi əbədiləşdirilsin.

2. Azərbaycan Xalq Cumhuriyyətinin lideri və bu işğaldan sonra mühacirətdə Azərbaycan milli davasının yorulmaz mücahidi olmuş Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində son vaxtlarda yaşadığı binada ev muzeyi yaradılsın.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini: Fazil Mustafa.

Facebook Comments