Fake news – “saxta xəbər” fenomeni nədir?

Son zamanlar onlayn media sferasında ən çox müzakirə mövzusu olan məsələlərdən biri də “fake news” – “saxta xəbər” fenomenidir.

İnsanlar xəbər üçün İnternetə daha çox üz tuturlar; qəzet, jurnal və digər çap mətbuatının yerini onlayn media alır; populyar telekanallar da daxil olmaqla əksər media orqanları xəbər mənbəyi kimi sosial media istifadəçilərinə istinad etməyə başlayırlar.

Belə bir “xaotik” media mühitində jurnalistlər və redaktorlar xəbərin keyfiyyətini bir çox hallarda onun sürətinə qurban verməli olurlar, sıravi İnternet istifadəçiləri isə rast gəldikləri xəbərin nə dərəcədə etibarlı olmağını öyrənmək imkanından demək olar ki məhrumdurlar. İnternet istifadəçilərini böyük bir informasiya okeanı öz əhatəsinə alır. Müasir insan bu xəbər burulğanında özünü itirir, fikrini qarışdırır və emosiyalarını nəzarətdə saxlaya bilmir.

Öz xüsusi məqsədləri və ya gündəliyi olan bəzi mətbuat orqanları, eləcə də reklam və populyarlıq, bəzən daha çox pul qazanmaq istəyən bir sıra kiçik və yeni xəbər saytları bu əlverişli şəraitdən sui-istifadə edərək dezinformasiya yayırlar. Onlar gündəmə uyğun olaraq özlərindən “şok” xəbər uydurur, faktları və hadisələri təhrif edir, insanların emosiyalarına xitab etmək üçün yanıldıcı xəbərlər paylaşırlar. Media sferasında bu fenomen “fake news” – “saxta xəbər” adını alıb.

Bəzi mütəxəssislər 2016-cı ildə ABŞ və Avropa ölkələrində keçirilən bir sıra seçki və referendumlarda saxta xəbərlərin artıq əhəmiyyətli dərəcədə rol oynadığını iddia edirlər. Ümumdünya torunun (World Wide Web) yaradıcısı Tim Berners-Lee “saxta xəbərləri” İnternetin gələcəyi üçün təhlükə yaradan üç böyük problemdən biri kimi görür. Facebook başda olmaqla sosial şəbəkələr saxta xəbərlərlə mübarizə aparacaqlarını bəyan ediblər.

Bəs onlayn jurnalistlər, bloqçular və sıravi İnternet istifadəçiləri “saxta xəbərlərdən” özlərini və auditoriyalarını necə sığortalaya bilərlər?

ABŞ-da Merrimack kollecinin dosenti Melissa Zimdars saxta xəbər fenomenini araşdırmaqla məşğuldur və saxta xəbərləri müəyyən etmək üçün kiçik tövsiyələr hazırlayıb. Yeni Jurnalist saytı sizi həmin tövsiyələrin bəziləri ilə tanış edir:

– Tanınmış xəbər saytları əgər “.com.co” tipli qəribə sonluqlarla bitirsə, qarşınızda böyük ehtimal həmin məşhur saytların saxta surətləridir. (Unutmayın ki, məsələn, “.co” əslində Kolumbiyanın milli domeynidir.)

– Əgər sosial şəbəkələrdə və ya kiçik bir saytda çıxan hər hansı “şok” xəbər haqqında mötəbər onlayn media məlumat vermirsə, həmin xəbərin saxta olması ehtimalı böyükdür. Bəzən senzura, siyasət və sair səbəblərdən hər hansı mötəbər media həmin məlumatı verməyə bilər, amma “şok” hadisə baş veribsə, bu barədə yazan ən azı bir neçə bir-birindən müstəqil onlayn media da olmalıdır.

– Əgər mötəbər olmağa iddialı xəbər saytının çox primitiv dizaynı varsa, ancaq böyük hərflərdən (Caps Lock) istifadə edirsə, xəbər saytına uyğun gəlməyən adı və domeyni varsa, bloqlar üçün onlayn servisdə (WordPress, Blogger və s.) yerləşirsə, deməli heç də özünü təqdim etdiyi kimi mötəbər media orqanı olmaya bilər.

– Məqalənin müəllifi göstərilməyibsə, müəlliflərin adı psevdonim təsiri bağışlayırsa, xəbərin etibarlılığından əmin olmaq üçün onu digər xəbər saytlarında da axtarmaq lazım gələ bilər.

– Bəzi saytlar (BuzzFeed və Forbes kimi) hər bir istifadəçiyə qeydiyyatdan keçərək öz xəbərini paylaşmaq və ya saytda öz şəxsi bloqunu açmaq imkanı yaradır. Ona görə də belə saytlarda “sensasiyalı” xəbər oxuyan zaman baxmaq lazımdır: xəbəri hər hansı istifadəçi öz şəxsi hesabından paylaşmayıb ki?

– Əgər xəbər sizi hədsiz dərəcədə qəzəbləndirərsə, onu sosial mediada paylaşıb çox kəskin reaksiya bildirməyə vadar edərsə, həmin xəbəri paylaşmazdan öncə digər onlayn mənbələrdən əlaqəli məlumatlar axtarmağa, xəbəri dəqiqləşdirməyə cəhd edin. Bəlkə kimsə bilərəkdən oxucuların emosiyaları ilə oynayır, öz saytına “İP yığmağa” çalışır?

– Əgər xəbər hər hansı bir insan haqqında şəxsi və məhrəm məlumatları paylaşırsa, onu hədəf göstərirsə, yalnız neqativ kontekstdə şəxsinə və şəxsi həyatına dair məlumatları ictimailəşdirirsə, bu zaman xəbərin məqsədi və etibarlılığı barəsində diqqətli olmaq məsləhətdir.

– Yaxşı olar ki, hər hansı xəbəri bir neçə onlayn mənbədən dəqiqləşdirəsiniz, paralel olaraq bir neçə xəbər saytını mütəmadi izləyəsiniz, ilk dəfə rastınıza çıxan xəbər saytına, sosial media hesabına qeyd-şərtsiz inanmayasınız.

yenijurnalist.org