ETSN: Badamdar yolundakı sürüşmə prosesi tam başa çatmayıb

Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə prosesi tam başa çatmayıb.

Bunu Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, yanvarın 9-da Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində baş verən sürüşmə 2018-ci ildə baş verən sürüşmə kütləsinin üzərində müşahidə edilib.

Hazırda həmin sürüşmə ərazisində gərginliyin qaldığını deyən Ə.Qaralov qeyd edib ki, aktivlik qalmaqdadır: “Yəni proses tam başa çatmayıb. Son günlər ərzində yağac yağışlarla əlaqədar sürüşmə kütləsinin üzərində olan, asılı vəziyyətdə qalan torpaq kütlələrində uçqunlar, tökülmələr baş verir”.

Ə.Qaralov hazırda sürüşmə ərazisində nazirliyin mütəxəssisləri tərəfindən geoloji araşdırmaların aparıldığını söyləyib.

Xatırladaq ki, Səbail rayonu, Badamdar qəsəbəsində, Badamdar şossesi ərazisində torpaq qatı yenidən sürüşüb. Torpaq sürüşməsinin eni 80, uzunluğu isə təxminən 100 metri əhatə edib. Hadisə nəticəsində Badamdar qəsəbəsindən “20-ci sahə” istiqamətində yol bağlanıb. Ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.

Facebook Comments