Ermənistanın qarşı çıxdığı qətnaməni BMT Baş Assambleyası təsdiq edib

Dekabrın 18-də BMT Baş Assambleyası özünün plenar iclasında “Xüsusi komitənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təşkilatın rolunun gücləndirilməsinə dair məruzəsi” adlı qətnaməni təsdiq edib.

Sozcu.az xəbər verir ki, Xüsusi Komitə Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin məruzədə Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ərazisi olmasını təsdiq edib. Məruzədə daha sonra dövlətlərin güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinmək öhdəliyi xatırlanır, dövlət suverenliyinin, ərazi bütövlüyünün və başqa dövlətlərin daxili işlərinə qarışmamağın əhəmiyyəti qeyd edilir.

Ermənistan nümayəndə heyəti Xüsusi Komitənin məruzəsindən onun qane etməyən ifadənin çıxarılması və daha sonra üzv dövlətləri artıq Baş Assambleya qətnaməsinin mətninə dəyişikliklər etmək cəhdləri nəticə verməyib.

Müzakirələrin gedişində heç bir ölkə Ermənistanın təklifini dəstəkləməyib, Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamə isə BMT üzvü olan bütün dövlətlər tərəfindən, Ermənistan nümayəndə heyəti istisna olmaqla, təsdiq edilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar işğalçı erməni qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca digər qətnamə qəbul edilib.

Facebook Comments