Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı – Ağdamlı ailənin bomba “sevinci”…

Ağdam rayonu Təzəkənd kənd sakini Zərnigar Baxşəliyevanın Moderator.Az-a müsahibəsini təqdim edirik.

– Zərnigar xanım, Ağdamın Təzəkənd kəndində yaşayırsız. 27 sentyabrdan bu günə qədər eviniz çox ziyan çəkib?

– Nəinki 27 sentyabr, cəbhə bölgəsində yaşadığımız üçün hər zaman mənfur düşməndən ziyan çəkmişik. Siz bilirsiz ki, Təzəkənd kəndinin ərazisi cəbhə bölgəsi sayılır, düşmənin davamlı atəşi nəticəsində evimiz dağılıb, əkin sahələrimiz məhv olub. Bundan başqa həyat yoldaşımın kənddə dəri zavodu fəaliyyət göstərirdi, özümüzə kiçik biznes qurub, çörək qazanırdıq. Müharibə başlayanda onu da vurub partlatdılar.

– Zərnigar xanım, mənfur düşmənin atəşi sizə sevinc də bəxş edib. İstərdim bu haqda daha ətraflı danışasınız.

– 27 sentyabr səhər saat 7 idi. Yuxudan durdum ki, toyuq-cücəni yemləyim, inəyi sağım. Çölə çıxanda gördüm ki, ermənilər kəndi bombalayır. Göy üzü qırmızı rəngə boyanmışdı. Mənim 22 yaşında anadangəlmə eşitmə və nitq qüsurlu oğlum var. O da mənimlə birlikdə həyətə çıxmışdı. 22 ildir ki, o heç nə danışmırdı.. Bir də gördüm ki, deyir: “ana, atdılar”. Uşaq qorxusundan dil açıb danışdı..

– O an bir ana kimi nə kimi hisslər keçirdiniz?

– 22 ildir ki, oğlumun dilindən bir kəlmə də söz eşitmirdim, onu eşitdim. O elə hisslərdir ki, təsəvvür etmək mümkün deyil. Hər şey bir anlıq yadımdan çıxdı. Sevincimin həddi-hüdüdu yox idi. Dedim ki, şükür sənə, Allah!

– Daha sonra nəsə bir söz dedi?

– Xeyr, elə o an danışdı. Sonra pis anlar yaşadı.. Halı dəyişdi..

– Həkimə müraciət etmişdinizmi?

– Bəli, müraciət etmişdim. Onlar oğlumun danışmasının mümkün olmadığı demişdilər. Çünki o anadangəlmə nitq qüsurludur. Bundan əvvəl də həkimə müraciət etmişdim.

– İllərdir güllənin səs-küyündə yaşamaq sizi qorxutmur ki?

– Xeyr, qətiyyən qorxutmur. Evimizdən, yurdumuzdan çıxan deyilik. Ordumuzun, prezidentimizin arxasında dağ kimi dayanmışıq. Onlar bizdən qorxsunlar.

Facebook Comments