Erməni rəsmilərin qəfil Qarabağ səfəri: nə müzakirə edilir?

Son zamanlar Ermənistan ordusunda gənc əsgərlərlə köhnə əsgərlər arasında ziddiyyətlərin dərinləşməsi ölüm hallarının artmasına səbəb olur və bu da Qarabağın separatçı qurumunda nizam-intizamın olmadığını göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş Qərargah rəisinin və Ermənistan XİN-in Qarabağa səfərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyanın Qarabağa səfəri həm işğalçı Ermənistan ordusunun vəziyyətinə baxmaq, həm də Ordumuzun hazırlığını müzakirə etməklə əlaqədardır:

“Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun ciddi hazırlığını görür və başa düşür ki, Ordumuz qısa müddətdə öz ərazi bütövlüyünü təmin edəcək. Bu səbəbdən Baş Qərargah rəisi vəziyyəti öyrənmək və Azərbaycan tərəfinin döyüş hazırlığını müzakirə etmək üçün işğal altında olan torpaqlara səfər edir. Ermənistan tərəfi işğalçı olduğunu anlayır və yaxşı başa düşür ki, etdikləri təxribatlar qarşısında Ordumuz tərəfindən ciddi zərbələr ala bilər”.

Politoloq Ermənistan XİN-in “İrəvan Qarabağ məsələsində birtərəfli kompromislərə getməyəcək” sözlərinə də münasibət bildirib:

“Ermənistanın işğalçı olduğunu sübut edən BMT-nin 4 qətnaməsi mövcuddur. Bu qətnamələrin hamısı Ermənistanı işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmağa, bölgədə sülhü bərpa etməyə çağırır. Ermənistan xarici işlər naziri isə BMT-nin qətnamələrinə əhəmiyyət vermədən danışıqları uzatmağa çalışır. Amma Ermənistan rəhbərliyi başa düşmür ki, münaqişənin sülh yolu ilə həlli onlara ən çox ehtiyac duyduqları regional əməkdaşlıq imkanları yaradar və iqtisadiyyatını inkişaf etdirə bilər. Əgər insan öz ölkəsini inkişaf etdirmək, xoşbəxt, firavan görmək istəyirsə, işğalçılıq siyasətindən əl çəkməlidir. Əks halda bu, Ermənistanın sonu ola bilər. Bunun üçün Azərbaycan bütün variantlara hazırdır. Əgər söhbət güzəştlərdən gedirsə, torpaqları işğal altında qalan Azərbaycanın danışıqlarda iştirakı onlara ən böyük güzəştdir”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Qarabağa səfər edib. Məlumata görə, bu gün Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da Qarabağa gələcək.

Sozcu.az

Facebook Comments