“Ermənistan yenə də öz sözünün üstündə durmur” MÖVQE

“Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımların və ya görüşlər əsnasında əldə olunmuş razılıqların yerinə yetirilməsinə məcburiyyət var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib

O bildirib ki, Vyana görüşü sonrası proseslər isə hələ kifayət qədər aydın deyil: “Əslində biz gözləyirdik ki, sonuncu görüşlərin birində tərəflər bu və ya digər şəkildə xalqların sülhə hazırlanması ilə bağlı prosesi açıq şəkildə müzakirə etsinlər. Lakin bu belə olmadı. Çünki Ermənistan tərəfi görüşdən çox öncə bəyanatlarla çıxış etməyə başlamışdı ki, onlar hücum strategiyasını hazırlayır, hətta Azərbaycana bir qarış torpaq belə geri qaytarmaq niyyətində deyillər. Belə vəziyyətdə xalqların sülhə hazırlanması ilə bağlı nəticə əldə etmək və yaxud yeni nəsə gözləmək düzgün olmazdı”.

Politoloq söyləyib ki, Vyana görüşündə xalqların sülhə hazırlanması ilə bağlı humanitar aksiyalar keçirilməsi, xoşməramlı addımlar atılması məsələləri gündəmə gəlsə də, görüşdən sonra Ermənistan tərəfi yenə də ziddiyyətli fikirləri ortalığa atmağa başladı: “Yenə də müharibə ehtimalından danışırlar. Əgər bu ritorika davam etsə və yeni xoşməramlı addımlar atılmasa, onda Vyana görüşü də danışıqlar prosesi tarixində nəticəsiz görüş kimi qalacaq. Azərbaycan tərəfi xoşməramlı addım deyəndə, ilk olaraq, girovların azad edilməsini nəzərdə tutur. Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə demişdi ki, biz əsirlərin hamının-hamıya prinsipi əsasında girovların geri qaytarılmasına razıdır. Görüşdən əvvəl isə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan tərəfi də bu prinsiplə razıdır. Əgər doğrudan da, Ermənistan tərəfi buna razıdırsa, biz gözləyirik ki, ən azı sonradan əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı konkret addımlar atılsın. Əgər bu da olmasa, deməli, Ermənistan yenə də öz sözünün üstündə durmur və hadisələr müharibəyə doğru aparır ”.