Elvin İsayev Azərbaycana deportasiya olunur – Məhkəmə qərar verdi

Sankt-Peterburqun Dzerjin Rayon Məhkəməsi blogger Elvin İsayevin Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb.
Sozcu.az Fontanka.ru-ya istinadən xəbər verir ki, məhkəmə polisin dəlillərini əsaslı hesab edib. Elvin İsayev Rusiyada qalma rejimini pozmaqda təqsirli bilinib. Hazırda o, əcnəbilər üçün təcridxanaya yerləşdirilib.

Amma Elvin İsayev özü iddia edir ki, Rusiya vətəndaşlığı var və pasportunu hələ 2001-ci ildə Şimali Osetiyada alıb. Polis isə məhkəməyə Azərbaycan baş konsulluğunun 2015-ci il tarixli Elvin İsayevin Rusiya vətəndaşlığı olmaması barədə arayışını təqdim edib.

Elvin İsayevin vəkili bildirib ki, müdafiə etdiyi şəxs Azərbaycan pasportundan 18 yaşında imtina edib və qanuni şəkildə Rusiya vətəndaşlığı alıb: “DİN-in məlumatlar bazasına əsasən, Elvin İsayev həqiqətən 2001-ci ildə vətəndaşlıq alıb, 2014-cü ildə “yenisi ilə dəyişdirilmiş” pasportu isə etibarlıdır”.

Elvin İsayev xatırladıb ki, onun iki azyaşlı uşağı, həyat yoldaşı, anası və qardaşları Peterburqda yaşayır, Azərbaycanda isə qalacaq yeri yoxdur. “Fontanka”nın məlumatına görə, bloqerin çoxsaylı qohumları Peterburqda qanuni şəkildə, əllərində Rusiya sənədləri ilə yaşayırlar. Bu zaman Elvin İsayev müntəzəm olaraq vətənində olur, dörd il ərzində o, demək olar ki, iki ayda bir Bakıya və Lənkərana səfər edib.

Xatırladaq ki, Elvin İsayev “Youtube” sosial şəbəkəsində Azərbaycan hakimiyyətinin ünvanına kəskin ifadələr işlədirdi.

Facebook Comments