ƏlVİDA, AKİF ƏlİZADƏ, ƏLVİDA!!!!

Yasəmən Qaraqoyunlu

Əziz dostlar 3, 4 illik mübarizədən sonra(əslində isə 19 ildən sonra )AMEA rəhbərliyi mənə sökülməsi nəzərdə tutulmuş, yararlılıq vaxtı bitmiş aspirantlar yataqxanasından insanın yaşaması mümkün olmayan bir otaq vermişdi. Otağın şəkillərini yaymışdım. Bundan çox utandılar və bir neçə aydan sonra otağı təmir etmək haqqında qərar çıxartdılar. Kiçik bir otağın təmiri 6, 7 ay sürdü. Dediklərinə görə guya bu otağın təmirinə 3 min manat pul xərcləyiblər. Di gəl ki, təmirdən sonra bəlli oldu ki, nə hamam var, nə də tualet. Və AMEA nın şanlı rəhbərliyi deyir ki, bizim hamam tualet quraşdırmağa pulumuz yoxdur.
Bilirsinizmi bunları niyə yazıram. Ona görə ki, 26 ildir bunlar ölkəni bax belə yar yarımçıq idarə etmişlər.

AMEA Aspirantlar Yataqxanasına deyilənə görə 23 ailə 13 magistr növbəyə durub və mənə deyirlər ki çox səs küy salma yoxsa o otağı da əlindən alarıq. Onsuz da növbəyə duran çoxdur. Və mənə qeyri rəsmi təklif edirlər ki get bankdan kredit götür otaqda hamam tualet quraşdır.

Bax belə. Bütün bu rəzalət Akif Əlizadənin adına yazıldı. Bir akademikin şəxsiyyəti nə qədər aşağı ola ki, dövıət malını oğurlaya, sata və yuxarılarla paylaşa. AMEA nın bu miskin yataqxanasında yaşayan alimlər nə cəmiyyətə lazımdır, nə dövlətə. Onlar tərkedilmişlərdir.

AMEA -nın bu miskin yataqxanası Heydər Əliyevin, İlham Əliyevin dövlətçilik fəlsəfəsinin güzgüsü, şahidi və bir parçasıdır. Heydərizmin nə olduğunu bilmək üçün bu yataqxanaya baxın, içəri girin, koridorlarını gəzin, pilləkənlərini, qapılarını gözdən keçirin. Mən bu yataqxanaya qədəm qoyduqda nə qədər alçaldıldığımı, şəxsiyyətimin nə qədər qırıldığını fərq etdim. Heydər Əliyev, Mehriban Əliyeva, İlham Əliyev, Leyla Əliyeva, Ramiz Mehdiyev, Əli Həsənov illərlə bizi pulsuzluqla, aclıqla, evsizliklə, yurdsuz yuvasızlıqla, işdən çıxarılma qorxusu ilə əzdi, yıpratdı. Bütün bunlara etiraz edərkən dəfələrlə ya sus, ya çıx get dedilər. Siyasətlə məşğul olub dövlətçilik əleyhinə təbliğat aparır dedilər. Bütün bu illərdə dərk etdim ki, bu hökümətə xaraktersiz, fikirsiz, mövqesiz, yaltaq, qorxaq alim tipi lazımmış. Ən əsası isə odur ki, bi hökümət siyasətlə məşğul olan alimdən qorxur və iddia edir ki, elmlə məşğul olan adam siyasətlə məşğul ola bilməz, sitasi fikri, mövqeyi, arzusu ola bilməz və bacardıqca, ucdantutma əksəriyyət YAP çı olmalıdır. YAP çı olan onlardandır, olmayanlar isə əlbəttə ki, ötəkiləştirilir. Mən fəlsəfə doktorlarının YAP ın iclasına necə şövqlə getdiyini görəndə sarsılmışam. İlahi, mən heç Azərbaycana sığmıram, bunlar YAP ın içinə necə sığışa bilirlər. Filosof heç zamana sığmır bunlar Heydərizmə necə sığırlar. Haydeqqer Hitlerdən üz döndərdi Mən isə heç zaman Heydərizmlə barışmadım və Heydər Əliyev Azərbaycanında , böyük Həbsxanada özümü onlardan təcrid etməklə yaşadım, yaşamadım, sadəcə mövcud oldum.

Fəlsəfənin, filosofların göydəki Allahı belə sorğuladığı bir çağda, bunlar yerdə necə Allahlar, bütlər yaradırlar. Çox təəccüblüdür. Mən yerdə Allah yaradan filosoflara hayqırıram ki, Dövlət anlayışı prezidentin şəxsiyyətində yox, vətəndaşın şəxsiyyətində formalaşdırıldıqda sizin yerdəki Allahlarınız öləcəkdir. Vətəndaşı allahlaşdır, prezidenti yox ey filosof həmkarlarım….Bax onda sənin bilgi səviyyən və əxlaqın haqqında danışmaq olar. Makiavellist filosofu olan Millət ölmüşdür. Filosofu Haqq olan millət diridir. Təkcə alim olma, Haqq ol, Haqq aşiqi ol!

Nə qədər dəhşətlidir ki, Fəlsəfə professoru və elmlər doktorları YAP da Yasamal rayon şöbəsində Çovdarova 3 milyon rüşvət vermiş Tağı Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Nə qədər dəhşətlidir ki, filosof YAP ın üzvü olur…İdeoloqu olur. Heç olmasa YAP ı dəyişdirin daha insancıl daha demokratik bir quruma çevirin. Bunu etdinizmi? Heydərizmin təntənəsinə xidmət edən fəlsəfə doktorlarını əsla və əsla filosof hesab etmirəm. Filosof olmaq təkcə bilgili olmaq, doktorluq müdafiə etmək, Diplom almaq demək deyil. Filosof imanlı olmaqdır. Haqqın yanında durmaqdır, Haqq olmaqdır.

Mən YAP ın qanadları altında gizlənib əslində bu dövlətə və Türk Milltinə düşmən olan nə qədər riyakar filosoflar, alimlər gördüm. Alim imansız olarsa Şərə, Şeytana xidmət edər. Uca Tanrım dövlətimizi bu riyakar alimlərdən qorusun. Nə isə qayıdaq yataxana söhbətinə…

Bu yataqxana İlham Əliyev hökümətinin Azərbaycan aliminə, ziyalısına veridiyi dəyərin göstəricisidir. Bu yataqxana Azərbaycan ziyalısının üz qarasıdır. Şərəf ölçüsüdür.
Bu miskin yataqxana Azərbaycanın simgəsidir. Çox yorulmuşam…

Mən bu yataqxanada, bu Heydər Əliyev Azərbaycanında yaşamağı əsla qəbul etmərəm. Mən Azərbaycanı dəyişdirəcəm. Mən Heydər Əliyevsiz, İlham Əliyevsiz Azərbaycan quruculuğunun tərəfdarıyam.