Elman Nəsirov: “Məntəqələrin hər birində şəffaf seçki prosesi keçirildi”

Altı siyasi təşkilat, ADP, Ümid, Ağ Partiya, Müsavat, VİP, Böyük Azərbaycan Partiyası seçkilırin nəticələrinin ləğv olunması ilə bağlı Bəyənat imzalayıb.

Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Nəsirov müxalif tərəfin iddialarına səbəb kimi onların sosial bazalarının olmadığını göstərib: “Məğlublar öz məğlubiyyətlərinin səbəbini araşdırarkən heç vaxt özlərində günah görmürlər. Onlar çalışırlar ki, başqalarında günah axtarsınlar. Şəxsən mənim Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədliyim sürülmüşdü. Həmin əraziyə 34 seçki məntəqəsi daxil idi. İnanın ki, o məntəqələrin hər birində tam demokratik, şəffaf seçki prosesi keçirildi. Hətta hava soyuq olsa da səsverməyə maraq azalmırdı. Kişilər öz növbələrini qadınlara verirdi ki, hava soyuqdur. Müxalifət ona görə narahatdır və narazıdır ki, onların sosial bazası yoxdur. Seçki prosesində istədikləri səsi ala bilməyəndə də seçkinin nəticələrini saxta adlandırdılar”.

E.Nəsirov müxalif partiyaların platformasının xalq tərəfindən qəbul olunmadığını da deyib: “Xalq Yeni Azərbaycan Hakimiyyəti Partiyasının fəaliyyəti illərində ölkənin necə dəyişdiyinin, inkişafının şahididir. Bütün bunlar da hakim partiyanın namizədlərinə səs verməyə imkan yaradır. Müxalifət partiyalarının uduzmasının da səbəbi budur, onların platforması xalq üçün cəlbedici deyil. Müxalifətin hakimiyyətdə olduğu illəri xalq xaos, anarxiya illəri kimi xatırlayır. Həmin partiyalardan olan namizədlərə niyə səs verilsin ki? Bütün bu səbəblər YAP-ın qələbəsini real edir və prezidentin siyasətinə verilən qiymətdir”.

Facebook Comments