Elinanın valideynləri 100 min manat tələb edir-TƏHSİL NAZİRLİYİNDƏN…

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb. 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi keçirilib.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib.
Mərhum Elinanın ailəsinin nümayəndələri vəsatət verərək cinayət işinin ibtidai ostintaqa qaytarılmasını istəyib, səbəb kimi qanun pozuntuları olduğu göstəriblər. Onlar bildiriblər ki, istintaq orqanı Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparmayıb. Məhkəmə vəsatəti təmin etməyib.
Zərərçəkən tərəf yenə də direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun həbs edilməsini istəyiblər. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edib.
Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.
Xatırladaq ki, məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.(musavat)