“Elə məmurlar var ki, onların ünvanına deyilən sözün birini normal insan qəbul edə bilməz”

“Elə nadan məmurlarımız var ki, onların ünvanına deyilən sözün birini normal insan qəbul edə bilməz…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov koronavirus epidemiyasına görə evdə qaldığını bildirib.

O, Moderator.az-a açıqlamasında bu çətin şəraitdən uğurla çıxacağımıza ümid etdiyini deyib:

“Ev şəraitində oturmuşam və bu dəhşətli vəziyyəti yola veririk. Dükana girmişdim gördüm ki, bir cavan oğlan yaxası-başı açıq, siqaret çəkə-çəkə insanlara ərzaq satır. Mən də ona iradımı bildirib dedim ki, səni bura işə qoyan da, sən də qələt edirsən. İnsanlarımızın koronavirusun təhlükəsindən xəbəri yoxdur, sanki televiziyaya baxmırlar”.

Xalq artisti deyib ki, bir çox nadan məmurlar bu təhlükəli vəziyyətdən çətin nəticə çıxaralar:

“Dünyada ən böyük günah nadanlıqdır. Nadan adamın dövlətlisi-kasıbı, vəzifəlisi-vəzifəsizi yoxdur. Nadan elə nadandır. Əgər bir adam nadandırsa, demək o, real təhlükədir. Kasıb adamın nadan olması o qədər də qorxulu deyil, amma vəzifəsi, pulu olan adamın nadan olması dövlətin də, xalqın da bir nömrəli təhlükəsi və düşmənidir. Bu adamlar dünyada baş verənlərdən çətin ki, nəticə çıxarsınlar. Azərbaycanda elə məmurlar var ki, onların ünvanına deyilən sözün birini normal insan qəbul edə bilməz, kim olsa, ərizəsini yazıb işdən çıxar, ya da tövbə edib haqqın yoluna qayıdar. Bu adamların isə heç veclərinə deyil, axşama kimi övladları, ailələri haqqında nə qalmır danışırlar. Amma yaxşı məmurlarımız da var. Bu gün onun şahidi olduq ki, polislərimiz və həkimlərimiz çox yüksək səviyyədə xidmət göstərir. İnsanları kornavirus bəlasından qorumaq üçün əllərindən gələni əsirgəmirlər. Allah xalqımızı qorusun”.

Sozcu.az

Facebook Comments