Eldar Sabiroğlu Sirus Təbrizlidən yazdı

7 sentyabr 2013 -cü il. Sirusun son günü. Buzlu, şaxtalı havada idman edən, qış aylarında qar üzərində uzanıb sağlamlığını bərkidən bu adamın ölüm xəbərinə əvvəlcə inana bilmədim. Qan -damar xəstəliyi Sirusun ürəyini qəfildən dayandımışdı. Allahın işidi…

Nabranda istirahət edirmiş. Ancaq bir şey var ki, bu cür idmanla məşğul olan adamın ürəyi axı möhkəm olur. Təbrizli Sirusun ailəcanlılığını bildiyimdən, istirahətə təkbaşına getməsinə təəccübləndim. Yay aylarında Zağulbadakı hökumət bağında qonşuluqda yaşadığımızdan, onun ailəyə necə bağlı olduğuna bələd idim. Bir də görürdüm ki, qonşunun səsi gəlmir. Nərd-şahmat oyunları üçün bağda ayrılmış guşəyə hər axşam yığışarkən gözə dəyməyən “sakinlər” haqda soraqlaşardıq. Ən çox “intizamsızlıq” edən Sirus idi. Dostlardan öyrənirdim ki, qonşum ailəsini də götürüb Azərbaycanın hansısa mənzərəli yerlərindən birinə gedib. Bu dəfə tək getmişdi… Nə isə!!!

YAP-ın “birləşdirici” keyfiyyətindən çox adamın indinin özündə belə ətraflı məlumatı yoxdur. Bəli, az-az adam tapılardı kı, bir-biri ilə yola gedə bilsin. Üzə vurulmasa da daxildə bir etiraz, inciklik vardı. Görüşəndə bir-birimizin üzünə gülərdik. Bu gülüşlərdəki səmimiyyətin hansı dozada olduğunu isə hər kəs özlüyündə gözəl bilirdi…

Bizim Sirusla münasibətlərimizin daha kəskin həddə çatdığı günlər olub. Hətta bir-birimizlə danışmamışıq da. Lakin bu, yalnız ikimizə aid olub, ümumi qunşuluq münasibətlərini ailələrimiz həmişə diri saxlayıb və bu əlaqələr Sirusla aramızda olan küsülülüyü bir mənada yuyub aparırdı… İbrət götürüləsi başqa bir cəhət bu idi ki, ailə başçısı olaraq bu ünsiyyətə maneçilik yaratmırdıq…

Nə isə ki, istirahətə tək gedən Təbrizli tək də Nabrandan geri qayıdıb, Qurd Qapısındakı məzarlıqda torpağa tapşırıldı… Beləliklə, YAP-ı SQP ilə əvəzləyən Sirusun qaya dibindən axan çaya bənzər gurultulu səsi bir daha eşidilmədi.

Bəzi ağzı “mübarəklərdən” fərqli olaraq mənim Sirus Təbrizli ilə ağır münasibətlərimə onun YAP-dakı müəyyən yanaşmalarına açıq tənqidi yazılarım səbəb olub. Amma Sirusun əlinə su tökməyə belə yaramayan, “fiqurlar” arxada asıb- kəsirdilər…

Heç şübhəsiz, onun düşündüyünü istismar etmək çətin idi. YAP-ın yaradılmasında xüsusi əməyi olan Təbrizlini ağlı beş qəpiyə dəyməyən Mərkəzi Aparatdakı bəzi “sədaqət simvolları”, təəssüf ki, onu görmək belə istəmirdilər…

Biz zaman gəldi ki, Sirus partiyanın iclas və tədbirlərində iştirakdan imtina etdi. Daha kəskin tənqidi çıxışlara da elə həmin zamanlardan başlayan Təbrizli partiyadan xaric edildi. YAP-ın nizam-tərəzisinin pozulmasında xüsusi marağı olan PA-dakı qoca nəhayət ki, öz əzəli məqsədinə çatdı. Ümumiyyətlə, YAP-da ona təzim etməyəni yaxın buraxmır və partiyadakı dəstəsinin gücü ilə həmin şəxsi əvvəl-axır sıradan çıxarırdı. Qoca olduqca təhlükəli, dağıdıcı, onunla hesablaşmayanı baltalamaqdan çəkinməyən zalimin birisidir. Təbrizli onun qaniçənliyini yaxşı bildiyindən, axıradək qoca ilə düz gətirmədi. Vuruşdu, sonda özü ondan qabaq öldü(???)

Sadə bir müqayisə kifayətdir ki, qocanı tanımaq mümkün olsun. Saysız – hesabsız Heydər Əliyevçi kimi sıradan çıxarılmış adamların aqibətinə baxdıqdan sonra dönüb qocanın gizli və acıq dəstək verdiyi komanda heyətinə nəzər yetirin. Yerindən biri də tərpənməyib. Sirus Təbrizlini hakimiyyətdən və YAP-dan narazı salan başlıca səbəb və bağışlamadığı siyasi motiv bundan ibarət idi.

Biz barışdıqdan sonra tez-tez gorüşüb dərdləşərdik. Bu barışığa səbəb də Heydər Əliyevlə əlaqədar bir məqaləm olmuşdu. Səhv etmirəmsə, 2004-cü il idi. “Yeni Azərbaycan” qəzetində Heydər Əliyevlə bağlı ” O, yalnız öz saatındakı zamana inanırdı” başlığı ilə dərc olunmuş bir səhifəlik yazımdan sonra barışdıq. Cəlal Əliyevin həyat yoldaşının Yeni Yasamal məzarlığında dəfni zamanı S. Təbrizli uca səslə mənə yaxınlaşıb barışdığını bildirdi. Məqaləm ona təsir etmişdi. Bu hadisə ikimizin də çıxdaş olunduğu dövrə təsadüf edirdi. Buna baxmayaraq, o anlardaca ölməyən duyğu və hisslərin öz gücünü itirmədiyinə inandıq. Sirusun səmimiyyəti məhz o zamanlardan məni valeh etdi. Tez-tez onu anıram. Niyə tələsdi?! Niyə!?

Bilmədim bu yazı üçün mən niyə tələsdim?! Axı bizdən ayrıdığı günə hələ var idi…

Eldar Sabiroğlu

Facebook Comments