Eldar Sabiroğlu Elvin İsayev üçün prezidentə xahiş etdi

Eldar Sabiroğlu

PREZİDENTDƏN XAHİŞ EDİRƏM…

Elvin İsayevi müdafiə komitələri sıraya düzülüb və bu mübarək komitələr söyüş komutanı kimi ad çıxarmış Elvinin təcili azadlığa buraxılmasını tələb edirlər. Mən də həmin komitələrə qoşulub onun buraxılmasını istəyirəm. Lakin burda bir əmma var ki, heç bir halda ondan yan keçə bimərəm. Bu cür tərbiyəsizliyə imza atanı demokratiyanın, söz azadlığının pərdəsi altında müdafiə edənlər, Elvinin dostları, yaxınları və doğmaları gərək ki, zamanında öz tövsiyyələrini, məsləhətlərini verib onu düzgün, tərbiyəli mübarizə yoluna dəvət edəydilər. Ancaq hər söyüşünə alqış deyib onun evini yıxdılar. Onu bu axmaq əməllərdən çəkindirib hakimiyyətə qarşı sivil mübarizəyə cəlb etmək daha gözəl olmazdımı? Olardı. Lakin söyüşlərindən xüsusi zövq, xüsusi ləzzət alanlar vardı. Onlar üçün isə bu, lazım idi…

Elvin üçün bəli çətin olacaq. Onun ocağını külə döndərənləri, işığını söndürənləri onu tərifləyənlərin arasında axtarmaq lazımdır. Yadıma bu məqamda rəhmətlik baş redaktorum Cahangir müəllimin mənə dediyi bu sözlər düşdü:” Oğlum, bacar həmişə səni tərifləyən yanında yox, ağladan yanında otur.” Üzərindən 35 il ötüb və müdrikcəsinə mənə edilən bu tövsiyyəni unutmuram. Elvini tərifləyə-tərifləyə “öldürdülər.”

Elə zənn etməyin ki, özünü Azərbaycanın qabaqcıl və ya qeyri-qabaqcıl siyasi müxalifəti hesab edən, vaxtı ilə Elvinin onların özlərini də biabırçı söyüşlərə qərq etməsinə baxmayaraq indi onun azadlığa buraxılmasını istəyənlərə pis baxıram? Qətiyyən yox! Əgər bir taledən söhbət açırıqsa, burada qəddar, baş kəsən ola bilmərik. Bu humanistlik, bu insanpərvərlik hiss və duyğular gərək ki, zamanında nümayiş etdirilib Elvini tutduğu iyrənc yoldan çəkindirməyə xidmət etməli idi… Əvəzində nələr oldu?! Gizli və ya açıq haqq qazandırırdıq.

Söyüş və təhqirlə, bütövlükdə ailələri bu baxımdan təhdid altında saxlamaqla əxlaqlı siyasi mübarizə bir araya sığmır. Kim bunu edirsə, düşünməsin ki, qalibdir. Xeyr, bu cür adamlar və onlara müəllimlik edənlər heç bir zaman cəmiyyət içərisində hansısa hörmət və nüfuza sahib dura bilməzlər.

Ölkədə söyüşə yol açanlardan biri də yaxın günlərədək Prezidentin köməkçisi olmuş Əli Həsənovun adı ilə bağlıdır. Söyüşün ilk təşəbbüsçülərindən olan bu yaramazın əvəzinə hökumət adamları və onların ailə üzvləri təhqirin hədəfində dayanıblar. Sifətcə də oxşarlığı olan Elvin “əkiz qardaşı” Əli Həsənov barədə bircə kəlmə söyüşü belə dilinə gətirməyib.

Cənab İlham Əliyevdən bir xahişim olacaq. Prezidentə bu addımı atmasını arzu edərdim. Günün birində məhkəmə hökmündən sonra həbsxanaya gedib Elvinlə görüşər, niyə belə tərbiyəsiz yola qədəm qoymasının səbəblərini soruşar və bir böyük kimi oz məsləhətlərini verərək Elvinin əllərindən tutub həbsxanadan azadlığa çıxarardı. Zənnimcə, bu hal həm Elvin, həm də əxlaqdan kəm-kəsiri olan digər səviyyəsizlər üçün ölüm hökmünün oxunması demək olardı.

Tarixdə bu və buna bənzər hadisələr baş verib. Yaxın keçmişimizdə bir dəliqanlı türkün Roma Papasını qətlə yetirmək üçün ona atəş açmasını bəşəriyyət unutmayıb. Papa ağır yaralansa da, həyata vida etmədi. Sonra Roma Papası həbsxanaya gedərək onunla dizbədiz oturub söhbət edir və nəhayət, qatilinin əllərindən tutaraq, özü ilə bərabər qaranlıq dünyadan işıqlığa çıxarır…

Facebook Comments