Eldar Sabiroğlu Asif Yusiflinin qızı ilə bağlı Oqtay Şirəliyevə müraciət etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlu siyasi məhbus, Qarabağ qazisi, Asif Yusiflinin həyatı təhlükədə olan qızı, 21 yaşlı Esmira Yusifova ilə bağlı Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

Sozcu.az həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə

Hörmətli nazir!

Sizi nə özüm, nə də hansısa qohumum haqda narahat etmirəm. Müraciətim həyatda heç bir dəfə olsun rastlaşmadığım, tanımadığım müxalifətçi, Qarabağ qazisi Asif Yusiflinin şəkər xəstəliyindən komaya düşən qızı barədədir. Ata həbsxanadadır. Sosial şəbəkələrdə xəstə qızın dünəndən şəhərdə xəstəxana qapılarında hansı məhrumiyyətlərdən keçirildiyini oxuduqca adamı dəhşət bürüyür. Pul istəyirlər, pul da olmadığından xəstəxanalar qəbul etmirlər. Belə yad münasibət başucalığı gətirmir.

Sizə ürək ağrısı ilə müraciət edərək bu çarəsiz ailəyə kömək etmənizi xahiş edirəm.
Birinci-vitse prezident Mehriban xanım Əliyevanın xeyirxah nümunəsi göz önündədədir…

Hörmətlə Eldar Sabiroğlu.

Xatırladaq ki,Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb.

Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər.

Daha sonra onun Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər.