Elçibəyin icra başçısından Qubad İbadoğluna cavab

Bəybala Əbil
AXC Hakimiyyəti zamanı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Ailə hakimiyyətinin böhran vəziyyəti pik nöqtəsinə yaxınlaşdıqca daxildə və xaricdə maraqlı qüvvələr qaranlıqdan üzə çıxmağa başlayır. Maraqlıdırki üzə çıxan bu qüvvələrin çoxunun birbaşa və dolayısı hədəfində hərbi qiyamla hakimiyyəti ələ keçirərək 27 ildir ölkəni fəlakətlərə sürükləyən rejim deyil (baxmayaraqki bu rejim həmin qüvvələrin əksəriyyətini cəzalandırıb), əksinə, müstəqil dövlətimizi bərpa edərək hüquqi dövlətin, demokratik və ədalətli cəmiyyətin qurulması üçün ciddi islahatlar aparan, əhəmiyyətli dərəcədə torpaqlarımızı düşmən təcavüzündən azad edən bir illik Elçibəy hakimiyyətidir.

Birbaşa Rusiyanın, İranın və digər dövlətlərin nəzarətində olan qüvvələrin və milli dövlətçilik maraqlarından uzaq olan cinayətkar qrupların bu cür fəaliyyətləri başa düşüləndir. Başa düşülməyən milli demokratik düşərgənin dağınıq olduğu bir zamanda bu düşərgədə hesab edilən bəzi qüvvələrin heç bir fakta, məntiqə və araşdırmaya əsaslanmadan bir illik Elçibəy hökümətinə böhtan atmasıdır.

Dostlardan birinin mənə göndərdiyi – “1992-93-cü illə hakimiyyətinin süqutunda icra hakimiyyəti başçılarının misilsiz xidməti olub. Bir çox rayonlarda məhz onların səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində xalqın Elçibəy hakimiyyətinə etimadı azaltdı və milli demokratik qüvvələrin xalq arasında dayağı sürətlə sarsıldı.”- cümləsinin ADR hərəkatının sədri Qubad Ibadoğlu statusundan götürüldüyünə inanmadım. Sonra baxdım və gördümki, bu sözlər Qubad bəyin statusunun (25.05.2019) ilk cümlələrindəndir. Doğrusu bu statusun korrupsiyanı idarəetmə prinsipinə çevirən hakimiyyətin axır vaxtlarada korrupsiyaya görə bir neçə rayon icra hakimiyyəti başçısını, yüksək çinli məmurları həbs etdiyi və onların kabinet və evlərindən çıxan milyonlarla valyutaların nümayiş etdirildiyi bir zamanda yazılması məni çox təəccübləndirdi.

Doğrusu Əliyevlərin həbs edilən icra başçılarının zəbt etdiyi gündəmi dəyişmək istəməsəmdə Qubad bəyin Elçibəy “hakimiyyətinin süqutunda icra hakimiyyəti başçılarının misilsiz xidməti” olması kimi çox ağır ittihamlarına aydınlıq gətirməsini tələb edirəm.
Qubad bəy, ittiham etdiyiniz icra başçılarından bəziləri dünyalarını dəyişsələrdə əksəriyyəti yaşayır. Və bu adamların əksəriyyəti 1988-ci ildən başlanan xalq hərəkatının yetişdirdiyi və sonra yaranmış Azərbaycan Xalq Cəbhəsi rayon (şəhər ) şöbələrinin yaradıclarından və liderlərindən olmuş insanlardır. Bu adamların əksəriyyəti 1988-ci ildən bu günə kimi ağır represiyalar altında fəaliyyət göstərərək həyatlarını Azərbaycanın müstəqilliyinin bərpasına və ədalətli cəmiyyətin qurulmasına həsr etmişlər. Bu uzun illərdə təkcə özləri deyil ailə üzvləri və yaxınları daim ağır represiyalar altında yaşamışlar. Hətta bu gündə həbsdə olan, vətəndən uzaqda qaçqın həyatı yaşayanlar var. Qubad bəy uzun illər Musavat partiyasının rəhbər orqanlarında təmsil olunduğunuzdan AXC hakimiyyəti və bu hakimiyyətin hərbi qiyamla yıxılması haqqında kifayət qədər məlumata malik olduğunuzu hesab edirəm. Buna baxmayaraq bir hərəkat sədri kimi 4 iyunun ildönümünün yaxınlaşdığı bu günlərdə hərbi qiyamın təşkilatçılarını, icra edənləri ifşa etmək əvəzinə Elçibəy hakimiyyətinin süqutunda icra hakimiyyəti başçılarının “müsilsiz xidmətlərindən” danışırsınız. Dediyiniz ittihamları sübut etməlisiniz.

P.S.: Elçibəy hakimiyyəti başda Rusiya olmaqla xarici qüvvələrin emissarlarının Gəncədən başladığı hərbi qiyam nəticəsində devrilib. Elçibəy hakimiyyəti zamanı təyin edilmiş icra hakimiyyəti başçılarının fəaliyyət göstərdikləri heç bir rayonda (bütövlükdə ölkədə) sosial və ya hər hansı bir məsələ ilə bağlı heç bir kütləvi narazılıq (mitinq, …), ayaqlanma baş verməyib. Bu həmdə icra hakimiyyəti başçılarının fəaliyyətlərinin bariz nümunəsidir. Mən demək istəmirəmki, onların fəaliyyəti nöqsansız olub. Sözsüz nöqsanlarda olub və mən bilən həmin nöqsanlarda mərkəzi orqanlar tərəfindən araşdırılıb və qiymətləndirilib. Bütün hallarda Elçibəy hakimiyyətindəki icra başçılarının ən yarıtmazını nə onlardan qabaqkı nədə onlardan sonrakı (Əliyevlərin) icra başçıları ilə bir sıraya qoymaq və hətta müqayisə etmək olmaz!

Facebook Comments