Elçibəy İnstitunun açıqlaması

Elçibəy İnstitutu Azərbaycan ordusu və əsgərinin 44 günlük Vətən müharibəsində qazandığı hərbi qələbənin siyasi- diplomatik, beynəlxalq hüquq baxımdan  başa çatdırılması  üçün  xalqımızın,  cəmiyyətimizin ən sıx şəkildə   səfərbər olmasının, milli həmrəyliyin tələb olunduğu bir məqamda   dövlət başçısı  İ.Əliyevin öz ideoloji və siyasi opponentləri əleyhinə ən yeni tariximizi  saxtalaşdırma məzmununda  rəsmi göstərişlər vermə, Azərbaycanın müstəqilliyinin bərpası , totalitar kommunist rejiminə qarşı və demokratiya uğrunda xalq hərəkatının lideri  Elçibəyə, hərəkatın ümummilli  təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə və Musavata qarşı  dövlət ədəb, ərkanına, milli mənəvi dəyərlərə, tarixi faktlara  uyğun olmayan fikirlər səsləndirib, ittiham formasında daxili cəbhələşməyə səbəb olacaq  hərəkətlərinin ümumxalq və ümumdövlət maraq və mənafelərimiz baxımından   təhlükəli nəticələrinə diqqəti cəlb edərək bununla bağlı narahatlığını və etirazını ifadə edir.  Elçibəy İnstitutu Məsləhət Şurası üzvlərinin fərdi açıqlamalarındakı reaksiyalar ümumi mövqelər kimi qəbul edilməlidir.

İctimaiyyətin diqqətinə çatdırılır ki, Şuşanın işğalı ilə bağlı movcud iqtidarın hakimiyyəti dövründə bir necə il davam edən  çoxillik məhkəmə prosesi keçirilib  hökmlər çıxarılmışdır.  Əsas verən hər hansı hal olmadığından bu prosesə hətta şahid qismində belə AXC  mərkəzi və rayon təşkilatlarının rəhbərliyinə  daxil olan şəxslərdən heç kim  cəlb edilməmişdir. Həmçinin ibtidai və məhkəmə istintaqı gedişində  təhqiqatlar aparılmasına baxmayaraq, o vaxt müdafiə naziri vəzifəsində çalışan şəxsin də barəsində çıxarılan məhkəmə qətnaməsində  onun Şuşanın düşmənə təhvil verməsi məzmununda hökm yoxdur.  Əlavə olaraq bilinməlidir  ki,  həmin dövrdə Şuşanın müdafiəsinə  rəhbərlik edən   hərbçilərə  qarşı da Şuşanın düşmənə təhvil verilməsində hər hansı cinyət əməli istinad olunmamış, onlar hazırkı  iqtidar dövründə yüksək hərbi rütbələr alıb vəzifələr  tutmaqda davam edirlər. Yeri gəlmişkən o dövr  həmin şəxslərdən bəzilərinin dövlət   və Müdafiə Nazirliyi rəhbərliyi ilə razılaşdırmadan  Naxçıvan Ali Məclisi sədri H. Əliyevin yanına gedib gəlmələri  haqqında təkzib olunmayan faktlar səsləndirilmişdir.

Elçibəy İnstitutu diqqəti ona cəlb edir ki, siyasi və ümummilli məqsədəuyğunluq baxımdan aktual görünməyən, hətta iqtidarın və İlham Əliyevin siyasi maraqları baxımından mübahisəli olan bu hərəkətlərin cəmiyyətdə qarşudurma yaradıb  siyasi ədavəti, düşmənçiliyi qızışdıracağı, milli həmrəyliyi zədəyəcəyi və cəmiyyəti lüzumsuz diskussiylara cəlb edəcəyi aydın olduğu halda, bu addımlara gedilməsi cəmiyyətin ən azı bir hissəsində belə təəssürat yaradır ki, məqsəd cəmiyyətin diqqətini  3220 km2 ərazimizin hələ də dövlət   suverenliyimizdən kənarda, de fakto  işğalı altında  qalması, Xankəndində terrorçu bayrağın dalğalanması, Xocavənddə əli minlərlə soydaşımızın qanına  batmış, erməni  faşisminin simvolu  Nijdenin heykəlinin qoyulması faktlarından və  sülhməramlı adı ilə Azərbaycanda yerləşdirilmiş Rusiya hərbi kontinigentinin müstəqilliyimiz üçün yaratdığı təhlükələrdən və ermənilərlə rusların nəzarəti altındakı  torpaqlarımızla bağlı  gizli planlardan  yayındırmaqdır.

Elçibəy İnstitutu təəssüf edir ki, düşmən və havadarları arasında  revanşist  müharibə çağrışlarının   gücləndiyi hazırkı  məqamda, tariximizin müxtəlif siyasi qruplar tərəfindən fərqli qavranılan məsələlərin tarixin və tarixçilərin öhdəsinə buraxılması təkliflərinin  iqtidar rəhbəri  tərəfindən həmin məsələləri malalamaq cəhdi kimi təqdim edilərək, daxildə düşmən axtarışlarına girişilir. Bilinməlidir ki, belə hərəkətlər və  Elçibəyə, AXC- yə, Musavata  hücumlar  həmin hərəkatın- təşkilatın üzvü olub Eıçibəyi indi də özünə mənəvi –siyasi lider kimi qəbul edən  yüzminlərlə insanın şərəf, ləyaqət və heysiyyətlərinə toxunularaq  təhqir edilməsi   əks reaksiyasız və cavabsız qala bilməz.

Elçibəy İnstitutu hesab edir ki, uzunmüddətli dövr üçün  əhəmiyyətsizliyi aydın olsa da  tariximizin hakim siyasi qüvvənin məhdud  korporativ maraqlarına uyğun olaraq saxtalaşdırma göstərişi  zərərli nəticələrə gətirib çıxaracaq.  Əgər iqtidar bu sahədə elmi araşdırılması tələb olunan  problemlərin olduğunu  düşünürsə, o zaman Elçibəy İnstitutu təklif edir ki,obyektiv alim və tarixçilərdən ibarət müstəqil elmi komissiya yaradılsın və öz  tərəfindən  həmin komissiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

Elçibəy İnstitutu  ən yeni tariximizin siyasi məqsədlərlə təhrif və saxtalaşdırılmasının,  keçən əsrin 80- ci illərin sonu 90- cı illərin əvvəllərinndə AXC üzvü olan yüzminlərlə insanımızın maraq və mənafelərinə toxunduğuna diqqəti cəlb edərək, həmin dövrdə  milli azadlıq  hərəkatında,  1992-ci il hadisələrində və  torpaqlarımzın müdafiəsində  iştirak etmiş  bütün insanlarımızı bu məsələdə fəal mövqe nümayiş etdirməyə, Elçibəy institutu ilə əməkdaşlığa  çağırır.

Elçibəy İnstitutu bir daha iqtidar mənsublarını milli varlıq, milli güc, milli dövlətçilik üçün fəsadlar törədəcək qarşıdurma yolundan , saxta tarix yaratma cəhdlərindən çəkinməyə dəvət edir və xüsusi qeyd edir ki, Elçibəyin nəzəri, ideoloji, siyasi irsinin təhrif olunması və saxtalaşdırılmasına  qarşı  prinsipial şəkildə çıxmaqda davam edəcəkdir.

Eyni zamanda Elçibəy İnstitutu əsasnaməsi ilə müəyyən olunmuş  məqsəd  və prinsiplər  istiqamətində fəaliyyəti göstərərək,  siyasi mənsubiyyətindən asılı olmayaraq bütün tərəflərlə əməkdaşlığa  davam edəcəyini bəyan edir.

28.01.2021

 

 

Facebook Comments