ELÇİBƏY ömrü …

Aydın Mədət oğlu Qasımlı
Filologiya üzrə fəlsəfə doktoru,dosent

Quzey Azərbaycan milli azadlıq hərəkatının öndəri, XX əsrin sonlarında bütün Türk dünyasının aparıcı lideri, Azərbyacan Respublikasının demokratik yolla seçilən ilk prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev 24 iyun 1938-ci ildə Azərbaycan Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. İlk təhsilini Ordubad rayonunun Unus kəndində, orta təhsilini Ordubad şəhər 1 saylı orta məktəbində başa vuran Əbülfəz Bəy 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakultəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş, oranı bitirdikdən sonra Misir Ərəb Respublikasında tərcüməçi kimi çalışmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının əyani aspiranturasına daxil olan Əbülfəz Bəy 1968-ci ildə “Tulunilər dövləti” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. 1975-ci ilin yanvar ayında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tələbələr arasında antisovet və millətçi təbliğat aparmaq ittihamı ilə həbs edilən Əbülfəz Bəy 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra bir müddət işsiz qalan Əbülfəz Bəy 1976-cı ilin dekabrından Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitunda) öncə kiçik elmi işçi, sonra baş elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi vəzifələrdə çalışıb.

Hələ tələbəlik illərindən Sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparan, gizli tələbə dərnəkləri yaradan, azadlıq ideyaları yayan Əbülfəz Bəy 1988-ci ildə başlayan Azərbaycan Xalq hərəkatının öndərlərindən biri və birincisi olmuş, hərəkatın təşkilatlanmış ictimai-siyasi forması olan Azərbaycan Xalq Cəbhəsinin sədri seçilmiş və ömrünün sonunadək bu təşkilatın əvəzedilməz lideri olmuşdur. Əbülfəz Bəyin öndərliyində Azərbaycan Xalq Cəbhəsinin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt 18 oktyabr 1991-ci ildə qəbul edilmiş, 7 iyun 1992-ci ildə Əbülfəz Bəy müstəqil Azərbaycan Respublikasının ilk demokratik prezidenti seçilmişdir.

Elçibəy adı ilə Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətə başlayan Əbülfəz Elçibəy ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi, xalqın rifahının yaxşılaşdırılması yolunda mühüm addımlar atdı. İlk olaraq bütün imkanlar Milli Ordu quruculuğuna səfərbər edildi, rus ordusu Azərbaycandan çıxarıldı, sərhəd qoşunları yaradılaraq Azərbaycan sərhədlərinin qorunması onlara tapşırıldı, Azərbaycan gömrük sistemi və Ləl-cəvahirat Fondu yaradıldı, Azərbaycan milli valyutası dövriyyəyə buraxıldı, ölkənin siyasi sistemini dəyişdirmək məqsədilə siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi, Milli Məclisə seçkilər haqqında qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edidi, məhkəmələrin statusu haqqında qanun qəbul edildi, liberal iqtisadi islahatlara başlanıldı, bazar iqtisadiyyatının formalaşması üçün addımlar atıldı, bu məqsədlə 34 qanun qəbul edildi ki, bunlardan ən başlıcaları özəlləşdirmə haqqında, banklar və bank fəaliyyəti haqqında, mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında və s. qanunlardır. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. kimi dövlət orqanları yaradıldı. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə Respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə Respublikada minlərlə xüsusi müəssisə, onlarla müstəqil bank fəaliyyətə başladı, kəndlərdə 10 mindən artıq sərbəst icarə kollektivi yaradıldı. Emal sənayesinin inkişaf proqramına uyğun olaraq il ərzində onlarca emal müəssisəsinin tikintisinə başlanıldı. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlara başlanıldı. Təhsil haqqında qanun qəbul edildi. Bu qanuna uyğun olaraq təhsil sahəsində özəl müəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbul test üsulu ilə keçirildi, yüzlərcə gəncə xarici ölkələrdə onlarca nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı. Müstəqil Azərbaycanın orta məktəbləri üçün dövlətin mənafeyinə uyğun yeni proqram və dərsliklərin hazırlanması sahəsində dəyişikliklər həyata keçirildi, yüzlərlə alim, müəllim və metodist cəlb edilməklə bir il müddətində orta məktəbdə keçirilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 90-a qədər adda yeni dərsliklər hazırlandı. Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla yeni nəşriyyat-“Öyrətmən” nəşriyyatı yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Latın əlifbasına keçidə nəhayət nail olundu. Orta məktəb dərslikləri bu əlifba ilə nəşr edildi, dövlət idarələrində də latın əlifbasından intensiv istifadəyə başlanıldı. Bir illik hakimiyyət dövründə Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilmiş, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyulmuşdu. Prezident milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman vermiş, bu fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi yaradılmış, onlar normal iş şəraiti ilə təmin edilmişdi.

Elçibəy prezidentliyinin bir ilində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilmişdi.

Elçibəy bir sıra xarici səfərlərdə olmuş, İstanbul sammitində Qara Dəniz İşbirliyi Anlaşması və “Bosfor bəyanatı”nı, ATƏM-in (indiki ATƏT-in) zirvə toplantısında Helsinki Müşavirəsinin Yekun aktını və Avropada adi silahalrın məhdudlaşdırılması haqqında müqaviləni, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləni, Ankarada Türk Cümhuriyyətləri başçılarının zirvə toplantısında sammitin Yekun Bəyannaməsini, Türkiyə ilə bir sıra müqavilələri, Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalamışdı.

Elçibəyin prezidentliyi dönəmində Azərbaycan Respublikası BMT-də, ATƏM-də, İslam Konfransı Təşkilatında, Regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başlamış, Bakıda BMT-nin nümayəndəliyi açılmış, Rusiya, İran, Türkiyə, Ukrayna və Gürcüstanla bərabərhüquqlu əməkdaşlığın əsası qoyulmuş, Moldova, Qazağıstan və Türkmənistanla iqtisadi sazişlər imzalanmış, ABŞ, Almaniya, İsrail, Belçika, Misir, İngiltərə və Pakistanla sıx əlaqələr yaradılmış, Türkiyə, Rusiya və Gürcüstanla dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlanmışdı. BP, AMOKO, Yunokl, Statoyl, Pennzoyl və digər böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlanmış, neftin Aralıq dənizinə oradan da Avropa ölkələri və ABŞ-a daşınması haqqında ilkin sənəd imzalanmış, Qərbdə Azərbaycanın demokratik imici formalaşmış, bir sözlə, Azərbaycanın inkişafı üçün böyük prespektivlər açılmışdı.

Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil edərək ölkədə vətəndaş müharibəsi yaratmağa səy göstərdilər. Öz xalqını bu ağır faciədən qurtaran Elçibəy 1993-cü ilin iyun ayında hakimiyyətdən çəkilərək Bakını tərk etmiş, doğma kəndi Kələkiyə gedərək burada qanuni hakimiyyəti mənimsəmiş iqtidarın arasıkəsilməz basqıları altında 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirmiş, nəhayət prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra, yəni 30 oktyabr 1997-ci ildə yenidən Bakıya qayıdaraq Azərbaycan müxalifətinə liderlik etmişdi. 1997-ci ildə Demokratik Konqresə sədr seçilən AXCP sədri Elçibəy həmin ilin noyabr ayında Bütöv Azərbaycan Birliyini yaradaraq ona rəhbərliyi öz üzərinə götürmüş, həmin ildə həm də Türk Xalqları Assanbleyasının fəxri sədri seçilmişdi. Bütöv Azərbaycan ideyasını dünya siyasi gündəminə ilk dəfə gətirən Elçibəyi İngiltərənin sabiq Baş Naziri Marqaret Tetçer “Qafqazın ən böyük demokratı” adlandırmışdı.

Çağdaş Azərbaycan ictimai-siyasi həyatına yön verən, yorulmadan bütün mənalı həyatını Azərbaycan xalqının milli azadlığı və bütövlüyü uğrunda mübarizəyə həsr edən, gerçək ümummilli lider kimi qəbul edilən, dünya Türklərinin XX əsrin sonundakı ən böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə 63 yaşında qardaş Türkiyənin paytaxtı Ankara şəhərində əbədiyyətə qovuşmuş, Bakıda Fəxri Xiyabanda milyonlarla insanın iştirakı ilə dəfn olunmuşdur.

Gerçəkçi bir Türk və Turan sevdalısı olan Elçibəyin əsas idealları aşağıdakı sistem və inanclar üzərində qurulmuşdur:

1) Quzey Azərbaycanın müstəqilliyi, Demokratik Azərbaycan Cümhuriyyətinin yaradılması;
2) Qarabağın erməni işğalından azad edilməsi;
3) Güney Azərbaycanın müstəqilliyi;
4) Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi – Bütöv Azərbaycan Dövlətinin yaradılması;
5) Azərbaycanla Türkiyənin bütünləşməsi – Türkiyə – Azərbaycan Konfederasiyası;
6) Türk dünyasının mədəni, iqtisadi, hərbi və nəhayət Konfederativ əsasda siyasi birliyi.
Elçibəy mənalı həyatında bu ideyalardan yalnız birini – Quzey Azərbaycanın müstəqilliyini gerçəkləşdirə bildi. Digərlərinin gerçəkləşməsi üçün yollar göstərdi, konkret addımlar atdı.

Elçibəy rus imperializminin və fars şovinizminin qarşısına cəsur, ürəkli, bilikli bir Türkçü kimi çıxdı. Öncə Quzey Azərbaycanın müstəqilliyini təmin etmək üçün Azərbaycanda uzun illər boyu qan, sürgün və hər çeşid zorakı metodlarla aşılanan ideyalara qarşı yüz minlərlə insanda Türk şüuru ilə istiqlal eşqi yaratdı, üçrəngli, ay ulduzlu milli bayrağımızı yenidən göylərə qaldırdı, böyük öndər Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ilahi kəlamını təsdiq etdirdi.

Azərbaycanın bütövləşməsini həyatının mənası hesab edən Elçibəy Azərbaycan Türklərini milli hədəflərə doğru istiqamətləndirən, onların ruh boşluğunu doldurmağa çalışan, onları müqəddəs Vətənin-doğma Azərbaycanın və bütövlükdə Ana Türküstanın Bütövlüyü uğrunda mübarizəyə səsləyən və onları bir bayraq altında birləşdirməyə çağıran Ümummilli bir liderdir. Elçibəy: “Hər bir döyüş əzablı olduğu kimi iki imperiya arasında Türk təfəkkürünün yenidən doğuşu da əzablı olacaq… Mənim çalışdığım Bütöv, Müstəqil və Demokratik Azərbaycan Dövləti qurmaqdır. Bu isə xalqın- 50 milyonluq Azərbaycan Türkünün istəyinin yerinə yetirilməsinə kömək etmək deməkdir” – demiş və Bütöv Azərbaycan ideyası ilə meydana atılmış və ömrünün sonunadək atıldığı bu yoldan dönməmişdi. “Xalqımızın yaxın gələcəkdə Milli Birliyə nail olacağına tam əminəm. Tutduğumuz yol böyük öndər Məmməd Əmin Rəsulzadənin yoludur. Bu yol Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin və Məmməd Əmin Rəsulzadənin yoludur. Bütöv, Müstəqil və Demokratik Azərbaycana aparan bu yolu şərəf və ləyaqətlə davam etdirəcəyik. Xalqımızın apardığı bu mübarizə gec-tez öz bəhrəsini verəcək, Güneyli Quzeyli Azərbaycan birləşəcək və Bütöv Azərbaycan Dövləti yaranacaqdır. Bu yolda Sizlərə dözüm, iradə və qətiyyət arzulayıram. Yolumuz açıq, Tanrı yardımçımız olsun. Ulu Tanrı Millətimizə yar olsun”-deyərək real addım atmış, bu məaqsədlə müəzzəm bir təşkilat-“Bütöv Azərbaycan Birliyi” adlı ictimai-siyasi bir təşkilat yaratmış və ömrünün sonunadək bu təşkilata rəhbərlik etmişdir.

Elçibəy dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, məfkurəsi və əxlaqı ilə illər boyu Türklərin yaşadığı torpaqlarda təşəkkül tapmış Türk mədəniyyətini Türklük ideyasının, Türk dövlət və imperatorluqlarının yaradıcı amili saymış və sonda belə bir qənaətə gəlmişdi ki: “Dövlətçilik məsələsində dünyada Türklərdən üstünü yoxdur. Birincisi, Türklər aldıqları, ağalıq etdikləri ölkələrdə heç vaxt dinə toxunmamışlar. İkincisi, yerli xalqların dillərinə dəyməmişlər. Üçüncüsü, dövləti ədalətlə idarə etmişlər. Ancaq başqaları rusların əlinə düşən kimi milli əritmə siyasəti başlanıb. İngilislər hərtərəfli assimilyasiyaya əl atıblar. Farslar, çinlilər, ərəblər və başqaları da o cürə… Halbuki dövlət və xalq yalnız və yalnız humanizm və ədalətlə idarə olunmalıdır”.

Elçibəyin fəlsəfi anlayışında “Səadət qət edilən məsafədir”. Vətən Elçibəyin anlamında Böyük Türküstandır. Bu Böyük Türküstanın hər yeri onun üçün müqəddəsdir. Bu baxımdan Elçibəy şüurlu həyatını bu müqəddəs Vətənin ürəyi sayılan Azərbaycanın azadlığı, birliyi uğrunda mübarizəyə sərf etdi və “bu (Azərbaycanın bütövlüyü-A.M.), istək deyil, fantastikadır. Elçibəy fanatikdir”-deyənlərə cavab olaraq bəyan etdi ki: “Kim nə deyirsə, desin. Mən gerçəkçiyəm. Gerçəkdən-gerçəyə mənim arzum, istəyim daha çox vurulduğum Azərbaycanın Bütövlüyü olmuşdur. Azərbaycanın Bütövlüyü həyatımın mənasıdır. Unudulmamalıdır ki, Azərbaycanın quzeyində olan hərəkat milli azadlıq hərəkatı deyil, xalq hərəkatı idi. Çünki bu hərəkatda 50 milyonluq Azərbaycan xalqı deyil, 6 milyonluq bir xalq iştirak edirdi. Azərbaycan Özünü Milli Azadlıq Hərəkatına hazırlamalıdır. Bu, günün, zamanın tələbidir. Bu, Azərbaycan Türkünün XXI əsr imtahanıdır. Bu imtahandan şərəflə çıxmasaq, tarixdəki mövcudluğumuz sual altında qalacaq. Milli Birliyimizi təmin edə bilməsək, özgələrə yem olacağıq”.

Elçibəy Türk dilinə, Türk ədəbiyyatına, Türk tarixinə, Türk fəlsəfəsinə, Türk hərb sənətinə, bütövlükdə Türk mədəniyyətinə çox böyük önəm verən, onları dərindən bilən, dünya Türklərinin bugünkü məsələlərinin çözüm yollarını göstərən bir Türk düşünürüdür. Böyük İsmayıl bəy Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” ideyasını əsas götürən Elçibəy göstərmişdi ki: “Dahi İsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmış “Dildə, fikirdə və işdə birlik” çağırışının dərin və ölməz mənasını bu gün biz Türklər daha yaxından anlamağa başlamışıq. Anlamağa başlamışıq ki, dili bir olmayan millət tarixdə yüksələ bilməz, əksinə,zaman-zaman birliyini itirib dağılar, başqa millətlərin şikarına, sonra da quluna, köləsinə çevrilər. Rusiya imperiyasının Türkə qarşı yüz illərlə yerirdiyi barbar və qanlı siyasətini çikkindən-bikkinədək bilən İsmayıl bəy Qaspıralı sanki millətinə səslənmişdir ki: “Ey Türk! Ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa, fikirdə birliyin olmaz, fikirdə birliyin olmasa, işdə birliyin olmaz və Sən məhv olarsan”. Elçibəy istər şifahi nitqlərində və istərsə də yazılarında dəfələrlə göstərmişdi ki: “Nə vaxtsa ortaq Türk əlifbası və ortaq Türk ədəbi dili yaranacaq. Bu ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının, ayrı-ayrı Türk etnoslarının birliyi, onların mədəniyyətlərinin birliyi lazımdır. Türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Dil də canlı bir varlıqdır. Dil, bir bütün olaraq xalqa aiddir. Ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının birliyi, onların mədəniyyətlərinin birliyi gərəkdir. Onların özləri yavaş-yavaş ortaq olacaqlar. Bunun üçün bəlirli bir zaman və böyük bir mədəni birlik gərəkdir. Türk Dünyasının intellektual gücü bu gün bu işi gerçəkləşdirməyə yetər. Fəqət, Türk Dövlətlərinin ortaq mədəniyyət siyasətləri də olmalıdır. Ümumtürk mədəniyyətinin, ümumtürk dilinin, ümumtürk ədəbiyyatının oluşdurulması bu mədəni siyasətin təməl bölümlərindən olmalıdır. Hətta bu mədəni siyasətə yatırım yapılmalı, Türk dövlətləri bu iş üçün büdcə ayırmalıdırlar. Bu, dövlətçiliyin əsl qayələrindən biridir”. Elçibəy qeyd edirdi ki: “Bəzi Türk dövlət rəhbərləri bunu anlamır, sadəcə iqtisadi, siyasi və hərbi məsələləri həll etməklə məşğuldurlar. Unudulmamalıdır ki, böyük dövlətlər böyük mədəniyyət üstündə inkişaf edirlər”.

Türklərin qədim, orta əsr, yeni və müasir tarixini mükəmməl bilən, onu tarixi mənbələrə dayanaraq özünəməxsus yeni metodologiya ilə incələməyə çalışan Elçibəy özünəqədərki bütün təlimləri sərf-nəzər edərək belə bir qənaətə gəlmişdir ki: “İnsanlığın yaranış, yaşayış və gəlişməsində, dünənində, bugünündə Türk insanı çox önəmli rol oynamışdır. Nə yazıq ki, Türkün tarixi gərəyincə öyrənilmədiyi üçün Türklərin tarixi qədər dolaşdırılmış, Türk düşmənləri tərəfindən saxtalaşdırılmış, Türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyil. Tarixi millətlər içərisində Türklər qədər öz tarixinə biganə yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir Millət unutmuşdur ki: “Tarixi yazmaq, onu yaratmaq qədər alidir”.

“Türkün tarixini qəlbində Türklük ruhu daşıyan Türk yazmalıdır” – fikrini irəli sürən Elçibəy Türklüyün gələcəyinin parlaq olacağını söyləmiş və tarixin inkişaf qanununa əsaslanaraq göstərmişdi ki: “İnşallah, bütün Türk dünyasında Cümhuriyyətlər yaranacaq, demokratiya yürüyəcək, harada əzilən Türklər varsa, orada onlar öz bayraqlarını qaldıracaqlar. Türk yenidən gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən doğulacaqdır. Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Onun milli mədəniyyəti yüksəlməkdədir. İndi sırf milli Türk kökü üzərində qurulan yeni dövlətlər meydana çıxmaqdadır. Bu, tamamilə yeni və müəzzəm bir doğuşdur. Yaxın 5-10 il içərisində Türkiyə dünyanın ən böyük, dünya siyasətinə yön verəcək dövlətlərindən biri olacaqdır. İnşallah, 260-270 milyon Türk insanı da iç-içə, yan-yana olarsa, Türklər 10-15 ildən sonra dünyaya sözünü söyləyəcəkdir. Türkün sözü olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək, Türkün sözü ilə hesablaşacaqdır. Bax, onda yeni Turan məfkurəsi meydana çıxacaq. Türk kimliyi Avropaya yalnız Türkün öz mədəniyyətinə sahib çıxmasından sonra təqdim olunacaq. Soydaşlarımız öz xalqını tanıdıqca, öz millətinin keçmişini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq. Bir zaman gələcək Azərbaycan birləşəcək, Uyğurustanda Türk bayrağı dalğalanacaq. Bu gün artıq dünyada 27 Türk bayrağı dalğalanır”.

Türkiyə ilə Azərbaycan və digər Türk Cümhuriyyətləri ilə əlaqələrə toxunan Elçibəy göstərirdi ki: “Türkiyə ilə Azərbaycan Konfederasyona getməli, birləşməli, sərhədlər götürülməlidir. Türkiyə yeni Türk Cümhuriyyətləri ilə qeyd-şərtsiz siyasi, iqtisadi və mədəni münasibətlər qurmaq məcburiyyətindədir. Türkiyənin bağımsızlığı və rifahı üçün ikinci bir yol yoxdur. Azərbaycanla, Türküstanla maraqlanmamaq kökündən qopmaqdır, qəflətdir, xəyanətdir. Bu gün 300 milyonluq Türk Dünyasının başı Türkiyə, ürəyi Azərbaycan, bədəni Türküstandır. Bunlardan hər hansı birinə zərbə dəyərsə, baş pozular, ürək dayanar, bədən iflic olar”.

Elçibəy irsi, onun Türk dili, Türk tarixi, Türk mədəniyyəti, Türk fəlsəfəsi, Türk dövlətçiliyi, milli kimliyimiz, milli məfkurəmiz, din, əxlaq, elm, azadlıq, demokratiya və s. haqqında söylədiyi və yazdığı fikir və mülahizələr bütövlükdə Türk dünyasının mənəvi enerji qaynağıdır.

Elçibəy böyüklüyünü, Elçibəy şəxsiyyətini, Elçibəy müdrüklüyünü yüksək qiymətləndirənlər göstərmişlər ki:

“Elçibəy Türk dövlət adamları və qəhrəmanları zincirinin altun halqalarından sonuncusudur”.

“Elçibəy erişilmez ucalıqla Ruh soyluluğuna sahib bir Türk lideridir”.
“Azərbaycanın bağımsızlığının öndə gələn memarı olan Elçibəy hər şeydən öncə bir özgürlük savaşçısı, düşüncəsi çağdaş, ürəyi Türklük dolu bir dövlət adamı idi”.
“Elçibəy planetin ən böyük demokratıdır”.
“Elçibəy Türk dünyasının yetişdirdiyi nadir bir şəxsiyyətdir”.
“Elçibəy bütün ömrünü Türk milləti üçün yaşayan, ürəyi millətimizin yüksəlməsi və xoşbəxtliyi üçün çarpan tam və kamil anlamda milli şüur sahibi, örnək bir mübarizə adamıdır. Azərbaycanın bağımsızlığına qovuşmasının simvoludur”.
“Elçibəy ömrünü Türk dünyası üçün sərf edən, milli azadlıq hərəkatının lideri, öncüsüdür”.
“Elçibəy çağdaş Türkçülüyün ideoloqudur”.
“Elçibəy Azərbaycan Türkünü azad etməyi bacardı. Ömrü boyu mücadiləsini verdiyi savaşdan qalib çıxdı, qısa zamanda Azərbaycan Türkü və Türk dünyası üçün ümid oldu”.
“Elçibəy Azərbaycanda Türklük şüuru və ruhunu oyandıran bir Türk lideri, bütün Türk dünyasının bilgili, fəzilətli qəhrəmanıdır. Türk dünyasının hər yerində Elçibəydən çox sevgi və sayğı görən bir liderimiz yoxdur. Elçibəy Türk dünyasının hər yerində Türklərin qəlbində taxtını qurmuşdur”.

“Elçibəy Azərbaycanın şərəfi, Türk dünyasının ən böyük liderlərindəndir”.

Bütün bu deyilənlərin sayını artırmaq da olar. Bu qədər müəzzəm bir şəxsiyyətin fiziki yoxluğundan istifadə edən və doktrinar mənada müəyyən bir tarixi dönəmdə Elçibəyə yaxın kimi görünən və məhz Elçibəyin kölgəsində siyasi arenaya çıxan bir çox müasir əllaməçi siyasilər tarixi Türk qəhrəmanlarına, Türk dövlət başçılarına, Türk mənəviyyatına, Türk milli dəyərlərinə, Elçibəyin həyatını qurban verdiyi Türklüyə qarşı mahiyyəti və mənbəyi bəlli olmayan fikir və mülahizələr irəli sürməklə kimlərəsə yarınmağa və bununla da siyasi kapital toplamağa çalışsalar da “Yel qayadan heç nə apara bilməyəcək”. Çünki keçici fikirlər böyük məfkurələrin önündə duruş gətirə bilməyib və bundan sonra da duruş gətirə bilməyəcək.

Elçibəy davamçıları əmindir ki, yenidən Türk kimi yaşamaq, Türk olmanın mənəvi yükünü dərk etmək və bundan qürur duymaq, yəni Elçibəy yolunu ləyaqətlə davam etdirmək sonda üç böyük ideyanın – Bütöv Azərbaycan Birliyinin, Türkiyə-Azərbaycan Birliyinin və nəhayət Ümumtürk Birliyinin gerçəkləşməsinə gətirib çıxaracaq. Elçibəysevərlər və Elçibəy yolçuları buna varlıqları qədər inanırlar.

Ruhun bizimlədir, Bəy!