Elcibəy-80: Yalandan keçirməkdənsə…

Sərxan Carçı
Məşhur “Qatarda” tamaşasına yəqin ki, baxmayan yoxdur. Hər kəsin yadında olar ki, tamaşadakı Dadaşov obrazı, müəllimə bənzər prokuror rolunu oynayan aktyora deyir ki: Yalandan oynamaqdansa elə oynamamaq məsləhətdir.

Neçə-neçə Elçibəysevər insanlar adından mən də “Elçibəy-80” Təşkilat Komitəsinə səslənirəm ki, BƏY-in 80 illiyi belə yalandan keçəcəksə elə keçirməmək daha məsləhətdir.

Nədir bu yalanlar? Qısaca bu barədə…
Hər şeydən əvvəl deyim k, məlum təşkilat komitəsinin tərkibi tam formalaşandan bəri bu komitənin ciddi bir şey etməyəcəyini təxmin etmişdim. Amma Mirmahmud Mirəlioğlunun, Aydın Mədətoğlunun, İsgəndər Həmidovun da orada olduğunu bildiyimdən ümidimi tam kəsməyib, gedişatı izləyirdim.

Bir gün bəlli oldu ki, komitə qərara alıb, üzvlər 17-24 İyun arası facebook profil şəkillərini Elçibəyin fotosu ilə əvəz edəcəklər. Üzvlərin bir neçəsinə səsləndim ki, bəylər, yanı siz toparlanıb “fb-profil fotosu”ndan o tərəfə bir qərar qəbul edə bilmədinizmi?
Dedilər ki: Sən nə danışırsan? Çox işlər görüləcək. Ən böyük saraylardan birində yubiley tədbiri keçiriləcək. Elçibəyin fotosu-imzası olan rozetlər, qələmlər, papaqlar hazırlanacaq. Büstləri düzəltdiriləcək. Ən əsası isə 4-5 kitabı çap olunacaq.

Sadalanmağı gözəl səslənsə də, yenə də az, hətta çox az işdir.

Rozet çıxartdırmağa qalmış – bunun üçün tərkibində millət vəkilləri, keçmiş millət vəkilləri, QHT sədrləri olan bir komitəyə ehtiyac yoxdur. Bunu cəmi bir ay əvvəl 30-40 gənc iki-üç manatdan yığıb, Cümhuriyyətimizin 100 illiyinə rozetlər çıxartmışıq.

Kitab çap etdirməyə qalmış – bunun üçün də tərkibində media kapitanları, azad jurnalistlər, keçmiş nazar, hətta baş nazir olan bir komitəyə ehtiyac yoxdur. Bunu da cəmi bir neçə ay əvvəl oxuduğunuz bu yazının müəllifi dost-tanışdan borc taparaq Cümhuriyyıtin 100 illiyinə həsr olunmuş kitab çap etdirib və yavaş-yavaş borcunu qaytarıb. İndi də dostlarnan bir yerdə 5-10 manatdan yığıb BƏY-in 80 illiyinə kitab çap etdirəcəyik.

Tədbirə qalmış isə – tam əminliklə deyirəm ki, ən böyük saraylardan birində olmasa da, paytaxta ən yaxın rayonlardan birində, təbiətin qoynunda yüksək səviyyəli tədbir keçirə bilərik. Hər halda keçirəcəyik də…

Artıq dedikləri vaxtdan keçib və qərarlarını yerinə yetirməyib, profil şəkillərinin BƏYin fotosu ilə əvəz etməyiblər deyə, bu yazını yazmaq qərarına gəldim. Və yenə neçə-neçə Elçibəysevərlər adından komitəyə səslənirəm:

“Elçibəy gənclərin gözü ilə” tədbirini Beynəlxalq Mətbuat Mərkəzinin binasına salaraq, gənclərin öz ixtiyarına buraxıb, arzuolunmayan səviyyədə bir tədbir keçirməkdənsə, bir qrup mənim kimi kasıb və heç vaxt Naxçıvanda olmamış gəncin Kələkiyə getməyi təmin edilməliydi. (Ümidvaram ki, indən belə də olsa bu ediləcək).

Elçibəyin 80 illik yubiley tədbirini də Beynəlxalq Mətbuat Mərkəzində Keçirməkdənsə, yubiley üçün respublika sarayını, ya da hansısa ona bərabər bir saray tələb etmək lazım idi. İcazə verilməyəndə isə, hətta gənclərin dəstəyi ilə Bakı Meriyasının qarşısında daha ciddi formada tələb etmək lazım idi.

Elçibəyin bu möhtəşəm tədbirində sıradan bir qəbir ziyarəti yox, “Elmlər Akademiyası” metrosundan Fəxri Xiyabana kimi yürüş qərarı verilməli idi.

Sonda komitəçilərə uğurlar arzulayaraq acizanə iki təklif vermək istəyirəm:

1. Üzərində Elçibəyin imzası olan qələm, fotosu olan bloknot çıxartdırmaq…
(Yeni dərs ilində uyğun bilinən tələbələrə hədiyyə etmək üçün)
2. Yubileyin dəvətnaməsinin üz qabığını hazırlayan gəncə təşəkkürnamə vermək… (Digərlərini də həvəsləndirmək üçün)

Sozcu.az