“Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, müzakirədə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev bildirib ki, sözügedən qanun məhsulların keyfiyyətinə və rəqabətliliyinə ciddi təsir edəcək.

N.Tağıyevin sözlərinə görə, bunun üçün milli standartlaşdırma anlayışı qanun layihəsinin ikinci oxunuşunda əksini tapıb.

“Biznes qurumlarının standartlarının hazırlanması səlahiyyətləri burada qeyd olunub. Bu sənədlə istehsalat proseslərinin qurulması asanlaşdırılacaq. Standartların hazırlanmasında biznes qurumları tərəfindən maliyyələşdirilmə də mümkün olacaq.

Avropa ölkələrində 85 faiz standart biznes tərəfindən maliyyələşir. Çünki biznes qurumları hansı standartların onlara lazım olmasını bilir”, – deyə o əlavə edib.

Millət vəkili Əli Məsimli isə qeyd edib ki, Avropada biznes qurumları standartları maliyyələşdirməkdə maraqlıdır.

“Çünki onlar bundan qazanır. Azərbaycanda birdən biznes bunu maliyyələşdirmədi, onda biabır olacağıq?! Təklif edirəm ki, Azərbaycana insan orqanizmi üçün təhlükəli malların gəlməsinin qarşısı alınsın. Çünki müddəti bitmiş, tərkibi dəyişdirilmiş mallar var.

Standartları beynəlxalq səviyyəyə qaldırmaq istəyiriksə, elə mexanizm qurmalıyıq ki, dünyada hamı tərəfindən qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”, – deyə deputat bildirib.

Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşa tövsiyə olunub.