Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq

Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, və Bolqarıstanla Yunanıstana hərəyə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb.

Sozcu.az xəbər verir ki, Bunu Trend-ə rusiyalı ekspert İqor Yuşkov deyib.

O bildirib ki, Azərbaycan qazı Türkiyə bazarında İran və Rusiya qazları ilə rəqabət aparacaq.

İ.Yuşkov əlavə edib ki, Türkiyədə iqtisadi azalma fonunda Ankara qaz istehlakını azaldıb və bunun nəticəsində rəqabət daha da kəskinləşib:

“Türkiyə üçün bu vəziyyət müsbətdir, çünki rəqabət nəticəsində qiymətləri azaltmaq mümkün olacaq. Bundan başqa, Türkiyə qazın tranziti üçün də pul qazanacaq. Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir”.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.