Düşməni hələ də tanıya bilməmişik

Eldar Sairoğlu

Qarabağdan çox yazmışam və məndən də yaxşı yazanlar olub, indi də bu arğılı mövzu qələm sahiblərinin gündəmindən düşmür. Ancaq problemin həllinə yazı-pozuların, möhtəşəm nitqlərin hansısa ciddi təsirini düşünmürəm. Yəni deməyim odur ki, sözün gurultusu ilə düşməni qorxuya salmaqdan əlimizi götürüb gerçəklik nəyi tələb edirsə onu hərəkətə gətirməliyik. Qarabağ necə alınıbsa o cür də geri qaytarılmalıdır. Başqa yollar sadəcə baş aldatmağa hesablanmış işlərdi.

Hələ dünya tarixində rast gəlməmişəm ki, qan töküb özgə torpağını işğal edəsən, sonra da onu heç bir şeysiz sahibinə qaytarasan. Etiraf etməliyik ki, ifrat “sülhpərvərliyimiz” 30 il ərzində işğalçıya öz mövqeyini möhkəmləndirməyə böyük şans verdi. Biz yenə də sülh deyib yerimizdə durmuşuq. İllər öncə əgər tək Rusiya müharibəni ciddi cəhdlə istisna edirdisə, bu gün demək olar ki, dünyanın bütün aparıcı dövlətləri müharibənin əleyhinədir, Türkiyə və Pakistandan başqa!!!

Erməni buna nail oldu. Artıq yetməzmi danışıqların bərpası üzərində oynamaqla günləri, illəri küləyə verməyimiz…Gediş-gəlişlərin, ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili ilə Ermənistan-Azərbaycan arasında körpü yarada biləcəyimizə ümid bəsləyən varsa möhkəm yanılır. Adam gəlib evimizin içində oturub, çıxmaq barədə də qətiyyən düşünmür, bizlər isə siyasi romantikadan üzülüşə bilmirik. Bir zamanlar xalq diplomatiyası kimi çürük bir ideya ortaya atılmışdı.Gəldilər-getdilər, İsa bulağında hələ bir kef məclisi də qurdular. Sonradan xalq diplomatiyası birdəfəlik arxivə atıldı.

İndi də keçmişik qarşılıqlı jurnalist səfərlərinin təşkilinə. Daha doğrusu, jurnalist diplomatiyasına! Baş açmaq həqiqətən çətindir. Əvvəlcə erməni jurnalistləri gəldilər Bakıya, dalınca da bizim yazarlar Ermənistana, Dağlıq Qarabağa yola düşdülər. Axı bunlar nə verəcək?! Niyə belə şeylərlə özümüzü aldadırıq? Düşmənlə mübarizədə uduş əldə etmək üçün hər şeydən əvvəl onun milli kimliyinə yaxından bələd olmağın çox böyük əhəmiyyəti vardır. Dağlıq Qarabağ məsələsində onlar vahid düşüncəyə və vahid strateji siyasi xəttə malikdirlər.

Yadımdadır, Paşinyanın hakimiyyətə gəldiyi ilk aylarda yazarlarımız və siyasilərimiz telekanallarda cərgəyə duraraq əminliklə bildirirdilər ki, Dağlıq Qarabağın geri qaytarılmasına artıq real şərait yaranıb. Bunu da əsasən onun zəif və bisavad olmasında görürdülər. Bəs nə oldu? Deyək ki, səhər Paşinyanı bir fəhlə, ya bir kolxozçu əvəz etdi. Dağlıq Qarabağa münasibət yenə eyni olacaqdır. Ermənini tanımaq gərək. Müxtəlif qarşılqlı səfərlərin təşkili ilə baş aldatğa ehtiyac yoxdur. Yəqin belə yararsız və əhəmiyyətsiz oxşar məsələləri gələcəkdə müşahidə edə biləcəyik. Yeganə yol müharibədir. Buna hazırıqmı?