“Dünyada yeni bir düzənin qurulması üçün ya böyük bir müharibə olmalıdır, ya da…”

Koronavirus pandemiyasının dünyanı cənginə alması planetin mənzərisini artıq dəyişməkdədir. Xəstəliyin sürətlə yayılması dünyanın iqtisadi sistemini iflic etdiyi kimi, siyasi münasibətlərə də yeni çalarlar gətirir. Dünyanın bir çox tanınmış ekspertləri artıq indidən “postkorona” dövründə dünyamızın tamamilə yeni iqtisadi-siyasi şəkil alacağını əminliklə söyləyirlər.

Mövzu ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış analitik, milli təhlükəsizlik nazirinin (indiki DTX) keçmiş müavini Sülhəddin Əkbər hazırda dünyada cərəyan edən prosesləri maraqlı təhlil edib:

“Bütün ciddi ekspertlərin yekdil qənaəti budur ki, pandemiyadan sonrakı dünya artıq əvvəlki dünya olmayacaq. Mövcud iqtisadi və maliyyə sistemi dəyişəcək.

Təbii ki, burada komploteorilər də var, sui-qəsd nəzəriyyələri də, kəşfiyyat informasiyaları sızıntaları da, amma həqiqətə uyğun olanlar da var.

Çox təəssüf ki, bununla bağlı bizim əlimizdə kifayət qədər obyektiv, etibarlı informasiyalar yoxdur. Buna baxmayaraq mövcud informasiyaları üç qrupda təsnifləşdirmək mümkündür: həqiqət payı olan məlumatlar, həqiqətlə yalanın qarışığı olan və tam yalan olan informasiyalar. Ona görə də hələlik konkret fikir söyləmək asan deyil. Yeganə həqiqət odur ki, bəli, pandemiyadan sonra dünya artıq köhnə dünya olmayacaq, yeni dünya düzəninin qurulması üçün hazırlıqlar gedir”.

Sülhəddin Əkbərin sözlərinə görə, pandemiyanın baş vermə səbəbindən asılı olmayaraq o, artıq dünya güclərinin toqquşmasına zəmin yaradır:

“Mən bir neçə dəfə vurğulamışam, yenə də qeyd edim ki, dünyada yeni bir düzənin qurulması üçün ya böyük bir müharibə olmalıdır, ya da böyük bir sarsıntı baş verməlidir ki, qlobal güclər öz iddialarından geri çəkilsinlər.

Bu gün də belə iddiada olan qüvvələrdən biri Çindir. Xatırlayırsınızsa, Çinin dövlət başçısı yaxın vaxtlarda Çin Kommunista Partiyasının son qurultayında açıq şəkildə bəyan etdi ki, Çin 2030-cu ildə dünya liderliyinə hazırlaşır.

Eyni zamanda Rusiya var ki, o da ABŞı-n dünyada təkbaşına hegemonluğuna qarşı çıxır və özünün də rəyinin masada nəzərə alınmasını istəyir.

Digər tərəfdə Avropa Birliyi mövcuddur, onun aparıcı dövlətləri olan Fransa, Almaniya kimi liderləri var. O biri tərəfdə isə yeni imperiya oyunu qurmağa hazırlaşan Böyük Britaniya var.

Belə olan halda dünyada gedən proselsəri izah etmək çətinləşir. Pandemiya da bu qlobal oyunun bir parçası halına gəlib. Hətta qəbul etsək də ki, bu öncədən düşünülməmiş bir hadisədir, buna rəğmən artıq pandemiyadan qlobal oyunçular istifadə etməyə çalışacaqlar”.

S. Əkbərin fikrincə, bu mübarizədə strateji hazırlığı daha mükəmməl olan qüvvə mübarizədən qalib çıxacaq:

“Xatırlayrısınızsa, ilk dəfə ABŞ COVİD-19 virusuna “Çin virusu” adını qoydu. Ekspertlər hələ onda düşünürdülər ki, bu, məqsədli şəkildə edilir. Bununla gələcəkdə Çinə qarşı iddialara zəmin hazırlanırdı.

Virusun yayılmasında bəzi tərəflər bir-birini ittiham edir. Ancaq bəlkə də heç sona qədər dünya bilməyəcək ki, həqiqət haradadır. Lakin bu ittihamlar kifayət qədər əsaslandırılmış görünür.

Əsas odur ki, bu oyunları quran dövlətlər hansı güclü olacaq və kim bu oyundan qalib çıxacaq. Fikrimcə, strateji hazırlığı yüksək olan tərəf bu böhrandan qalib çıxacaq ki, burada da ABŞ daha şanslı görünür.

Lakin o da var ki, pandemiya Amerikada çox böyük sürətlə yayılır. Hələ nəticənin necə olacağını da indidən söyləmək çətindir.

Bu il ABŞ-da prezident seçkiləridir və bu məsələdə təkcə Amerikadakı güclər deyil, bütün dünya gücləri qarşı-qarşıya gəlirlər. Ona görə də bu böhranın məsuliyyətini ya kimsə öz üzərinə götürməlidir, ya da kiminsə üzərinə yıxılmalıdr.

Görünür ABŞ da Çini ittiham etməklə asan yolu seçmək istəyir”.

Sozcu.az

Facebook Comments