Döyüşçü Nərgizin müqəddəs sevgilisi…

Elgün Gəncimsoy

Maşının yük yerinə oturub yola düzəlirəm. Enişli-yoxuşlu yollar narahat olduğu qədərin min misli artığı qədər də şərəfli və qürurvericidir. Dağların sinəsini yararaq gedən yol yaşıl ətəklərlə enib qalxması daha maraqlı gəlir insana. Bir tərəfi ətəyində qalın meşə olan zirvələr, bir tərəfi isə yamyaşıl yamaclardır. Göz oxşayan mənzərəyə könül verib aşıq olmamaq mümkün deyil…

Kəndə çatmışıq…

Xarabalıqların arası ilə davam edirik. İllərdir əsirlikdə olan yaşayış məntəqəsi sanki hər gün işgəncəyə məruz qalıb, hər gün bir az da dağıdılıb. Amma heç bir vəhşilik , heç bir silah buranın coğrafi relyefinə – təbii gözəlliyinə təsir göstərə bilməyib. Göz oxşayan tabloya daha çox yaraşıq qatan küçələrlə hərəkət edən silahlı Azərbaycan Əsgəridir. O əsgərlər ki öz canları bahasına buranı azad edib.

Maşın təyin olunmuş yerdə saxlayır. Şəllək çantamı belimə asıb bələdçi əsgərlə qərargaha tərəf gedirəm. Atıcı silahların səsi uzaqdan eşidilir. Ancaq hərdən yaxınlıqda mərmi partlayışları torpağı titrədəcək qədər şiddətli olur. Əsgər: – Komandir qarşıdakı küçədə yerləşən evdə gözləyir, – deyib daha da iti addımlarla hərəkət etməyə başladı. Acgözlüklə baxıram əraziyə… Əsgər isə məni tələsdirməyə çalışır. Birdən diqqətimi uçuq evin tinində odundan ocaq qalayıb üstünə qazan asan iki əsgər cəlb etdi. Maraqlı mənzərydi. Dönüb onlara tərəf yaxınlaşdım. Hər tərəfi ocağın tüstüsü bürüyüb. Ət konservası isidirlər. Biraz da tamaşa edib, məni görməyən igidlərə: “Salam, kişilər!” – dedim. İkisi də mənə tərəf dönüb salamımı aldı. Ancaq papağı gözünün üstünə qədər çəkən əsgərin biri gözümün içinə baxa-baxa gülürdü. Əcaba mən nəyi səf etmişəm, deyə düşünürdüm. Mənə gülən əsgər papağı çıxaranda hər şey məlum oldu. O gülə-gülə “xoş gəlmisiniz”, – dedi…
Üst-başın təmizləyib hasarın üstündəki ərzaq qutusundan kiçik yağ bükümünü götürüb əsgər yoldaşına verir. Bir haşiyə çıxıb deyim ki ət konservasını yağda qızardılmış soğançaya qatıb yeməyin ləzzəti ayrı dəmdəsgahdır. Hələ o tavaya ikicə dənə yumurta qırıb qatasan… bəh-bəh-bəh…

Xülasə…

Gördüyüm mənzərənin şokundayam. O isə hələ də gülür.
– Düzü… sizi… – sözümü kəsib dillənir:
– Bilirəm. Sizi anlayıram. Əvvəllər mənə də təcüblü gəlirdi ki, məni görənlər niyə məhəttəl qalır? Burda nə var ki?! Məgər kişilər döyüşə bilər, qadınlar yox? – Əla və yerində verilən cavab idi. “Yox” da demək olardı “hə” də… Ancaq birinci Qarabağ savaşı ilə bağlı informasiyalarım məni “hə” seçimi ilə qarşı-qarşıya qoydu.
– Adım Elgündür. Hərbi bloggerəm.
– Lap yaxşı , mənim də adım Nərgizdi. Bu hərbi hissədə xidmət edirəm.
Ortaboylu , yaraşıqlı və çox mehriban xasiyyətlidir. Öncə onu tibb bacısı hesab etdim. Amma… Tibb bacısı deyildi. Bəlkə də günlər idi ki saçını daramır, geyim-keciminə o qədər də diqqət ayırmırdı.
Durduğumuz yerin yaxınlığındakı dağın ətəyinə bir neçə saniyə fitdədikdən sonra mərmi düşür. Yer titrəyir, zərbə dalğası ətrafda olan metal qalıqlarını cınqıldadır. Nərgizin partlayışa reaksiyası sıfırdı. Elə mənim də… Üzümə baxıb: – Deyəsən cəbhədə çox olmusunuz, – deyir.
-Sizin qədər olmasa da, Vətən savaşı başlayandan cəbhə bölgəsində gəzirəm.
-Siz kasetli mərmi partlayışını görmüsünüz?
-Yox…
-İlk dəfə gecə gördüm. Yorğun halda yataq kisəsində uzanıb göyə – ulduzlara baxırdım. Birdən bir ulduzun sürətlə hərəkət eləməsi gözümə sataşdı. İzlədim… İzlədim… Qəflətən onun bizdən bir az aralıda parçalanıb yerə səpələnməyini gördüm. Nə baş verdiyini bilmirdim. Bir təhər qaçıb daldalandım. Sonra komandir kaset mərmisi olduğunu dedi. Bizə qarşı elə mərmi yoxdur ki tətbiq etməsinlər. Ancaq xeyri yoxdu. Durdura bilməyəcəklər. Biz mütləq qalib gələcəyik.
Onu çağırırlar… Mənsə ətraf mənzərəni ləzzətlə seyr edə-edə komandirin otağına tərəf gedirəm. Hərbi hissə komandiri çoxdan tanıdığım, orduda kifayət qədər zəhməti və ad-sanı olan zabitlərimizdəndir. O birinci Qarabağ savaşının da iştirakçısıdır. Çay süfrəsi arxasında ləzzətlə döyüşdən danışır. Sən demə dünən gecə düşmən üç tankla hücum edibmiş. İgidlərin sayıqlığı və cəsarəti nəticəsində cənab Ali Baş Komandan demiş: “Cəhənnəmə gedib, gora gedib, gorbagor olub…” həmin tanklar. Hələ üstəlik komandir deyir ki: “Uşaqlar düşmən tankı görəndə sevinir, erməni tankın vurmağı əyləncə kimi qəbul edirlər”. Xeyli söhbətdən sonra eytiyatla komandirdən Nərgizi soruşdum:
-Komutan, bayaq çöldə döyüşçülər arasında bir xanım diqqətimi çəkdi, – deyirəm və mütləq işin bir kəraməti olduğunu yaxşı anlayıram – bəs onun vəzifəsi nədir?
– Elgün, O, hərbi hissədə xidmət edən üç xanım hərbi qullqçulardan biridir. Döyüşdən əvvəl onları sıra düzülüşündə önə çıxarıb hərbi hissədə qalmalarını əmr etdim. O biri ikisi əmrə tabe oldu. Lakin Nərgiz təkitlə döyüşə qatılacağını, hərbçi yoldaşları ilə birlikdə gedəcəyini bildirdi. Fərdi söhbət zamanı isə bir sözlə: “Cənab polkovnik, mən bu ordunun maaşın alıram. Əsgərəm. Bununla da fəxr edirəm. Ona görə də bir əsgər kimi döyüşə qatılıb vətənə , dövlətə olan borcumu qaytaracam. Xahiş edirəm məni fikrimdən daşındırmağa çalışmayın. Mən istəmirəm boynumda Şəhid qardaşlarımın haqqı qalsın”, – dedi. Mən də etiraz etmədim. Burada heç bir əsgərdən geri qalmır…
Bax bu idi cənab polkovnikdən gözlədiyim cavab. Gecikmədən gəldi…
Düyülmüş çatma qaş, biri qıyılıb digəri nişangaha zillənmiş ala gözlər təsvir edin. Silah tutan zərif əl, tətik çəkən incə barmağı da təsvir edin. Və… O atəş açıb adam öldürür. Pardon erməni öldürür. Qəhrəmanım Nərgizlə bu dövlətin, bu ordunun qazandığı uğurlara kölgə salmaq istəyənləri müqaisə elədim. And olan Qarabağa ki vicdanım mənə itin sözün dedi. Susdurdu məni… Bu meydanın döyüşçülərinin hamısı aslandır dedi.
Sonda sizə bir söz də deyim ki, Nərgiz bacıdan sevgilisi olub olmadığı soruşdum. O da: -Hə, var..- deyib, gülə-gülə davam etdi: – Hər gün onun sinəsində yatıb, onun üçün vuruşuram. Onu o qədər çox sevirəm ki, ondan ötrü canımı da verərəm.
– Adı?… – Sualıma yenə gülə-gülə cavab verir:
– Adı VƏTƏNdir… Azərbaycandır… Qarabağdır…
Cənablar #QarbağAzərbaycandır!

Facebook Comments