“Döyüş davam edir!” Politoloq erməni təxribatını TƏHLİL etdi

Ermənilərin Lüksemburqda “Qarabağ” futbol komandasının oyunu zamanı təxribatı əvvəlcədən planlaşdırılıb və maliyyələşdirilib, bu separatçılarla erməni lobbisinin birgə “layihəsidir”.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh verib:

“Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Amerikanın Los-Anceles şəhərində erməni diasporu qarşısında çıxış edərkən təyyarə vasitəsilə səmada “Qarabağ Azərbaycanındır” şüarı görünmüşdü. Bu bizim Paşinyana sürprizimiz idi.

Görünür, erməni lobbisi buna cavab olaraq “Qarabağın” oyununa separatçıların bayrağını dronla havaya qaldırmaqda görüblər. Özlərinə ziyan etdilər.

Birincisi, bizimkilərin Amerikada təyyarə vasitəsilə həyata keçirdiyi aksiyada qanunsuz heç nə yox idi, ermənilər isə oyunun gedişini pozdular və buna görə ev sahibinin futbol komandası UEFA tərəfindən cəzalandırılacaq. Dronun futbol meydanından və ya kənarından idarə olunub-olunmadığı ayrıca araşdırılmalıdır.

Növbəti gedişi biz hazırlamalıyıq. Bugünkü hadisə bir daha göstərdi ki, müharibə yalnız səngərdə getmir, konfranslarda və idman oyunlarında da şiddətli mübarizə gedir.

Ermənistanın Baş naziri Xankəndidə “Qarabağ Ermənistandır” deyir, Azərbaycan prezidenti ona Soçidə dövlət başçılarının iştirak etdiyi konfransdan “Qarabağ Azərbaycandır” deməklə cavab verir. Döyüş davam edir!”.