Dövlətə xəyanətdə ittiham edilən jurnalistə daha bir ittiham irəli sürüldü

Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi jurnalist Polad Aslanova qarşı daha bir ittiham irəli sürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə həbsdə olan jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat yayıb.

O bildirib ki, 7 aydır həbsdə olan həyat yoldaşı indiyə qədər 274-cü maddə ilə (dövlətə xəyanət) ittiham olunurdu. Bu gündən etibarən isə ona qarşı daha bir ittiham irəli sürülüb. “Yeni ittiham 134-cü maddədən ibarətdir. Həmin maddənin açıqlaması belədir ki, “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 45 kq çəkisi olan Polad Aslanov özündən qat-qat güclü olan “jurnalisti” güya, ölümlə hədələyib. Maraqlıdır, həmin “jurnalist” hadisə barəsində niyə polisə məlumat verməyib”.

Gülmirə Aslanovanın dediklərindən belə başa düşülür ki, o, Polad Aslanovun əleyhinə ifadə vermiş şəxsi tanıyır. “Əgər Polad Aslanov səni ölümlə hədələmişdisə, nə üçün 14 iyun 2019-ci il tarixdə Polad Aslanova həbs-qətimkan tədbiri seçiləndə bizə dəstək olaraq məhkəməyə gəlmişdin? Bunu bizimlə çöldə olan şəxslər də təsdiq edə bilərlər. Necə olur ki,Polad Aslanov həbs olunan gününün səhəri ananı 3 dəfə bizim evə göndərmişdin? Tutaq ki, sənin şər və böhtanın əsasında Polad Aslanovu həbs etdilər, bununla nəyə nail olacaqsan? Nədir Polad Aslanova qarşı olan bu hirsin?”

Facebook Comments