Dollar qıtlığı manata təsir edəcəkmi?

Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.
Gürcüstan Milli Bankının mayın 30-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7997 lari təşkil edir. Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0121 lari artıb. Dolların bahalaşmasını şərh edən Milli Bankın prezidenti Koba Qvenetadze bunu qısamüddətli tərəddüd adlandırıb. O, milli valyutanın ucuzlaşmasını, əsasən, xarici faktorlarla əlaqələndirib.

Qeyd edək ki, Türkiyə lirəsi də rekord həddə ucuzlaşmaqda davam edir. Hazırda 1 dollar almaq üçün 5.89 lirə ödəmək lazımdır. Yerli vaxtla 13.11-də olan məlumata əsasən, 1 dolar 5.89 səviyyəsində qərarlaşıb. Məlumat üçün bildirək ki, qonşu ölkədə dolların sürətlə bahalaşması tendensiyası mayın əvvəllərindən etibarən müşahidə olunur. Qonşu ölkələrdəki valyuta krizi fonunda manatın məzənnəsinin necə dəyişəcəyi narahatlıq doğurur.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında manatla bağlı hər hansı mənfi dəyişikliyin olacağını gözləmədiyini bildirib:

“İstər Türkiyə lirəsinin, istər Gürcüstan larisinin, istərsə də Rusiya rublunun məzənnəsinin dollar qarşısında aşağı düşməsinin Azərbaycan manatına aidiyyəti yoxdur. Ümumiyyətlə, hər bir milli valyutanın məzənnəsinə təsir edən konkret amillər var. Bu amilləri rəhbər tutaraq deyə bilərəm ki, hazırkı vəziyyətdə manat mənfi təsir edəcək vəziyyət yaranmayıb. Ümumiyyətlə qonşu ölkələrdə dolların kursunun artması və ya aşağı düşməsinin müqabilində o ölkələrin milli valyutalarının məzənnəsinin dəyişməsi manata heç bir təsir göstərməyəcək”.

Sozcu.az