“Deyəsən AYB-nin təhdidləri reallaşır” – Emil Rasimoğlu

Bir neçə gün bundan öncə Azərbaycan Yazıçılar Birliyinin bu ilin mart ayına nəzərdə tutulan qurultayı ilə bağlı fikirlərimi bildirmişdim.

Həmin fikirlərə cavab olaraq AYB rəsmisi Rəşad Məcid öz münasibətini bildirib. Münasibətdən göründüyü kimi indi də Yazıçılar Birliyinin qurultayı 2020-ci ilin payızına nəzərdə tutulur. 2019-cu ilin payızında keçirilməli olan bir qurultay hansı səbəblərdən yubadıla-yubadıla növbəti ilin payızına gətirilib çıxarılmalıdı? Bunun bir səbəbi olmalıdı ya yox?!

Əgər səbəb qurultaya hazırlıqlardan ibarətdirsə, bu hazırlıqlar niyə vaxtında aparılmır ki, növbəti beşilliyin vaxtından istifadə edilir?! Özü də nə az nə çox düz bir il…

Yaxşı, belə çıxır ki, əgər hələ deyilən vaxtda qurultay keçirilərsə AYB-yə seçiləcək yeni sədrin rəhbərlik müddəti 4 il olacaq. İndi mən o AYB rəsmisindən soruşmaq istəyirəm, bu hansı nizamnamə qaydalarına əsaslanır? Sizə hansı müddəa haqq verir?

Rəşad Məcid bir məqamda da adımı çəkib qurultayda oxunacaq məruzələrdə mənim və digər gənclərin fəaliyyətinin də yer alacağını vurğulayır. Sadəcə Rəşad Məcidə AYB-nin orqanı olan “Ədəbiyyat qəzeti”ndə dərc edilən “İlin yekunları”nı (2019) xatırladıram.

Digər tərəfdən, Rəşad Məcid AYB Gənclər Şurasının yenilənəcəyini vurğulayır. Öncə onu deyim ki, Rəşad Məcid sözügedən Gənclər Şurasının yenilənməsindən yox, (çünki buna hal-hazırda ehtiyac yoxdur) özü də daxil olmaqla AYB rəhbərliyinin yenilənməsindən söz açsa gənclər siyasətinin məqsədlərinə daha uyğun olar.

Bir də ki, Yazıçılar Birliyinin Gənclər Şurasının yeni heyəti heç bir il deyil ki, formalaşıb. Bu gün Rəşad Məcidin həmin Şuranın təzədən yenilənəcəyini dilə gətirməsinin arxasında yenə AYB-nin gəncliyə qarşı çıxmağı dayanır! Çünki aydın məsələdir ki, indiki vaxtda Yazıçılar Birliyinin rəhbərliyi Gənclər Şurasını yalnız o məqsədlə yeniləmək istəyir ki, o Şurada hal-hazırda təmsil olunan Tural Turanı və Fuad Cəfərlini oradan uzaqlaşdırsın. Buradan da məqsəd bəlli olur.

Demək ki , AYB rəhbərliyinin niyyəti qurultaydan öncə qurultayda namizəd olacağını açıqlayan 3 gənci (Tural Turan, Fuad Cəfərli, Emil Rasimoğlu) ümumiyyətlə Yazıçılar Birliyindənuzaqlaşdırmaqdır. Aylar öncə AYB rəhbərliyi tərəfindən bizə edilən təhdidlərin deyəsən reallaşdırılmasıplanlaşdırılır artıq…

Bu addım isə bütün hallarda qəbul edilməzdir! Belə olacağı halda Azərbaycan dövləti var, qanunvericiliyi var!

Gəncləri uzaqlaşdırmağın yollarını yox, gənclərə yol verməyin yollarını düşünmək lazımdır!

Emil Rasimoğlu

AYB-nin üzvü,

Prezident təqaüdçüsü

 

 

 

 

 

 

Facebook Comments