Demokratiyanın tarixi düşmənləri: yetimlər, yoxsullar, aclar

Aqşin Yenisey

İnsanlığın əbədi qorxularından biridir aclıq. Acından ölməyin digər ölümlərdən, məsələn, vəbadan ölməkdən fərqi ondadır ki, dramatikliyi ilahi deyil, insan mənşəlidir. Çünki insanlarda belə bir inam var ki, onları yoxdan yaradan və “Yer üzünün əşrəfi” titulu ilə mükafatlandıran Tanrı heç vaxt onları acından öldürməz, qəzəblənsə, tufan göndərər, ancaq Nuh göndərməyi də unutmaz, çiçək xəstəliyi göndərər, ancaq İsanın şəfaverici əllərini də yadından çıxarmaz. Amma Allah heç vaxt öz bəndəsini acından öldürməz.

Bax bu inanca görə aclıqdan ölmək insan ölümlərinin ən rəzilidir. İnsan aclığa, yetimliyə hansısa bir günahının səbəb olduğuna inanmır, əksinə, Tanrının öz kitablarında yetimin, acın yanında olduğunu söyləməsi onu öz yetimliyi ilə qürur duymağa həvəsləndirir. Bu dəfə bu cümlənin ucundan tutub ucuzluğa gedəcəyik.

İnsanlar ta XVI əsrdən başlayaraq XX əsrin ortalarına qədər onları kütləvi şəkildə məhv edən epidemiyaların öhdəsindən axır ki gələ bildilər, məsələn, 1979-cu ildə Dünya Səhiyyə Təşkilatı elan etdi ki, indiyədək milyonlarla insanı məzara yollayan çiçək xəstəliyi ilə müharibə insanın qələbəsi ilə başa çatıb: çiçək xəstəliyi yer üzündən silinib. Ancaq aclıq haqqında belə bir qələbə xəbəri tarixin heç bir dövründə verilməyib. Baxmayaraq ki, qızıl taclar həmişə acların əlində olub və aclar bu tacı qoymağa qarınlarını doyuracaq bir baş axtarıblar. O başlar isə həmişə cüt və göydəndüşmə olublar: Papa və Kral, Şeyx və Sultan, din və siyasət.

Siyasət aclıq probleminin həlli üçün müxtəlif dövrlərdə müxtəlif yollar təklif edib. Bunlardan ən yaddaqalanı XVI Lüdoviqin arvadı kraliça Mariya Antuanettaya aiddir. Kraliça fransız xalqının aclıqdan əziyyət çəkdiyini eşidəndə təəccübünü gizlətmədən tarixə düşəcək o məşhur cümləni deyir: “Çörək tapa bilmirlərsə, tort yesinlər!” Ancaq yalan-gerçək bu sözün kraliçaya məxsus olmadığını deyənlər də var, hətta tarixçilər Antuanetta bacının xalqın çörək oğrusu olduğunu gözləri ilə görəndən sonra qələmə sarılıb gündəliyində bu sözləri yazdığına and da içirlər:

“Özlərinin bədbəxtliklərinə baxmayaraq, bizlərə qarşı bu cür yaxşı davranan bu insanları gördükdə, onların rifahı üçün daha çox çalışmağımızın lazım olduğunu düşünürəm. Bu reallığı kral da görməkdədir”.

Kraliça bu sözləri tort söhbəti dövrünün sosial şəbəkələrində – bazar meydanlarında yayılandan sonra deyib. Nə isə, babalı tarixin və tarixçilərin boynuna.

Yaxud 1974-cü ilə kimi aclıq içində yaşayan Çinin keçmiş diktatoru Mao bolluq yaradıb xalqı doyurmaq üçün belə bir “dahiyanə” plan icad etmişdi: xalq qarğıdalı tellənəndə çömçə və qazan götürüb tarlaları mühasirəyə alsın və günlərlə səhərdən axşama kimi qazanları danqıldasın ki, quşlar ürküb dəni apara bilməsinlər. Xalq belə də etdi, nəticədə ölkəni başına götürən qazan danqıltısının qorxusundan qonmağa yer tapmayan quşlar havada öldülər və bu dəfə Çini infeksion xəstəliklər bürüdü.

Və ya ən yeni tariximizə baxaq. Bir müddətdir iqtisadi-siyasi böhran içində çapalayan Venesuelada hökumət aclıqla mübarizə məqsədilə qəribə bir təkliflə çıxış etdi. Ölkənin Kənd Təsərrüfatı naziri Freddi Bernal özünün “Dovşan planı”ını açıqladı və xalqa acından ölməmək üçün dovşan ovlamağı məsləhət gördü.

Bu gün dünyada 52 ölkənin 800 milyona yaxın sakini ac yatsa da, iki milyarddan artıq insan köklükdən əziyyət çəkir. Bu “piyi palan” insanların çoxu aclıq və yoxsulluğun bir anlayış olaraq dinin və siyasətin “supermenlik” menyusundan çıxarıldığı ölkələrdə yaşayır. O ölkələrdə ki, din və siyasət özünü acların, yetimlərin hamisi kimi aparır, orada acların və yetimlərin sayı durmadan artır. Səbəbini bir azdan türk aydını Ege Cansenin “Garibanizm” yazısından verəcəyim sitatlarla izah edəcəyəm.

Siyasətin şəffaflaşmasına gedən yol tor basmış dini düşüncənin, kiflənmiş milli mentalitetin şəffalaşmasından keçir. İstisnalarla baş qatmağın tərəfdarı deyiləm. Mən də bilirəm ki, Yaponiya dininə, ənənələrinə sadiq, mühafizkar ölkədir, buna baxmayaraq, həm də dünyanın inkişaf etmiş ölkələri arasında, səhv etmirəmsə, beşincidir. Ancaq siz də onu bilin ki, bu inkişafın səbəbi 1945-ci ildən sonra ABŞ-ın Yaponiyanı işğal etməsidir. Amerikalılar yaponlara ordu saxlamağı, hərbi büdcə formalaşdırmağı qadağan etdilər və pullar səhiyyəyə, təhsilə, texnoloji layihələrə xərcləndi. Yaponların öz ümidinə qalsaydı, bəlkə, hələ də “sake” içib imperator yolunda xarakiri edirdilər.

Biz də bu gün yetimliyin ilahiləşdirildiyi, sosial bərabərsizliyin Tanrı tərəfindən dəstəkləndiyi, potensial olaraq hər kəsin içində qırsaqqız bir cinin yaşadığı, milyonlarla insanın cənnətə hazırlıq gördüyü utopik bir coğrafiyada yaşayırıq. Adını “Ərəb baharı” qoyub demokratiya, seçki şəffaflığı, insan haqları uğrunda, Allah qoymasa, mübarizə də aparırıq.

Küçələrdə evimizə girməsini istəmədiyimiz insan azadlığının izindəyik. İnsan azadlığı bizə küçədə lazımdır, o yerdə ki eybəcərliklər ailənin deyil, cəmiyyətin ayağına yazılır. Hər bir müsəlman evdən çıxarkən arxasınca deyilən bu sözləri eşidir: EVƏ AZADLIQ GƏTİRMƏ!

Bir dəfə “Facebook” profilimdə “Evində olmayan demokratiyanı, insan azadlığını başqalarından tələb etməyə heç bir vətəndaşın haqqı yoxdur” yazmışdım ki, 1993-ci ildə demokratiya arzuları məhz demokratiyanın evlərinə girməsini istəməyən xalqın biganəliyi ucbatından gözündə qalan bir dostumuz Firəngistandan xəbər yolladı ki, şair, bunun adı “Highly speculative”dir, “tak çto” sən hakimiyyətə işləyirsən, di get, ağzın tökülsün!

Qədim yunan yetimləri Sokratın ölümünə ona görə səs verdilər ki, Sokrat küçədə gəncləri başına yığıb Tanrıların insan beynindəki hakimiyyətini tənqid edirdi, şüurlardakı dini iyerarxiyanı dağıdırdı.

Beynindəki dini iyerarxiyanın müqəddəsliyinə toz qondurmayan bir cəmiyyət demokratik ola bilməz. XXI əsr müsəlman aləminin beyni hələ də “ac qonşu” problemi ilə məşğuldur. Bu “ac qonşu” kimdirsə, 1400 ildir biz tərəfdə hər kəs onun mədə-bağırsaq sistemi üzərindən ədəbiyyat “yapmaqda”. XXI əsrdə “qul haqqı” nə deməkdir, a kişi?

O saqqal zor gücünə qırxılmasa, o “ac qonşu”nun heç vaxt qarnı doymayacaq. Heç kim də xalqı Pyotrdan, Bismarkdan daha yaxşı tanıdığını zənn etməsin, bu gün ölsəniz, sabah yaddan çıxacaq adamlarsınız çoxunuz. Ya da o güc Yaponiyanın misalında olduğu kimi, kənardan gələcək və deyək ki, Həcc ziyarətinə xərclənən pulları alıb gənclərin təhsilinə yönəldəcək.

Yetimə, aca, zəifə təbiətin münasibəti aydındır: Təbiətdə bütün canlılar öz yetimlərini, zəiflərini özləri məhv edərək növlərinin mövcudluğunu qoruyurlar; şirin yaraladığı bufalonu digər sağ qalan bufalolar buynuzlayıb ölümə tərk edirlər və s. Mədəniyyət isə zorakı ideyalarla təbiətin bu qanunauyğunluğuna qarşı çıxır, onu pozur. Məsələn, zəifi qoruyan sənət yaradır, yetimin başını sığallayan din uydurur. Bu zaman yetimlərin, acların çoxluğundan ibarət bir güc mərkəzi yaranır və bu çoxluğun gücü çox vaxt cəmiyyətin güclü fərdlərini sıradan çıxarmaq üçün maraqlı qüvvələrin əlində vasitəyə çevrilir. Beləliklə, təbiətdən fərqli olaraq, cəmiyyətdə zəiflər yığışıb öz güclülərini məhv edirlər.

Məsələn, cürbəcür siyasi hakimiyyətlər, dini ideologiyalar zəifləri, yetimləri ətraflarına yığıb mənafelərinə zidd olan güclü fərdləri ovlayırlar. Dərisi beş qəpiyə dəyməyən ac və yetim cahilin cibinə beş qəpik pul qoyub onun əli ilə alimi aradan götürürlər. Yaxud vələmyesir bir dəmirçi oğlunu televizorda “Xalq şairi” elan edib əsl şairləri onun ağzı ilə şərləyirlər. Yəni mədəniyyətin qoruduğu aclar, yetimlər bir gün onun öz düşmənlərinə çevrilirlər. Məsələn, bizim Yazıçılar Birliyində hamının tanıdığı “ac” bir katib var; hər il 100 nəfər istedadsız, 50 nəfər ortabab, üç nəfər istedadlı şair və yazıçının haqqını təkbaşına yeyir, həm də dövlət büdcəsinin “şotuna”.

“Yoxsulluq yoxsulluğu çoxaldır” prinsipinə uyğun olaraq mədəniyyətin yetimliklə “ucaltdığı” bu cür adamlar da ətraflarında öz aclarını, yetimlərini yetişdirirlər. Nəticədə, cəmiyyətdə özünün gələcəyini növünün gələcəyindən üstün tutan bir yetimlik kultu yaranır ki, təbiətin ixtiyarında olsaydı, belələrini körpə ikən ölümlə cəzalandırardı.

Ona görə XXI əsrdə hər bir müsəlmanın həm Allah, həm də bəndə yanında genəlmək üçün “əlinin altında” həmişə bir ac qonşusu var.

Türk aydını Ege Cansen yetimlik kultunun bu cür şöhrətləndirilməsini bir ideologiya adlandırır və adını da “Garibanizm”, yəni bizim türkcədə desək, “Yetimizm” qoyub paraqraf açır:

“Yetimizm yetimçiliyi ucaltmaq, hətta müqəddəsləşdirmək deməkdir. Necə ki Türkiyədə kimsə yetim olmaqdan və ya yetim adlandırılmaqdan utanmaz. Yetimlik fərdi cəmiyyətdən alacaqlı hala salar. Beləliklə, cəmiyyətə, hətta özlərinə aid problemləri həll etmək istəməyənlər yetim olmağı seçərlər. Yetimizmdə yetimlərin yetimlikdən xilas olması deyil, yetim qalıb sürəkli istifadə olunması önəmlidir. Yetimizm rədd edilmədən yetimlik bitməz”.

Bu təsnif demokratiyaya, insan haqlarına və azadlıqlarına guya can atan bütün müsəlman cəmiyyətlərinə aiddir. O cəmiyyətlərə ki, XXI əsrdəki sosial bərabərsizlik səviyyələri hinduizmin çiçəklənmə dövrünü xatırladır, insanları yetim, “gariban” adlandırılmaqdan utanmaq əvəzinə, qürur duyurlar. Çünki onların beynindəki dini iyerarxiya yetimi haqqın, hüququn obyekti kimi görür. Yetimlik onlara anadagəlmə verilmiş ilahi bir imtiyazdır.

Özləri zibillikdə yaşasalar da, adları həmişə saraylarda, məscidlərdə çəkilir. Onların haqq, hüquq problemləri yoxdur, çünki tanrı özü onlara “day-daylıq” edir. Suyu olan suyunu, çörəyi olan çörəyini onlarla bölməlidir. Əks halda, adı “qul haqqı” yeyənlərin siyahısına düşəcək. “Qul haqqı”nın müqəddəsləşdirildiyi bir coğrafiyada “insan haqlarından” danışmaq səsin çox gen yerdən çıxdığına işarə deyilmi?

Bax buna görə XXI əsrdə hər bir müsəlmanın “əlinin altında” bir ac qonşusu var.

Hər kəs öz “ac qonşusunu” acından “öldürməsə”, hələ uzun illər yetimliyin ilahiləşdirildiyi, sosial bərabərsizliyin Tanrı tərəfindən dəstəkləndiyi, potensial olaraq hər kəsin içində qırsaqqız bir cinin yaşadığı, milyonlarla insanın cənnətə hazırlıq gördüyü bizim bu utopik coğrafiyada elə hey bir səbət olacaq, bir gilas, bir də biz.

oxu.az