Daha bir jurnalistə 5 il 6 aylıq cəza tələbi

Criminalaz.com saytının baş redaktoru Anar Məmmədova 5 il 6 aylıq şərti cəza istənildi. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Orxan Kəngərli bu təkliflə çıxış edib.

Prokuror deyib ki, A.Məmmədova CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Onun himayəsində iki azyaşlı övladının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Gəncədə icra başçısının güllələnməsi və ondan sonra baş verən hadisələr barədə criminalaz.com saytında gedən iki yazıya görə A.Məmmədovun 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyən prokuror eyni zamanda ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını təklif edib: «2 il sınaq müddəti təyin edilməklə, onun 5 il 6 aylıq cəzası şərti hesab olunsun».

A.Məmmədov və vəkili Elçin Namazov çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Onlara martın 15-nə qədər vaxt verilib.

Məhkəmədən sonra A.Məmmədov AzadlıqRadiosuna bildirib ki, ona qarşı ittihamların sübuta yetirilməsi barədə prokurorun dedikləri ilə razılaşmır: «Mən heç bir cinayət törətməmişəm ki, sübuta da yetirilsin. Məni ancaq bəraət hökmü qane edə bilər. Düzdür, şərti cəza həbs deyil, amma istənilən halda, günahım olmadığı halda məhkum edilməkdir. Bununla razı ola bilmərəm. Şərti cəza həm də fəaliyyətimin məhdudlaşdırılmasıdır».

Xatırlatma
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu.