Dağıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobillərin sayı artıb-VİDEO

Rusiya Federasiyasının Dağıstan respublikası. “Şimal xəbərləri”nin paytaxt Mahaçqaladan və Dərbənddən aldığı məlumatlara görə, son günlər respublika ərazisində gözlənilmədən çoxlu sayda Ermənistan dövlət nömrə nişanlı avtomobillər peyda olub.

Qonşu respublikadan verilən xəbərdə bildirilir ki, avtomobillərin içərisində xarici markalı və bahalı maşınlar üstünlük təşkil edir. Bu məsələ ilə əlaqədar müxtəlif rəylər mövcuddur. Bəzi dağıstanlılar deyirlər ki, Ermənistanda avtomobillər çox ucuzdur.

Bundan əlavə, alqı-satqı zamanı və maşınlar sərhəddən keçirilərkən sığorta və depozit tələb olunmur (Bu az inandırıcı görünür və tərəfimizdən araşdırılır). Avtomobillərin Gürcüstan ərazisindən keçirilərək Dağıstana gətirildiyi söylənilir. Lakin başqa fikirdə olanlar da var. Onların qənaətincə, xarici markalı maşınlar Dağıstanın qonşuluğundakı Gürcüstanda daha ucuzdur. Belə olan halda maşınların Ermənistadan gətirilməsi çoxlu suallar doğurur. Bəziləri isə iddia edir ki, dağıstanlılara Ermənistanda yaşıl işıq yandırılıb. Digər bir məlumatda isə bildirilir ki, son vaxtlar Dağıstanda Ermənistandan gələnlərin də sayı artıb. Təbii ki, bunlar ayrı-ayrı mənbələrdən alınan informasiyalardır. Araşdırmalarımız başa çatdıqdan sonra ətraflı məlumat verəcəyik.

Sozcu.az