“Dağ yəhudiləri İsraillə bizim aramızda qardaşlıq körpüsüdür” – Müqəddəs Mehdiyev

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində bu qurumun mənzil-qərargahında İran xarici işlər naziri Cavad Zəriflə, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Danışıqlar zamanı İranın erməni icması iki xalqı və dövləti birləşdirən güclü körpü kimi qiymətləndirilib. Hər iki tərəf regional və beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü açıqlayıblar.

“Ermənistan-İran qardaşlığı onilliklərdir ki, davam edir. Müqəddəs dinimizdən gen-bol danışmağı sevən, yalançı islam həmrəyliyindən dəm vuran cənub qonşumuz birinci dəfə deyil ki, düşmənimizlə eyni siyasi mövqedə olduğunu nümayiş etdirir.” Bu açıqlamanı “Şimal xəbərləri”nə İran-Ermənistan münasibətlərindən danışan Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev verib. O, qeyd edib ki, İran Azərbaycana qarşı daim xəyanətkar mövqe sərgiləyir. “Sözügedən görüşdə Ermənistanın və İranın regional məsələlərdə vahid mövqedən çıxış etdiyi vurğulanıb. Bunun nə demək olduğu əslində hamıya aydındır. İran işğalçı Ermənistanın yanındadır. Bir az da dərinə getsək cənub qonşumuz Dağlıq Qarabağı Ermənistanın ərazisi adlandıran Paşinyanı dəstəkləyir. Mən İranın Azərbaycanla bağlı verdiyi heç bir bəyanatı səmimi saymıram. Buna əsasım da var. Hələ 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qırğınlar törədəndə İran heç bir reaksiya vermədi. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin tarixi bəyanatını dəstəkləmədi, baş verənləri keçmiş SSRİ-nin daxili işi adlandırdı. Ermənistanın dövlətimizə qarşı təcavüzünün ilk illərindən indiyədək İran açıq və gizli şəkildə daşnaklara yardım edib. Bu azmış kimi, qondarma Talış-Muğan respublikasının elan edilməsi birbaşa molla rejiminin dəstəyi ilə həyata keçirilmişdi. Niyə gizlədirik, separatçılara qonşu ölkədən silah-sursat da verilirdi. Dağlıq Qarabağın ətrafındakı İranla həmsərhəd olan rayonlarımızın işğalı cənub qonşumuzu sevindirirdi. Onlar sərhədlərdə erməni əsgərinin dayanmasından məmnun idilər.”

Şimali Qafqaz üzrə ekspert deyir ki, İranın ali dini rəhbərliyi ortalığa mücərrəd bir bəyanat da atıb. İşğalçını öz adı ilə çağırmaqdansa “Azərbaycanın işğal edilmiş əraziləri islam torpaqlarıdır” deyir. “Allah dünyanı yaradarkən onu islam, xristian və digər dinlərin torpaqlarına bölməmişdi. Dərinə getmək istəmirəm, bu fikrin arxasında bir çox mənalar durur. Bizə lazım olan bu idi ki, İran Ermənistanı açıq şəkildə işğalçı kimi tanısın. Amma bu olmayacaq. Cənub qonşumuzu islam maraqlandırmır. Bu ölkədə din siyasi bir alətdir, üzdə olanlar yalnız görüntüdür. Belə olmasaydı, şiə qardaşlığı erməni qardaşlığı ilə əvəzlənməzdi. Necə olur ki, İraqa, Suriyaya, Yəmənə və başqa ölkələrə şiə icmalarının müdafiəsi adı altında hətta hərbi müdaxilə edən İran qonşuluğunda baş verən şiə soyqırımlarına göz yumur? Mən məsələyə bu kontekstdə yanaşmaq istəməzdim. Amma İranın ali dini rəhbərliyinin iç üzünü açmaq məcburiyyətindəyəm. Eyni qaydada çeçen xalqına, boşnaklara, uyğurlara və digərlərinə divan tutulanda da İran seyirçi mövqe tutdu. Çünki Rusiyanın əlində bir oyuncaqdır. Rus-erməni-fars iş birliyi daim Azərbaycanın əleyhinə yönəlib.”

Müqəddəs Mehdiyevin fikrincə, İrana qarşı heç vaxt siyasi etimad göstərilməməlidir. Müstəqil Azərbaycanı özünə təhdid sayan molla rejiminə layiqli cavab verilməlidir. “İranın islam dini ilə oyunbazlığı uzun çəkməyəcək. Qonşu ölkədə yaşayan əhali rejimdən narazıdır. Diqqətlə baxın, Azərbaycana gələn İran turistlərinin böyük əksəriyyəti dünyavi dövlət prinsiplərini bəyənirlər. Əgər onlar doğrudan da molla rejiminin ideyalarını dəstəkləyirlərsə niyə Bakının restoranlarında kef məclisləri qurur, açıq-saçıq geyinirlər? Məgər sərhəddi keçən kimi din yaddan çıxır? İnsan bütün varlığı ilə hər hansı bir ideyanı qəbul edirdsə, onun üçün sərhəd yoxdur. İstər Azərbaycanda, istərsə də Rusiyada olsun, nə geyimin dəyişər, nə də ki, davranışın. Deməli, İranda islamdan saxtakarcasına istifadə edən bir despot rejim var. Məhz bu rejim qırx milyonluq Azərbaycan türklərinin əl-ayağını bağlayıb öz haqlarını müdafiə etməyə, Ermənistana qarşı dirəniş göstərməyə qoymur.” Şimali Qafqaz üzrə ekspert onu da bildirir ki, son vaxtlar ABŞ-dan və digər xarici ölkələrdən çıxışlar edən, əslən türk olan bəziləri təzadlı fikirlər səsləndirirlər. “Mənim Mahmudəli Çöhrəqanlı ilə bağlı söylədiklərim bizdəki müəyyən siyasi dairələrin xoşuna gəlmir. Belə şeylərə qətiyyən əhəmiyyət vermirəm. Özünü Azərbaycanın şimalının və cənubunun lideri adlandıran bu şəxs İranın ali dini liderlərinin və prezidentinin adını çəkmir. Mənasız İraq-İran müharibəsində iştirakından fəxrlə danışır. Deyir ki, yenə də müharibə olsa İranın müdafiəsinə qalxar. Olsun, qonşu ölkənin vətəndaşını başa düşürəm. Amma Azərbaycanın haqlarından dəm vuran, Böyük Azərbaycana liderlik iddiasına düşən birisi nədən qırx milyonluq türkü Ermənistana qarşı savaşa səsləmir? Əvəzində hər gün ölkəmizdəki siyasi vəziyyəti və hakimiyyəti gündəmə gətirir, müxalifətə yuxarıdan aşağı baxır. Ona məsləhətimiz budur ki, əvvəlcə bir öz ölkəsində tanınsın, millətimizi işğalçılara qarşı səfərbər etsin, Azərbaycan türklərinin haqlarını tapdalayan molla rejiminə qarşı sözünü desin. Hər halda Azərbaycan İran deyil, bizim birinci dərəcəli vəzifəmiz Ermənistanı diz çökdürməkdir”.

Müqəddəs Mehdiyev vurğuladı ki, İran Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşır. Molla rejiminin istəyi budur ki, ölkəmizdə antisemitizm dalğası yaratsın. “Azərbaycandakı yəhudi icması, xüsusən də, Qubadakı Qırmızı qəsəbədə yığcam halda yaşayan dağ yəhudiləri İsraillə bizim aramızda qardaşlıq körpüsüdür. İranın cəhdləri baş tutmayacaq. Niyə İran ermənilərə dost deməlidir, bizsə yəhudilərə yox? İranın Fələstin məsələsindəki mövqeyi də saxtadır. Əgər Fələstin torpaqlarına İsrail yox, Rusiya iddia etsəydi, İran cınqırını da çıxarmazdı. Bizə gəldikdə isə, Fələstinin keçmiş rəhbəri Yaser Ərəfat da, indiki başçı Mahmud Abbas da ermənilərdən daha çox ermənidirlər. Muxtariyyatın küçə və meydanlarını vaxtaşırı daşnak bayraqları ilə bəzəyirlər.”

Müsahibimiz bildirir ki, İranda yaşayan soydaşlarımız nəhayət hərəkətə keçməlidirlər. “Azərbaycan türkləri onları molla rejiminin fətvası ilə sağa-sola çəkən bəzi liderlərə qulaq asmamalıdırlar. Bu gün ən ümdə vəzifə ayağa qalxaraq Erməsitanla qardaşlıqdan danışan İranın molla rejiminə güc göstərməkdir.”

Facebook Comments