“Dadaş Həsənzadə ideyalı insanın örnəyidir” – Aydın Əlizadə

“İZ” müsahibə layihəsinin bu dəfəki qonağı Gizli Müsavatın rəhbəri, Azərbaycan İstiqlaliyyətinin bərpası uğrunda sonuna qədər mübarizə aparmış Dadaş Həsənzadə’nin bacısı Pəri xanımın nəvəsi, Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə və Sosiologiya institutunun baş elmi işçisi Aydin Əlizadə ‘dir.

 – Aydın bəy “İZ” müsahibə layihəsində sizi xoş gördük.

Nənəniz Pəri xanım Gizli Müsavatın rəhbəri Dadaş Həsənzadənin bacısıdır. Sizinlə Dadaş Həsənzadə, onun mücadilə yolu və yaşanan o ağır və məşəqqətli günlər haqqında söhbətləşmək istəyirəm. Bildiklərinizi, yadınızda qalanları bizimlə bölüşməyiniz bizim üçün xoş olar. İlk öncə Nənənizlə bağlı suallar vermək istəyirəm.

Nənəniz Pəri xanımın fəaliyyəti, gördüyü işlər nədən ibarət idi ? Onun bioqrafiyası haqqında sizdən məlumat almaq istərəm?

– Dadaş Həsənzadənin bacısı Pəri Həsənzadə (evlilikdən sonra Əliyeva) 1908-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçmüşdü. Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalmışdır.
Pəri Həsənzadə 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) söbəsini bitirir. Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs almışdı. Daha sonra Azərbaycan Dövlət Universitetinin Dil və Ədəbiyyat bölməsinin aspiranturasına qəbul olmuşdu.

Dadaş Həsənzadə və Əhməd Hacınski

1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə Bakıda nəşr olunan “Şərq Qadını” jurnalında çalışmış, jurnalın məsul katibi olmuşdu. Onun mənə söylədiklərinə görə, Məmməd Səid Ordubadinin məşhur “Qılınc və Qələm” romanının ilk redaktoru idi.

1931-ci ildə  İskəndər Əliyev ailə həyatı qurur. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləmişdir. Buna görə də onunla ailə həyatı qurandan sonra Pəri Əliyeva və onun yaxınları sovet rejiminin təqiblərdən müvəqqəti qurtara bilmişdirlər. Ancaq 1938-ci ildə həyat yoldaşı İskəndər Əliyev “xalq düşməni” elan edilərək həbs olunmuş, 1941-ci ildə isə Qazaxıstana sürgün edilmişdir. Bundan sonra yenə də təqiblər dövrü başlanmışdır.

Ortada Güllü xanım, yanında Dadaş Həsənzadə və Pəri xanım, aşağıda isə Gülsəbad  xanım və Novruz bəy

Həyat yoldaşının həbsi ilə əlaqədar olaraq Pəri Əliyeva 1938-ci ildə “Şərq Qadını” jurnalında tutduğu vəzifədən kənarlaşdırılır. Bir müddət Azərbaycan Dövlət Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışır, 1941-ci ildə qısa müddət ərzində həmin teatrın müdiri vəzifəsini icra etmişdir. Ancaq 1942-ci ildə təqiblərdən qorunmaq üçün Bərdə rayonuna köçməyə məcbur olur, Bərdə şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimi olur.

1953-cü ildə Bakıya qayıdır və burada 51 saylı axşam orta məktəbində (indiki 189/190 №-li məktəbin binasında yerləşirdi) rus dili və ədəbiyyatı fənnindən dərs deyir. 1956-ci ildə həyat yoldaşı İskəndər Əliyevin bəraət alıb Bakıya qayıtmasından sonra təqaüdə çıxır və ictimai fəaliyyətlə məşğul olmur. 1992-ci ilin noyabrında Bakı şəhərində vəfat etmişdi.

– Nənəniz Dadaş Həsənzadə haqqında sizlərə nələrsə danışırdımı ? Sovet illərində danışılanlardan yaddaşınızda nələr qalıb?

Əlbəttə, hələ uşaqlğımda ondan qəhraman qardaşı haqqında söhbətləri eşitmişdim. Onu həyatının sonuna qədər bir an da olsa yaddan çıxartmamışdı. Hətta eyni mövzunu dəfələrlə təkrar edirdi və hər dəfə mən onu maraqla dinləyirdim, təkrar da olsa yorucu deyil idi. Ancaq gəncliyimdə o söyləntilərə o qədər də əhəmiyyət vermirdim, çünki Müsavat, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə haqqında xəbərim olmamışdı. Bu da Sovet rejiminin sistemi və təbliğatı ilə bağlı idi. Azərbaycan gəncliyi öz keçmişi haqqında xəbərsiz idi. Buna baxmayaraq, məndə həmişə Dadaş Həsənzadə haqqında bir qəhraman obrazı formalaşmışdı, halbuki anlamırdım o nəyin uğrunda savaşmışdı. Sadəcə Stalin dövrünün repressiya qurbanlarından biri sayırdım onu, təxminən babam İskəndər Əliyev kimi (onun da haqqında nənəm çox danışardı).

Nənəm Sovet dövründə mənə və başqa nəvələrinə qardaşının Gizli “Müsavatın” rəhbəri olması və M. Ə. Rəsulzadənin qaçırılması əməliyyatında iştirak etməsi, evlərində müsavatçıların yığıncaqlarının keçirilməsi haqqında bəhs edərdi. Təbii ki o, Dadaş Həsənzadənin istintaq materialları ilə tanış deyildi. Qardaşı həbs edildikdə isə Pəri Həsənzadə Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) tərəfindən evlərində keçirilmiş axtarışın canlı şahidi olmuşdur.

Eləcə də Pəri Həsənzadə xatirələrində qardaşının maarifçilik fəaliyyətindən də bəhs etmişdir. Onun dediklərinə görə, D. Həsənzadə evində kəndlərdən gəlmiş gəncləri yığaraq, onlara vətənpərvərlik ruhunda mühazirələr oxumuşdur. Bir dəfə Pəri xanım ona savadsız və nadan adamların nə üçün evlərinə gətirdiyindən narazılıq edərkən cavabında Dadaş bəy acıqlanaraq ona “biz hamımız millətimizin səviyyəsinin qaldırılması üçün iş görməli, onlar haqqında aşağılayıcı sözlər deməməliyik!”söyləmişdi.
Dadaş Həsənzadənin anası Güllü xanım, solda Pəri xanım, onun bacısı Gülsəba xanım və qardaşı Novruz bəy

Pəri xanımın xatirələrinə görə, Dadaş bəy hansısa Sovet hökumətinə məxsus obyektlərin birinin ya da bir neçəsinin partladılmasında da iştirak etmişdi. Bunu da təsdiq edən başqa mənbələrə rast gəlmək olmur. Bu hadisələr olsaydı, çox güman ki, 1922-ci ilə qədər baş verməli idi, çünki o zaman Azərbaycanın SSRİ tərkibinə girməsinə etiraz olaraq ölkədə üsyanlar başlamışdır, xüsusən də Bakıda çoxlu strateji obyektlər, sıradan çıxarılmışdır.

Dadaş bəyin fəaliyyətinin gizli olmasına görə, bir çox təfərrüatlardan onun xəbəri olmamışdı, çünki qardaşı evdə bu barədə danışmazdı. Ona görə nənəmin xatirələri daha çox onun həbs olunmasından sonra haş verən hadisələrə aid idi. Məsələn o danışardı ki, Dadaş bəy dindirilmə zamanı bir ADSİ müstəntiqinin üzünə mürəkkəbqabı ilə zərbə endirərək onun gözünü çıxartmışdır. Bu olayın gələcək illərdə tanış olduğum yazıçı İsmayıl Saryalın “Bakı rüzgarı” romanında təsdiqini tapdım. Həmin olayı Pəri xanım da söyləyərək o müstəntiqin kim olmasına da aydınlıq gətirmiş, onun istintaq sənədlərində adı keçən Jukov olduğunu iddia etmişdi. O Müstəntiqin adına istintaq materialları ilə tanış olan zaman rast gəldim. İ. Saryalın yazdığına görə,, Dadaş bəyin anası Güllü xanım onunla həbsxanaya görüşə gələndə bir zabitin gözünün sarğılı olduğuna diqqət etmişdir.

Daha sonra Pəri xanımın xatirələrinə görə, M. C. Bağırovu yaxşı tanıyan bir qohumu Dadaş bəyin cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına getmişdi. Bir müddət sonra, M. C. Bağırov onu yanına çağırıb tapançasını qabağına qoyaraq demişdir ki, onu vurub öldürə bilər, ancaq bir daha D. Həsənzadənin cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gəlməsin. Bağırovun sözlərinə görə, o Dadaş bəylə söhbət edib, ona əksinqilabi fəaliyyətə son qoymaq şərti ilə tibb müəssisələrinin birində müdir vəzifəsini və hər cür imtiyazları təklif etmişdir. Ancaq cavabında Dadaş bəy onun təklifini rədd edərək, Sovet hökumətini tanımadığını və bu dövlətlə heç bir sövdələşməyə getməyəcəyini söyləmişdi.
Pəri Həsənzadə qardaşı ilə həbsxanaya görüşə gedəndə onun məhbus şəkillərini uzun saçları arasında gizlədərək oradan çıxarda bilmişdi. Təhlükələrə baxmayaraq, qardaşının bütün fotoşəkillərini və sənədlərini repressiyaların ən şiddətli illərində belə qoruyub saxlaya bilmişdi.

Nənəm həm də söyləmişdi ki, qardaşı bir tatar qızı ilə evlənmək istəyirdi. Onlar bir yerdə hospitalda işləyirdilər. Dadaş bəy həkim idi, o qız isə tibb bacısı. Hətta Dadaş bəy tutulanda o qız evlərinə gəlirdi, anası Güllü xanıma dəstək olurdu, ona məişət işlərində kömək edirdi. Ancaq evlilik onlara qismət olmadı.

– Yaşamının böyük bir hissəsini Azərbaycanın azadlığına həsr etmiş Dadaş Həsənzadənin Gizli Müsavatın güclənməsi və təşkilatlanmasında xüsusi xidmətləri var. Gizli Müsavatın ikinci rəhbəri olaraq onun fəaliyyəti ilə bağlı arxiv sənədlərində çox ciddi və əhəmiyyətli məlumatlar var. Bu sənədlərin surətlərinin bir hissəsini əldə etmisiniz. Bu haqqda nələri deyə bilərsiniz?

– Nənəmin ən böyük xidməti ondan ibarət idi ki, rəvayət kimi olsa da mənə bu olaylar haqqında bilgi vermiş və gələcək illərdə, xüsusən də ölkəmizin müstəqillik qazanmasından sonra bunu yaddan çıxartmamışdım. O zaman məndə belə bir sual yarandı ki, ölkəmiz müstəqil olubsa, onun uğrunda keçmişdə də canlarından keçənlər olmuşdu, onlardan biri də nənəmin qardaşı idi. Nə üçün onun haqqında heç yerdə məlumat yoxdur? Nə üçün Müsavatın bir çox xadimləri haqqında bilgi olduğu halda, Dadaş Həsənzadəni ölkə ictimaiyyəti tanımır? O zaman mən hələ mühəndis idim və elmi fəaliyyətlə məşğul deyil idim. Həmin dövrdə bir çox araşdırmaçılarla söhbətlərim olmuşdu, ancaq onların heç biri Dadaş bəyin haqqında heç nə eşitməmişdilər. Bu da mənə qəribə gəlirdi ki, nənəmin danışdıqları məgər əfsanə idi? Necə olur ki, bu şəxsiyyəti nənəmdən başqa heç kəs tanımır?

Sonra isə mən mühəndislik fəaliyyətimi bitirdim və elmi fəaliyyətə başladım. O zaman elmi metodologiya, araşdırmaçılıq qabiliyyətini əldə etdim, Azərbaycanda və MDB məkanında müəyyən qədər tanındım, çoxlu elmi kitab və məqalə müəllifi oldum. Təbii ki, bundan sonra Dadaş Həsənzadənin kim olduğu haqqında suallar mənim üçün çox aktuallaşdı. 2017-ci ildə mənə xəbər çatdı ki, bir nəfər araşdırmaçı – “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev ADSİ arxivlərində olub və Dadaş Həsənzadə haqqında materialları əldə edib. Bu xəbəri alan kimi dərhal getdim həmin qəzetin redaksiyasına və Vasif müəllimlə tanış oldum. O məni arxivdən çıxartdığı bəzi nümunələrlə tanış etdi və buna görə ona minnətdaram. İlk dəfə olaraq nənəmin söhbətlərindən başqa bir araşdırmaçının işi ilə tanış oldum və özümdə bir arxayınçılıq yarandı ki, nənəmin danışdıqları əfsanə deyil imiş, gerçək hadisə idi.

Vasif müəllim Dadaş bəyi “Mənim babam kim olub?” kitabında xatırlamışdı. Beləliklə mən Dadaş  bəyin ilk araşdırmaçısı olmamışam. Ancaq Vasif müəllimin yazdıqları məni qane etmədi. Birincisi araşdırma çox səthi idi, orada çoxlu məsələlər işıqlandırılmamış, suallara cavab verilməmişdi. İkincisi isə onun yazdıqları bir jurnalist araşdırması idi, elmi səviyyədə yazılmamışdı, mənbələrə istinadlar yox idi. Sadəcə bir ədəbi proza şəklində bir məqalə idi. Bu isə onu olquya (fakta) və elmi cəhətdən əsaslandırılmış materiala çevirmirdi. Ona istinad etmək olmazdı. Həmin sözlər İ. Saryalın “Bakı rüzgarı” romanına da aiddir. Onunla mən elmi işi görərkən tanış oldum. Ancaq ilk addım kimi Vasif müəllimin çalışmalarını yüksək qiymətləndirirəm və məhs onunla görüşdən sonra belə qərara gəldim ki, o arxivlərə mən özüm daxil olmalıyam və problemi elmi səviyyədə araşdırmalıyam.

2018 ildə Azərcaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunmalı idi. Buna görə mən qərara gəldim ki, təcili olaraq bu işi görməliyəm ki, 28 may tarixinə qədər Dadaş bəy və Gizli Müsavatın tarixi üzrə öz araşdırmamı aparıb ortalığa elmi iş çıxardım. Buna görə AMEA Fəlsəfə və Hüquq institutunun direktoru İ. Məmmədzadədən xahiş etdim ki, mənim Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərinə buraxılması xahişi ilə bir məktub hazırlasın ki, qeyd olunan Cumhuriyyətin 100 illiyi üçün bu istiqamətdə araşdırma aparıb elmi iş ortalığa qoyum. Direktorumuza təşəkkürümü bildirirəm ki, mənim xahişimə anlaşıqlı yanaşdı və həmin məktubu tərtib edərək DTX-yə yolladı. 2017 ilin yanvar ayının sonlarında həmin arxivlərə buraxılıb işə başladım. Dadaş Həsənzadə ilə birlikdə həm də 1938 ildə repressiya olunmuş babam İskəndər Əliyevin də istintaq işi ilə tanış olub o barədə də elmi iş yazdım. O da Azərbaycan elmində araşdırılmamış “Sağ trotskiçilərin işi idi”. Ancaq o barədə ayrıca danışılmalıdır.

Arxiv sənədləri haqqında onu deyə bilərəm ki, orada çoxcildi materiallar var və gələcəkdə onlar daha ətraflı tədqiq edilməlidir. Mənim imkanlarım məhdud idi və oradan yalnız Dadaş Həsənzadəyə aid materialları çıxartdım, halbuki orada Gizli Müsavatın bütün üzvləri haqqında işlər vardır. İşlədiyim cildlər “500518 N-li Dadaş Həsənzadə və başqalarının ittihan işi ,1926-1927. 7 cilddə” adlanır. Eyni zamanda DTX tərəfindən mənə iş üçün verilmiş vaxt da məhdud idi və bu çərçivədə mən geniş araşdırma apara bilməzdim. Eyni zamanda, onlar tərəfindən qoyulmuşdigər məhdudiyyətlər də var idi. Buna baxmayaraq Dadaş Həsənzadə və onunla birlikdə Gizli Müsavatın, eləcə də təşkilatın bəzi üzvləri haqqında az da olsa material əldə edə bildim. Bunlar da yazdığım 2 məqalə həcminə sığdı. Onların hər ikisini Cumhuriyyətin 100 illiyinə həsr edilmiş xüsusi dərgilərdə dərc etdirdim və beləliklə bu şəxsiyyəti və onunla bağlı olayları Azərbaycan elminə gətirdim. Həmin məqalələrdən biri “Gizli “Müsavat” Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920-1926)”, digəri isə “Dadaş Həsənzadənin Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi”dir. Bundan başqa,Vikipediya virtual ensiklopediyasında Dadaş Həsənzadə və Gizli Müsavat məqalələrini təsis etdim.Həmçinin “Sağ trotskilərin işi”  haqqında da daha iki məqalə rus və Azərbaycan dillərində yazıb elmi dərgilərdə dərc etdirdim və Vikipediyada səhifələr təsis etdim.

Həmçinin düşündüm ki, beynalxalq yayımlarda da Gizli Müsavatın tarixi verilməlidir. Bunun üçün həmin Azərbaycan dilində yayımladığım materiallardan rus dilində də  “«Мусават»: азербайджанское подполье в борьбе за независимость страны” məqaləsini yazdım və onu repressiyalara uğramışlarım beynalxalq jurnalında dərc etdirə bildim. Eyni qayda ilə bu barədə rus Vikipediyasında Дадаш Гасанзаде və Мусаватское подполье adlı məqalələr təsis etdim. Hazırda ingilis dilinə çevrilən məqaləm də var və onu sanballı beynalxalq jurnallarda dərc etmək olar. Ancaq müraciətlər etsəm də  bu günə qədər cəhdlərimin nəticəsi olmayıb.

 – Dadaş Həsənzadə sınmaz və cəsur bir şəxsiyyət idi. Gizli Müsavatın ən məsuliyyətli işlərinin icrası ona tapşırılıb. M.Ə.Rəsulzadənin Finlandiya qaçırılmasının iştirakçılarından biri kimi bu fəaliyyət ilə bağlı bizə hansı bilmədiyimiz məlumatları deyə bilərsiniz ?

– Öncə qeyd etdiyim kimi, bu barədə ilk dəfə nənəmdən hələ Sovet dövründə eşitmişdim. Sonra bu barədə Müsavat tarixinin araşdırmaçıları da çox yazıblar. Bu məsələni araşdıranda DTX arxivlərində heç bir sənədə rast gəlmədim. Ola bilsin hansısa sənəd nəzərimdən qaçdı. Bu məsələdə mən heç bir yenilik əldə edə bilmədim və məqaləmdə elmi istinadı Yurtsevərin Gizli “Müsavat” teşkilatının karakteristik vazıfaları (“Azərbaycan” jurnalı № 2-3 (27-28). İstanbul, 1954) məqaləsinə verdim. Eyni zamanda İ. Saryal da öz romanında həmin əməliyyatın təfərrüatları haqqında maraqlı xəbərlər vermişdi. Bu müəlliflər Dadaş Həsənzadənin həmin əməliyyatda müstəsna rolu haqqında məlumat veriblər.

 – Mirzə Bala Məmmədzadə və Dadaş Həsənzadə münasibətləri ilə bağlı bir sıra qaranlıq məqamlar var. Mühacirətdə Gizli Müsavat üzvülərinin siyahısının KQB agentlərinin əlinə keçməsi ilə bağlı bir sıra məlumatlar var. Dadaş Həsənzadənin ələ keçməsinə və həbsində bu siyahının rolu olubmu ? Ümumiyyətcə bu məsələ ilə bağlı nə qədər məlumatlısınız?

– Gizli Müsavatın ADSİ tərəfindən necə aşkaş olunması haqqında hansısa sənədə rast gəlməmişəm. DTX arxivlərində yalnış həbs olunma prosesi haqqında sənədlər var, orada ondan öncəki hadisələr işıqlandırılmayıb. Bəlkə mənim gözümdən qaçıb, ancaq çox güman ki, sadəcə ADSİ öz agentlərinin adlarını məxfi saxlamış və mənim əldə etdiyim sənədlərdə onların adı olmamışdır. Bəlkə də bu barədə DTX-da daha məxfi şöbə vardır, onu deyə bilmərəm.

Bildiklərim yalnız İ. Saryalın “Bakı rüzgarı”  romanındandır, ona da məqaləmdə istinad etmişəm. O yazırdı ki, M. Ə. Rəsulzadənin qaçırılmasından qəzəblənən İ. Stalin onu qaçıranların tapılması və cəzalandırılması əmrini vermişdir. Ancaq ADSİ uzun müddət onları tapa bilmirdi. Bu işə xaricdə fəaliyyət göstərən sovet casusları da cəlb olunmuşdurlar.  Onlardan  biri  olan  Tamara  adlı  bir  gözəl  rus  qadını  İranın  Rəşt  şəhərində  bir  müsavatçı  mühacirlə sevişərək onun evindən gizli “Müsavat” üzvlərinin siyahısını ələ keçirib onu ADSİ-yə göndərmişdir. Yalnız bundan sonra Sovet xüsusi xidmət orqanları təşkilatın izinə düşərək, onun otuzdan çox üzvünü bir gecə ərzində həbs edə bilmişdirlər. İ. Saryala isə bu olaylar barəsində xəbəri Quluzadə soyadlı bir ADSİ casusu vermişdir. Ancaq o müsavatçının kim olduğu barəsində İ. Saryal məlumat verməmişdi. Bununla belə, yuxarıda dediyim kimi ədəbi roman yalnız tədqiqatın istiqamətini müəyyənləşdirir, olqu (fakt) kimi dəyərləndirilə bilməz. Ona görə də müəllifin yazdıqlarını nəzərə alıb bu barədə elmi araşdırmalar aparıb sənədlər tapmaq lazımdır.

Mizəbala Məmmədzadəyə gəldikdə onun kitab və məqalələrində Azərbaycan müstəqilliyi uğrunda bolşevik işğalından öncə və sonra gedən mübarizədən kifayət qədər ətraflı məlumat vermişdi. Maraqlısı budur ki, nədənsə bu tarixi qələmə alarkən o, 1923-cü ildən sonra Azərbaycanda fəaliyyət göstərən ikinci Gizli Müsavatı və Dadaş Həsənzadəni xatırlamamışdı. Sanki bunlar Azərbaycan tarixində olmamışdılar. Bu həm də ona görə sual doğurur ki, Müsavatın birinci gizli təşkilatının rəhbəri olmuş Mirzəbala Məmmədzadə ikinci gizli təşkilatın rəhbəri doktor Dadaş Həsənzadə ilə şəxsən tanış idilər, onunla birlikdə həmin illər ərzində mübarizə yolu keçmişdilər. Halbuki Məhəmməd Əmin Rasulzadə, Hüseyn Baykara və Əbdül Vahhab Yurtsevər və digər istiqlal mübarizləri Dadaş bəyi xatırlamış və onun fəaliyyətini yüksək qiymətləndirmişdilər. Onların birlikdə mübarizədə olduqlarını DTX arxivində saxlanılan Dadaş bəyin istintaq işi də təsdiq edir. Bunu nə ilə izah etmək olar bilinməməkdədir, bəlkə də ortalıqda hansısa subyektiv məqamlar olmuşdu.

– Dadaş Həsənzadənin ən yaxın dostlarından biri Mirismayıl Saryal və onun xanımı Leyla xanım Saryal idi. Mirismayılın “Bakı rüzgarı” kitabında dostu doktor Dadaş Həsənzadə ilə bağlı maraqlı məlumatlar var. Nənəniz bu ailə bağlı heç danışırdımı sizə ?

– Nənəm o zaman çox söhbətlər etmişdi, ancaq mən gənc olduğuma görə bir çoxlarına əhəmiyyət verməmişəm, bəziləri isə yadımdan çıxıb. Gox güman ki o barədə danışıb, sadəcə mən xatırlamıram.

Solda Gülarə Qədirbəyova sağda isə Pəri xanım

 – Dadaş Həsənzadənin həbsxana illəri və sovet istintaq orqanlarına qarşı dirənişi öyrəniləsi bir mövzudur. Siz onun istintaqa verdiyi ifadələr ilə tanış olmusunuz. Həmin istintaq sənədlərində daha çox sizin diqqətinizi nə cəlb etmişdi?

– Sınmazlığı və mərdliyi. 13 mart 1926-cı il tarixindən başlayaraq səkkiz ay davam etmiş Dadaş Həsənzadənin istintaq  dindirilmələrində  o,  müsavatçı  olduğunu,  gizli  təşkilata  rəhbərlik  etdiyini,  Tiflisə  getdiyini  və  Gürcüstan Milli Komitəsi ilə əlaqə qurduğunu inkar etmişdi. Dözülməz işgəncələrə və hədələrə davam gətirməmiş bəzi məhbuslar isə, az sonra təqsirli olduqlarını etiraf edib, istintaqa D. Həsənzadə təşkilata rəhbərlik etdiyi və ümumiyyətlə fəaliyyəti haqqında ifadələr vermişlər. Ancaq buna baxmayaraq, onlarla üzləşdirilmələr zamanı Dadaş Həsənzadə hər şeyi inkar etmişdir. 1926-cı ilin oktyabr ayında keçirilən dindirilmələrdə o deyirdi ki, müxtəlif adamlar onun evində  gizli  görüşlər  keçirmək  üçün  yox,  tibbi  müayinədən  keçmək  üçün  gəlirdilər.  O  israr  edirdi  ki,  hətta  Əhməd Hacınski,  Əbdül  Vahab  Məmmədzadə  və  başqa  silahdaşları  ilə  yalnız  dostluq  etmiş,  onlarla  siyasətə  aid  heç  bir  iş  görməmişdi.

Yalnız 1926-cı ilin noyabr ayında D. Həsənzadə ona qarşı yığılan dəlillərin çoxluğu və böyük ehtimalla müstəntiqlər tərəfindən tətbiq edilən ardı-arası kəsilməyən mənəvi və fiziki işgəncələrin tətbiq edilməsinin nəticəsində etirafedici ifadələr verməyə başlamışdır. Amma o, ancaq özünün təqsirli olduğunu etiraf etmiş, hər şeyi yalnız öz boynuna almış, yaxud  da  müsavatçıların  mühacirətdə  olan  və  ölən  üzvlərinə  qarşı  ifadələr  vermişdir  ki,  belələrini  ADSİ  həbs  edə  bilməzdi. İstintaq dindirilmələrinin mətnindən görünür ki, D. Həsənzadə Azərbaycandakı yoldaşlarından birinin belə adını çəkməmişdi.

 – Dadaş Həsənzadənin təbliği və tanıdılması sizi qane edirmi ?

– Etmir, çünki Dadaş Həsənzadə təkcə tarixdə qalmayıb, onunla  bağlı  olayların  günümüzdə  praktiki  əhəmiyyəti vardır. Dadaş  Həsənzadə  gənc  yaşlarında  fəaliyyət göstərmiş və gənc olaraq 29 yaşında həlak olmuşdur. Buna görə də onun həyat yolu, fəaliyyəti və vətən uğrunda ölümü Azərbaycan gəncliyi üçün vətənə sevgi hisslərinin aşılanması və milli ruhda tərbiyə edilməsi üçün bir örnək kimi istifadə edilə bilər. Bu məqsədlə onun haqqında məktəb dərsliklərində, ali məktəblərin humanitar fənlər kurslarında məlumatın verilməsi  məqsədəuyğun  olardı. Gənclik  bilməlidir  ki,  müstəqillik  heç  də  asanlıqla  əldə  olunmayıb.  Onun  uğrunda  müxtəlif nəzəriyyələr yazılmış, mübarizələr aparılmış və çoxlu sayda qurbanlar verilmişdir. Eləcə də Azərbaycan ordusu və Hərbi dəniz donanmasının əsgər və matrosları üçün Dadaş Həsənzadə düşmənlərin qarşısında əyilməməzliyin və qəhrəmanlığın örnəyi kimi təqdim edilə bilər. Hərbi hissələrdə keçirilən vətənpərvərlik dərslərində onun tarixinin yad edilməsi şəxsi heyətlərin döyüş ruhunun möhkəmləndirilməsi işinə xidmət edə bilər.

Bundan başqa, Dadaş Həsənzadə həm də ideyalı insanın örnəyidir. O yalnız millətin azadlığı üçün mübarizə aparmış və bu yolda  heç  bir  maddi  mənfəət  güdməmişdir.  Sonda  isə  ideya  uğrunda  canını  da  vermişdir.  Əksinə,  əmək  fəaliyyəti (Azərbaycan Dövlət universitetinin hospitalında həkim idi) nəticəsində əldə etdiyi maddi gəliri mübarizə yolunda xərcləyirdi. Buna görə onun həyatı həm də qəhrəmanlıq, yüksək əxlaq, təmənnasızlıq və səmimiyyət kimi əbədi dəyərlərin örnəyidir.

Bununla belə qeyd etməliyəm ki, keçən il rəsmi dövlət kanallarında da Gizli Müsavatın və Dadaş Həsənzadənin fəaliyyəti haqqında “Müstəqillik fədailəri Azərbaycanın müstəqilliyinin bərpası uğurunda mübarizə (1920-1926)” adlı məqalə Azərtac agentliyinin saytında Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Qivami Rəhimlinin müəllifliyi ilə yerləşdirilib. Həmin məqalə mənim araşdırmalarımın əsasında yazılıb. Bundan başqa, son iki il ərzində onu əsasən sosial şəbəkələrdə bir çox istifadəçilər yad etməyə başlayıb. Məsələn onun ad günündə vətəndaşlar bu barədə paylaşım edirlər. Bu da onu deməyə əsas verir ki, gələcəkdə onun adı daha çox hallanacaq və tanınması prosesinin başlanğıc mərhələsi gedir.

Söhbətləşdi: Ceyhun Nəbi

Sozcu.az

 

 

Facebook Comments