“Cümşüd bəy gördüyü erməni haqda təhlükəsizlik orqanlarına məlumat verməliydi” – İLQAR ALTAY

 

“Təsəvvür edirsiz, bu yaxınlarda Bakıda, Azərbaycan paytaxtının mərkəzi küçələrindən birində təsadüfən erməni tələbə yoldaşım Vladimir Şikaryanı gördüm. Məndən gizlənmək istəsə də, onu saxlayıb hiddətlə soruşdum ki, sən burada nə gəzirsən, Bakıya necə gəlibsən? Cavab verdi ki, mən ləzgiyəm, erməni deyiləm ki,heç bir problem yoxdur, rahat gəlib gedirəm. Nə isə, 5 il erməni kimi tanıdığın adama erməni olduğunu sübut edə bilmədim”

Bunu politoloq Cümşüd Nuriyev mətbuata açıqlamasında bildirib. Çümşüd Nuriyev qeyd edib ki, Dağıstanda rüşvət verib soyadlarını ləzgi, avar soyadlarına dəyişərək Bakıya rahat gəlib- gedən ermənilər çoxdur.

Bu məlumat çox ciddi təhlükələrin içində olduğumuzdan və istənilən halda terrorla üzləşə biləcəyimizdən xəbər verir.

Məsələ ilə bağlı Sozcu.az-a açıqlama verən təhlükəsizlik eksperti, ehtiyatda olan polkovnik-leytenant İlqar Altay bildirib ki, Cümşüd Nuriyev  mütləq bu barədə  təhlükəsizlik orqanlarına bildirməli idi. Bəlkə ölkəyə hansısa tapşırıq missiya ilə gəlib:

“Bir hüquqşünas-ekspert kriminalist kimi deyim ki, hansısa mövzunun üzərində müzakirə açanda, bunun dəqiq və real olması vacibdir. Cümşüd Nuriyevin bu faktı tam dəqiqdirmi? Gördüyü o adam əvvəldən də erməni olubmu? Olubsa pasportunu milliyyətini dəqiq dəyişibmi? Bunları dəqiqləşdirmək lazımdır. Cümşüd bəy gərək dərhal təhlükəsizlik orqanlarına məlumat verəydi. Bəlkə ölkəyə hansısa tapşırıq və missiya ilə gəlib. Bu cür davranış bizim hər birimizə aiddir.

Indiki dövr həssas və çətindir.  Azərbaycanın suverenliyinə qarşı müxtəlif tərəflərdən pozucu müdaxilələr var. Xalq olaraq ziyalımız da, sıravimiz də hamılıqla birlikdə ayıq olmalıyıq . Dövlətə və xalqa qarşı hiss etdiyimiz hər hansı şübhəli hadisə və hərəktlər barədə dərhal təhlükəsizlik orqanlarına məlumat verməkdən çəkinməməliyik”.

İlqar Altay qeyd edib ki, Azərbaycanda yaşayan ermənilərin pasportunu dəyişərək, başqa ad-soyadla yaşaması mümkündür:

“Azərbaycanda  yaşayan dinc erməninin pasportunu dəyişib başqa ad soyadla yaşaması qanunla onun təhlükəsizliyi baxımından mümkündür.  Ancaq bu dəyişim tam qanuni yolla, təhlükəsizlik orqanlarının bilgisi və nəzarəti ilə həyata keçirilməlidir. Dövlət, əlaqədar orqanlar bilməlidir ki, bu ermənidir və hansı ad soyadı götürüb, harada, necə yaşayır və nə işlə məşgul olur. Ermənistanla müharibə şəraitində ölkənin təhlükəsizlik təminatı baxımından bu nəzarət mütləqdir.  Hansısa pasport şöbəsində milliyətcə erməni olan birinə saxta pasport verib, dövlətdən gizlin onun dogum haqqında şəhadətnaməsini, ad-soyadını, milliyyətini dəyişmək ölkə içinə potensial təhlükə yerləşdirmək deməkdir. Çünki bilmirsən başqa adı ilə Azərbaycanda sərbəst yaşayan bu erməni ölkəyə hansı  zərbəni vuracaq.  Bu artıq pasport verənin saxtakarlığından başqa, ağır dövləti cinayətidir.

Başqa ölkələrdən ermənilərin başqa millət, ad soyadla pasport əldə edərək, Azərbaycana daxil olarsa, onun saxta  paspotunu və ziyanlı fəaliyyətini ayırd etmək çətin işdir. Mənim fikrimcə bu təhlükəsizlik orqanlarında işləyənlərin peşəkar bacarığından asılıdır.  Qeyd edim ki, bu saat ermənilərlə isti alovlu müharibə getməsə də, bizə qarşı gizli təxribat diversiya, pozuculuq və informasiya-dezinformasiya müharibəsi gedir. Bunun qarşısında isə funksiya etibarı ilə dayanan ordu yacud polis yox, xüsusi dövlət təhlükəsizlik orqanlarıdır. Bu anda meydanda olan  onlardır. Bu agır  şəraitdə ölkəni qoruma vəzifəsinin öhdəsindən ugurla gəlməsi üçün bu orqanlara dövlət və xalq olaraq dəstək verilməsi lazımdır”.

“Azərbaycan Erməni xüsusi xidmət oqaranlarına bu qədərmi rahat şəkildə açıqdır? “- sualına cavab verən İlqar Altay bildirib ki, Azərbaycan erməni xüsusi xidmət orqanlarına həm açıqdır, həm bağlıdır:

“Mən deyərdim ki, Azərbaycan erməni xüsusi xidmət orqanlarına həm açıqdır, həm bağlıdır. Açıqdır ona görə ki, faktiki müharibə şəraitində olsaq da, beynəlxalq normalara görə müharibə getmir, sivil yaşayışda hesab olunuruq. Yəni ölkəmiz hərbi vəziyyət rejimi və qapalı təcrid şəraitində yaşamır.  Azərbaycan beynəlxalq tədbirləri yarışları, turizmi ilə dünyaya açıqdır.  Bu halda təbii ki, erməni xüsusi xidmət orqanlarının agent, missioner, ya kəşfiyyatçılarının ölkəyə girişi tam mümkünsüz deyil. Digər tərəfdən qapalıdır ona görə ki, bu gediş-gəliş şəraitli ölkəmizə düşmən agentləri daxil olsa belə, vəziyyət tam nəzarətdədir. Onların pozucu əməllərinin qarşısı alınır, kifayət qədər agentləri ələ keçib, həbs və zərərsizləşdirməyə məruz qalıb. Sadəcə deyim ki,  bu əməliyyatlar  gizli müharibə hesab edildiyindən hər ölkədə  olduğu kimi bizdə də ictimailəşmir.

Kimsə gəlib dənizin, ya alov qülləsinin şəkilini çəkirsə, hansısa plakatı açıb bir saniyədə şəklini  çəkib internetdə yayırsa bu artıq asayiş, ictimai, yəni şou  məsələsidir mənim fikrimcə dövlət təhlükəsizliyi miqyası daşımır. Bunu hər ölkədə etmək olar.

Elşən Əlisoy 

Sozcu.az