Cümhuriyyətimizin qurucularından olan Nəsib bəy Yusifbəylinin doğum günüdür

Azərbaycanın görkəmli ictimai və dövlət xadimlərindən və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri N.Yusifbəyli olmuşdur. O, 1881-ci ildə Yelizavetpol (Gəncə) şəhərində ziyalı bir ailədə anadan olmuşdur. 1902-ci ildə şəhər klassik gimnaziyasını bitirən N.Yusifbəyli Odessaya gedir və Odessa Universitetinin hüquq fakültəsinə daxil olur. O, tezliklə burada azərbaycanlı tələbələr tərəfindən yaradılmış Azərbaycanlı həmyerlilər təşkilatına daxil olur və bir müddətdən sonra təşkilatın rəhbərlərindən birinə çevrilir. Gənc Nəsib bəy bu təşkilat vasitəsi ilə Odessada genişlənməyə başlayan tələbə hərəkatına qoşulur və çar hökumətinə qarşı qüvvətlənən siyasi mübarizənin ən fəal üzvlərindən olur.

1905-1907-ci illər rus inqilabı dövründə siyasi mübarizəyə daha fəal qoşulan N.Yusifbəyli bu dövrdə Odessada fəhlə və matroslar, tətil vaxtlarında Gəncədə zəhmətkeşlər arasında inqilabi təşviqat işi aparır. O, 1905-ci ilin axırlarında Yelizavetpolda Ə.Xasməmmədov və b. birlikdə çarizmin təqibi nəticəsində cəmi bir həftə fəaliyyət göstərmiş “Qeyrət” partiyasının təşkilatçılarından biri olmuşdur.

İnqilabi mübarizənin getdikcə qüvvətlənməsindən və bu hərəkatda tələbələrin kütləvi şəkildə iştirakından qorxuya düşən çarizm Rusiyada fəaliyyət göstərən ali məktəbləri bağlamağa başlayır. 1907-ci ildə Odessa Universiteti bağlanır. Bu vaxt Krımın Baxçasaray şəhərinə gedən Nəsib bəy burada çap olunan “Tərcüman” qəzetində çalışmağa başlamışdır. O, bu qəzetin səhifələrində çar hökumətinin Rusiyada yaşayan xalqlara zidd siyasət yeritdiyini, zülm etdiyini tənqid edən ictimai-siyasi məqalələrlə çıxış etmişdir. O, eyni zamanda Krım tatarlarının mədəni-ədəbi tədbirlərində, Azərbaycan dramaturqlarının əsərlərinin Baxçasarayda tamaşaya qoyulmasında fəal iştirak edir, bəzən özü də rollar oynayır.

İnqilabi fəaliyyət üstündə çarizmin təqiblərindən yorulan N.Yusifbəyli təhsilini yarımçıq qoyub 1908-ci ildə Türkiyəyə getməyə məcbur olur. O, bir müddət İstanbulda yaşamış və burada “Türk dərnəyi” cəmiyyətinin yaradıcılarından və fəal üzvlərindən biri olmuşdur.

1909-cu ildə Gəncəyə qayıdan N.Yusifbəyli şəhər bələdiyyəsində işləməyə başlayır və “Mədrəseyi-ruhaniyyə” məktəbində dərs deyir, Gəncədə Azərbaycan dilində olan kitablardan ilk kitabxana yaradır, qəzetlərə müxtəlif səpgidə məqalələr yazır, “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanlar içində maarifi yayan cəmiyyət” və “Aktyorlar cəmiyyəti”ndə yaxından fəaliyyət göstərir və öz gizli inqilabi fəaliyyətini davam etdirir. O, bu dövrdə tez-tez Bakı şəhərinə gedir, oradan siyasi və ictimai vəziyyətlə tanış olur, bir sıra qabaqcıl ziyalılarla görüşür və xalqın azadlığı uğrunda mübarizə aparmaq üçün bir sıra məsləhətlər alır.

Rusiyada baş vermiş Fevral inqilabından və çarizmin devrilməsindən sonra Azərbaycanın başqa görkəmli ziyalıları kimi N.Yusifbəyli də açıq ictimai və siyasi fəaliyyətə başlayır. 1917-ci ilin martında onun bilavasitə başçılığı ilə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Firqəsi yaradılmış və partiyanın İcraiyyə Bürosunun sədri seçilmişdir. Partiya Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoymuşdu.

1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırılır. Qurultayda Gəncədən nümayəndə olan N.Yusifbəyli iştirak etmiş, Ə.Topçubaşov, N.Nərimanov, M.Rəsulzadə və b. birlikdə qurultayın rəyasət heyətinə seçilmiş və nitq söyləmişdir. O, çıxışında Türk Ədəmi-Mərkəziyyət Firqəsi partiyasının proqramına əsaslanaraq Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsini irəli sürmüşdür.

1917-ci ilin aprelində əsas məqsədləri və Azərbaycanın azadlığı uğrunda mübarizə yolu bir olan M.Rəsulzadənin başçılıq etdiyi Müsəlman Demokratik Müsavat Partiyası ilə N.Yusifbəylinin yaratdığı Türk Ədəmi-Mərkəziyyət Firqəsinin birləşdirilməsi haqqında razılıq əldə edildi. 1917-ci ilin iyulunda hər iki partiya birləşərək Türk Ədəmi (federalist) Mərkəziyyət Partiyası Müsavat adlandırıldı. Partiyanın MK-si başda M.Rəsulzadə olmaqla Bakıda, şöbəsi isə başda N.Yusifbəyli olmaqla Gəncədə fəaliyyət göstərməyə başladı. Partiyanın birləşməsi və adi 1917-ci il oktyabrın 25-29-da keçirilmiş Müsavat Partiyasının I qurultayında rəsmiləşdirildi. N.Yusifbəyli qurultay tərəfindən seçilmiş Müsavatın MK-na M.Rəsulzadə, M.Hacınski, R.Vəkilov, X.Rəfiyev və b. birlikdə daxil olmuşdur.

1918-ci il fevralın 23-də Tiflis şəhərində Zaqafqaziyanın qanunverici orqanı olan Seym işə başladı. Seymdə Azərbaycan, Gürcüstan, Ermənistan sosial-demokratik təşkilatını təmsil edən nümayəndələr iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən N.Yusifbəyli də seçildi. Bu partiya və təşkilatlardan əlavə Müsəlman sosialist blokundan 7, İttihaddan 3, Hümmət partiyasından 4 nümayəndə iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 Azərbaycan nümayəndəsi təmsil olunmuşdu. Eyni zamanda Seymin Müsəlman fraksiyası da fəaliyyət göstərirdi. N.Yusifbəyli onun da üzvü olmuşdur. N.Yusifbəyli Zaqafqaziya Seyminin və Müsəlman fraksiyasının iclasında iştirak etmiş, müxtəlif komissiyalarına seçilmiş və çıxış etmişdir. O, çıxışlarında Zaqafqaziyada milli qırğının aradan qaldırılmasını, Türkiyə ilə danışıqlara başlanmasını, Batum şəhərinin müdafiə olunmasını irəli sürmüşdür.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin geniş iclasında gərgin müzakirələrindən sonra Rusiya Müvəqqəti hökumətinə tabe olan Zaqafqaziya hökuməti istefa verdi və müstəqil Zaqafqaziya Demokratik Federativ Respublika yaradılması haqqında qərar qəbul olundu. Seym aprelin 26-da A.Çxenkelinin sədrliyi altında Zaqafqaziya federasiyasının yeni hökumətinin tərkibini təsdiqlədi. Bu yeni təşkil olunmuş hökumətdə N.Yusifbəyli xalq maarif naziri vəzifəsini tutdu.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası çağırıldı. Seym buraxıldı və Gürcüstan müstəqil respublika elan edildi. Bununla əlaqədar olaraq mayın 27-də F.Xoyskinin başçılığı ilə Seymin Müsəlman fraksiyasının fövqəladə iclası keçirildi. Bu iclasda M.Rəsulzadənin sədrliyi altında Müvəqqəti Milli Şura yaradıldı. İclasda fəal iştirak edən N.Yusifbəyli Müvəqqəti Milli Şuranın rəyasət heyətinə üzv seçildi.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-də keçirilmiş iclasında Azərbaycanın müstəqilliyini təsdiq edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan 24 nəfərdən biri də Nəsib bəy Yusifbəyli idi. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil etməyi tapşırdı. Bir saatdan sonra F.Xoyski Milli Şuranın iclasına yeni hökumətin tərkibini təqdim etmişdi. N.Yusifbəyli ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibinə maliyyə və xalq maarif naziri kimi daxil olmuşdur.

N.Yusifbəyli 1918-ci ilin mayından – 1919-cu ilin aprelin ortalarına kimi əsasən AXC-nin xalq maarif naziri vəzifəsini daşımışdır. O, ilk gündən bir xalq maarif naziri kimi Azərbaycanda maarif sisteminin qaydaya salınması, məktəblərin bərpa olunması, bütün ibtidai məktəblərdə dərslərin ana dilində aparılması, 1919-cu il 7 sentyabr tarixli qərarı ilə azərbaycanlı uşaqlara ancaq milli əlifba ilə dərs keçilməsi, tədris müəssisələrinə qəbul zamanı azərbaycanlılara bəzi güzəştlər verilməsi, Zaqatala, Göyçay, Şuşa və b. qəzalarda yeni məktəblər açılması, 1919-cu ilin sentyabrında Bakıda kişi seminariyasının və Bakı Dövlət Universitetinin təşkil olunması və s. mədəni tədbirlərin həyata keçilməsində xeyli əmək sərf etmişdir.

1918-ci ilin noyabr ayında türk qoşunları Azərbaycandan çıxarıldı. Onları ingilislər əvəz etməli idi. Bu zaman Azərbaycan hökuməti Ənzəlidə olan ingilis komandanı general Tomsonla danışıq aparmaq üçün göndərdiyi nümayəndələrdən biri N.Yusifbəyli olmuşdur.

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti fəaliyyətə başladı. Parlamentdə 120 deputat iştirak edirdi. Onlardan biri də Müsavat Partiyasının rəhbərlərindən, AXC-nin ilk maarif naziri N.Yusifbəyli olmuşdur.

1919-cu il martın 12-də Azərbaycan parlamenti binasının qarşısında Rusiya Fevral inqilabının ildönümünə həsr edilmiş Bakı zəhmətkeşlərinin təntənəli mitinqi keçirildi. Fevral inqilabının qələbəsinin və çarizmin devrilməsinin əhəmiyyəti haqqında zəhmətkeşlər qarşısında H.Ağayev, R.Vəkilov, M.Rəsulzadə, Ə.Qarayev və b. yanaşı N.Yusifbəyli də çıxış etmişdir.

1919-cu il aprelin 14-də Azərbaycan Parlamenti 29-cu səhər iclasında bütün fraksiyalar tərəfindən (“İttihad”dan başqa) müdafiə olunan Müsavat Partyasının liderlərindən biri N.Yusifbəylinin sədrliyi altında AXC-nin IV hökumət kabinetini təsdiq etdi. Axşam iclasında AXC yeni baş naziri N.Yusifbyəli çıxış edərək onun başçılıq etdiyi kabinetin qarşısında duran vəzifələrdən: Azərbaycan ərazisinin bütövlüyünü qorumaqdan, qonşularla sülh şəraitində yaşamaqdan, milli düşmənçiliyi aradan qaldırmaqdan, kəndli və fəhlə məsələlərinin müsbət həllindən, torpaq islahatı keçirməkdən, xalq maarifinin, neft sənayesinin inkişafından, orduya qayğı və diqqəti artırmaqdan və s. məsələlərdən danışmışdır.

1919-cu il mayın 6-13-də Bakı Fəhlə Konfransının təşəbbüsü ilə Bakıda tətil baş verdi. Azərbaycanlı fəhlələrin tətilin hökumət əleyhinə və siyasi tətilə çevrilməsinə qarşı çox fəal çıxış etmələri nəticəsində tətil məğlubiyyətə uğradı. Bununla əlaqədar Azərbaycan parlamentində məsələ müzakirə olunmuş və bu zaman çıxış etmiş N.Yusifbəyli bildirmişdir ki, tətil iqtisadi xarakter daşısa da o, əsl siyasi tətildir. Onlar bütün keçmiş Rusiyada sovet hakimiyyətini qurmaq istəyirlər, o, cümlədən Azərbaycanda. Bizdə faktlar var ki, fəhlə konfransının rəhbərləri Rusiya deputatlar sovetinin göstərişi və planı ilə hərəkat edirlər. Hökumətin gördüyü tədbirlər nəticəsində dəmiryolu, poçt, teleqraf işləmiş, tezliklə bu cinayətkar tətil ləğv olunacaqdır.

“Vahid və bölünməz Rusiya” ideyasında olan çar generalı A.Denikin cənuba doğru irəliləyərək Dərbəndi işğal etdi. Bu, Azərbaycanın müstəqilliyini böyük təhlükə altına alırdı. Belə bir vəziyyətin yaranması AXC hökumətini müəyyən tədbirlər görməyi tələb edirdi. 1919-cu il mayın 26-da Azərbaycan parlamentinin 41-ci fövqəladə iclasında bu məsələ geniş müzakirə olundu. İclasda çıxış edən N.Yusifbəyli ölkənin təhlükəsizliyi ilə əlaqədar tədbirlər görüldüyünü, A.Denikin nümayəndələri ilə danışıqlar aparıldığı haqqında məlumat verərək demişdir ki, mən generala dedim ki, biz vədlərdən doymuşuq, indi bir nəfər kimi öz hüquq və müstəqilliyimizi müdafiə edəcək və dünyada heç bir qüvvə bizə mane ola bilməz. Azərbaycan parlamenti hökumətin bütün tədbirlərini bəyəndi, respublikanın müstəqilliyinin və ərazisinin qorunmasında ona hərtərəfli yardım edəcəyini bildirdi. Bu məqsədilə 1919-cu il iyunun 9-da Azərbaycan hökuməti ölkənin müdafiəsini təşkil edəcək 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradılması haqqında qərar qəbul etdi. Qərarda deyilir:

“1. Dövlətin müdafiəsi üçün yaradılan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi adlansın.

2. Dövlət Müdafiə Komitəsi 5 nəfər üzvdən ibarət müəyyən edilsin. Komitəyə – Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri, ədliyyə naziri daxil edilsin”.

1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsinin sədri N.Yusifbəylinin imzası ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan edildi.

1919-cu il dekabrın 2-11-də Bakıda Türk Ədəmi (federal-ist) Mərkəziyyət Partiyası Müsavatın II qurultayı çağırıldı. Qurultayı giriş sözü ilə M.Rəsulzadə açdı. N.Yusifbəyli qurultayın rəyasət heyətinə seçilmiş və təbrik nitqi söyləmişdir. O, nitqinin axırında qeyd etmişdir ki, biz Qafqaz müsəlmanlarının I qurultayında Azərbaycanın muxtariyyəti haqqında açıq danışıqdan qorxurduqsa, indi Azərbaycanı bütün dünya tanıyır və biz qurultayı hökumət adından təbrik edirik. N.Yusifbəyli qurultay tərəfindən M.Rəsulzadə, M.Cəfərov, M.Hacınski və b. birlikdə Müsavat Partiyasının siyasi komissiyasına seçilmişdir.

1920-ci il yanvarın 11-də Azərbaycan tarixində böyük bir hadisə baş verdi. Paris sülh konfransında Ali Şura və müttəfiq dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Bu münasibətlə yanvarın 14-də Azərbaycanda bayram şənlikləri: Bakıda mitinq və nümayişlər, ordunun hərbi paradı, parlamentdə təntənəli iclas və s. keçirildi. Həmin gün respublika mətbuatında baş nazir N.Yusifbəylinin “Azərbaycan vətəndaşlarına” müraciəti dərc olunmuşdur. Müraciətdə deyilirdi: “Vətəndaşlar. 1918-ci sənənin mayıs ayının 28-də Azərbaycan millətinin əzmü qərarı ilə müstəqil elan edildi. Şiddətli hadisələr və fəlakətlər içərisində Cümhuriyyət doğmuşdu… Müstəqil həyata və kəndisini idarəyə müqtədir olduğunu göstərən millət kəndi iradəsilə hürr və demokratik yeni Azərbaycan Cümhuriyyətin təsis və davamına təntənəli surətdə müvəffəq oldu. Azərbaycanın istiqlaliyyəti haqqında böyük müttəfiqlər Şuraya Alisi tərəfindən müttəhimən rəy qəbul edilmişdir. Azərbaycan bütün hüquqa malik olaraq Qərbin pişrov millətləri ailəsinə daxil olması onun tarixində ən işıqlı bir gündür. Bu gündən etibarən ruhən və mənən tərəqqi edərək millətin müvvəyi-mənəviyyəsi gün-gündən nəşvünüma edəcəyinə şübhə yoxdur…

Yaşasın müstəqil Azərbaycan xalqı”.

N.Yusifbəyli 1919-cu ilin aprelindən – 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuşdur. Bu dövr onun siyasi və dövlət xadimi kimi fəaliyyətinin ən gərgin və yüksələn dövrü olmuşdur. N.Yusifbəylinin başçılıq etdiyi hökumət Azərbaycanın hərtərəfli – ictimai-siyasi, iqtsiadi, mədəni inkişaf etməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir: “Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında”, “Xüsusi sahibkar meşələrin dövlət mülkiyyətinə çevrilməsi haqqında” qanun layihələri hazırlanmış, Dövlət bankının yaradılması, Azərbaycan-Gürcüstan arasında hərbi-müdafiə sazişinin bağlanması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, İranla Azərbaycan arasında beynəlxalq hüquqi münasibətlərin nizama salınması haqqında müqavilənin imzalanması və s.

1919-cu il dekabr ayının sonlarından – 1920-ci ilin mart ayının axırlarınadək Azərbaycan parlamentinə daxil olmuş müsəlman partiyaları arasındakı münasibətlər, Qafqazda ermənilərin dövlət əleyhinə qaldırdıqları üsyan və şimaldan sovet Rusiyası qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması ölkədə siyasi və iqtisadi böhranı dərinləşdirirdi. Parlamentdə bu vəziyyətdən çıxmağı bacarmayan hökumət tənqid olundu və istefası tələb edildi. 1920-ci il martın 30-da N.Yusifbəylinin başçılıq etdiyi Azərbaycan hökuməti istefa verdi.

1920-ci il aprelin 27-də Bakı XI ordu tərəfindən işğal olunduqdan və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra may ayının əvvəllərində Tiflisə getməyə çalışan N.Yusifbəyli Yevlaxın Qorxun kəndində dostunun evində qonaq qalmışdır. Dostu onun əlindəki çamadanının qızılla dolu olduğunu zənn edib N.Yusifbəylini öldürmüş və boğazına daş bağlayıb Kür çayına atmışdır.

P.S.Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.