Culfada həbs olunan azərbaycanlı fəalların həbs müddəti uzadıldı

Güney azərbaycanlı milli-mədəni fəallar Səid Sultani və Bəbək Kiyumərsinin həbslərinin 45-ci günü, bu iki milli-mədəni fəalın həbs müddəti yenidən uzadılıb.

Bu qərar Seyid Əli Musəvinin rəhbərlik etdiyi Təbriz İnqilab Məhkəməsinin 16 saylı şöbəsi tərəfindən verilib.

Adı çəkilən milli fəallar Təbriz şəhərinin ETTELAAT idarəsinin təcridxanasında saxlanılırlar. Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusuna dəstək aksiyalarında iki milli fəalla yanaşı çox sayda insan həbs edilmişdi. Həbs edilənlərin çoxunun girov müqabilində azadlığa buraxılmalarına baxmayaraq, adı çəkilən milli fəallar həbsdə saxlanılıb.

Güney Azərbaycanın Culfa şəhərindən olan hər iki fəal oktyabın 4-də Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində tutulublar.

“ETTELAAT” işçiləri Səid Sultanini tutuduqdan sonra onun evində təftiş apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini özləri ilə aparıblar.

Hər iki fəal keçmişdə də apardıqları mübarizələrə görə həbs ediliblər.

Səid Sultani 2006-cı ildə İran qəzetinin türkləri təhqir etməsinə etdiyi etiraza görə Culfa şəhərində həbs edilmişdi. O, tutulandan sonra Təbrizin “ETTELAAT” İdarəsinin təcridxanasında ağır işgəncələrə qalmış, daha sonra Culfa zindanına köçürülmüş və burada məhkumluq həyatı yaşamışdı.

Fəal 2014-cü ildə ermənilərin Culfa kilsəsində törətdiyi fitnələrə qarşı keçirilmiş etirazlarda da həbs edilmişdi. O, həmçinin 2015-ci ildə “Fitilə” proqramının türkləri təhqir etməsinə qarşı baş tutmuş etirazlarda da Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Bəbək Kiyumərsi isə 2011-ci ilin iyun ayının 6-da təhlükəsizlik qüvvələri tərəfindən Culfa şəhərinin Şuca bölgəsində yerləşən atasının evində tutulmuşdu. O, 2018-ci ildə illik keçirilən Babək Qalası mərasimində də saxlanılaraq, bir neçə saat sorğu- sual edildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.

Facebook Comments