“Çoxdan dağılıbdı kəndimiz, oğul” – Bəxtiyar Hidayətin şeiri

Bəxtiyar Hidayət

Bir- iki dəfə oğlum “ata bizim kəndimiz varmı” deyə soruşdu. Mən də başını qatıb ümumi sözlər dedim. Amma bir də bu şeir alındı:

Çoxdan dağılıbdı kəndimiz, oğul
Fızıllıq basıbdı himi də yoxdu
Bayquş da yer tapmaz yuva qurmağa
Indi heç xaraba kimi də yoxu

Aranında yerim-Baxçanın qaşı
Dağında eylədim məskən Tik Daşı
Çoxdu bəyənməyən o dağılmışı
Hayıf ki bu həsrət hamıda yoxdu

Qoşula bilmədim axına,bala
Dərdim pəsdən- pəsdən oxuna, bala
Düşdü müharibə çoxuna, bala
Kefi yuxarıdı, qəmi də yoxdu

Bizik vəfasızı vəfalı yerin
Min dərdin dərmanı, şəfalı yerin
Almalı talanın, Davalı yerin
Indi yaddaşlarda namı da yoxdu.

Yaralı Bəxtiyar kükrədi, coşdu
Xəyalı qırıqdı, ümidi boşdu
Ilham pərisi də didərgin düşdü
Daha söz qoşmağın yeri də yoxdu

Facebook Comments