Çovdarlıq tarlasının “Mirzə”ləri və ya “pozdno Rita”…

İlham İsmayıl

Xüsusi xidmət orqanlarında agentura şəbəkəsi ilə işləyənlər bilirlər ki, agenti imkanlarından artıq tapşırıqlarla yükləmək onun ifşasına səbəb ola bilər. Adətən də ödənişli agentlər əlaqəsində olduğu əməliyyat işçisinin gözünə girib daha çox pul əldə etmək məqsədilə öz təşəbbüsü ilə əlavə tapşırıqlar yerinə yetirəndə “ÇP”-yaradırlar. Yəni, onun xəbər mənbəyi olduğu, tapşırıq yerinə yetirdiyi əks tərəfi şübhələndirir və onların kiçik təhlili və dezinformasiyasından sonra ifşası qaçılmaz olur. “Baharın on yeddi anı”nda məşhur bir səhnə var: Ştirlits agentlə görüşəndə ona məsləhət görür ki, bir az fasilə versin, gedib dincəlsin, yorulub. Agentə bu məzmunda məzuniyyət ərizəsi də yazdırır. Agent ərizəni yazsa da, yorulmadığını, əlavə tapşırıqlar yerinə yetirmək istədiyini bildirir və Ştirlits onu gölün kənarındaca iki güllə ilə öldürür. Həddini aşan agent baş ağrısı gətirəndə əlaqəsində olduqları şeflər bəzən belə kəskin qərarlar verə bilirlər.

Söhbət ödənişli agentlərdən gedəndə isə vəziyyət bir az da qəlizləşir. Pula, başqa imtiyazlara hərislik, hətta karyera yaratmaq istəyində olan agentlər bu halda tez tələyə düşürlər. Xüsusilə, onun yerinə yetirdiyi tapşırıqlar hər gün geniş kütlələrin gözü qarşısında baş verirsə, tapşırıq verən əməliyyat işçisinin və ya əlaqəsində olduğu hansısa məmurun (bəzən belə də olur) qəzəbinə tuş gəlirlər.

Belə birinin əməlləri, hərəkətləri çoxdan şübhə yaratsa da, son günlərdə göstərdiyi performansı onun məxfi əməkdaş statusunda olduğunu açıq ifşaya yaxınlaşdırır. Əlaqəsində olduğu məmur və ya əməliyyat işçisi bu situasiyanı dəyərləndirib, onun ipini çəkməsə “çovdarlıq tarlasının “Mirzə”si” bu tarlanı gülüstan hesab edib bülbül kimi oxumağında davam edəcək və o zaman fəsadların yaranması ehtimalı böyük ola bilər. Bunun da konkret səbəbləri var. Məxfi əməkdaşlığa cəlb olunan gündən sonra agentin psixologiyasında müəyyən dəyişikliklər baş verməyə başlayır və bu təbiidir, çünki o öyrəndikcə, öyrədildikcə, təlim-tərbiyə gördükcə tədricən hamıdan şübhələnməyə başlayır. Ona elə gəlir ki, hamı qanunsuz işlərlə məşğul olur, heç kəsi bəyənmir, ən əsası ona elə gəlir ki, küçədə rastlaşdığı, tanışı-bilişi, ona baxan, yan keçən, arxasınca gələn hər kəs agentdir, tapşırıq yerinə yetirir. Vay o gündən ki, adam qələm sahibi ola. O zaman qeyd etdiyimiz səbəblərdən yeri gəldi gəlmədi, hamının bostanına “o agentdir” daşını atmağa başlayacaq.

Yəqin diqqət etmisiniz, kimsə bir-birinə qara yaxanda deyir ki, “o KQB agentidir”, yəni SSRİ KQB-si nəzərdə tutulur. SSRİ KQB-si böyük məktəb idi və bizim qəhrəman nəzərə almalıdır ki, sədaqətlə xidmət etdiyi sistemin yaradıcısı da o təşkilatın generalı idi. Nə olsun ki? Burda qəbahətli bir şey yoxdu, əksinə, dövlətçiliyi generallar yaxşı bilir, amma KQB generalları. Təbii, bunu hansısa BXSS –in milis əlaltısının qorxuducu və alçaldıcı hərəkətlərinin nəticəsində məmurun ixtiyarına verilmiş və onun şirnikləndirici təklifləri ilə razılaşaraq muzdlu əməkdaşlığa başlamış birisinin bu cür dövlətçilik prinsiplərini anlaması çətindir.

Məxfi əməkdaşın təlim-tərbiyəsi, öyrədilməsi vacib prosedur sayılır. Əks halda Megalomaniya (maniya veliçiya) elementləri – yəni, özünü əhəmiyyətli biri bilməsi, populyarlıq, zənginlik, güc, siyasi təsirə malik olması və sairə üstün və aşkar dərəcədə ifadə edilən özünüdüşünmə yaranır və sonda xəstəliyə səbəb ola bilir. O zaman “pozdno Rita”…

Moderator.az