“Çingiz Qənizadəyə qarşı narazılıq bütün ölkəyə məlum idi” – Rəqibi – VİDEO

“80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğv edilməsi gözlənilən idi. Bu seçki dairəsinə 49 seçki məntəqəsi daxildir, bu məntəqələrdə ciddi qanun pozuntuları olmuşdu. Pozuntularla bağlı faktları Mərkəzi Seçki Komissiyasına təqdim etmişdik. Əvvəlcədən demişdim ki, sivil mübarizəmizi sonadək davam etdirəcəyik. Çingiz Qənizadəyə qarşı narazılıq bütün ölkəyə məlum idi. Bununla bağlı videolar da yayılmışdı. Fikirləşirdim ki, bu cür narazılığın qarşısında susqunluq ola bilməz. Mənim üçün seçki bitməyib, mübarizəmiz davam edir”.

Sozcu.az-ın xəbərinə görə, bunu nəticəsi ləğv edilən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuş Kərəmat Böyükçöl deyib.

“Seçicilər deputatlardan çox şey istəmirlər, sadəcə, problemlərinin dinlənilməsini istəyirlər. Millət vəkili qanunverici orqanda təmsil olunur, seçicilərin hüquqlarını qoruyur. İnsanları əmin etmişdim ki, bu seçki əvvəlkiləri kimi olmayacaq. Amma tam əksinə, əvvəlkilərdən də biabırçı şəkildə oldu. Şükür olsun, dairənin nəticəsi ləğv edildi. İstəyim seçkinin azad, demokratik və şəffaf keçirilməsidir. Deputatlığa namizədin şəxsiyyətinin, kimliyinin araşdırılması vacibdir. Tutaq ki, azad, demokratik seçki keçirilir, meyxanaçı namizədliyini irəli sürdü, insanlar da ona səs verdi. Bu o deməkdir ki, həmin insan seçicilərinin hüquqlarını qoruya bilər? Xeyr!” – K.Böyükçöl qeyd edib.

Qeyd: Həmin seçki dairəsindən lider namizəd Çingiz Qənizadə elan edilmişdi. MSK isə nəticələri ləğv etdi.

Facebook Comments