“Cəhənnəm olsun Azərbaycanı dişlərinədək silahlandıran İsrail, axı o nəyimizə lazımdır..?”

Ermənistanın İsraildə səfirlik açmaq qərarı ermənilər arasında birmənalı qarşılanmayıb. Səbəb Tehranın rəsmi İrəvanın bu qərarını kəskin tənqid etməsi olub. İran parlamenti spikerinin beynəlxalq əlaqələr üzrə köməkçisi Hüseyin Əmir Abdullahiyan bildirib ki, bu qərar “Fələstin xalqının maraqlarına ziddir”. Abdullahiyan qeyd edib ki, “… ən çətin zamanlarda yeganə qonşu dövlət olaraq kömək əlimizi uzatdığımız dost Ermənistanın bu qərarı bizim üçün gözlənilməz oldu”.

İran parlamenti spikerinin xüsusi köməkçisi vurğulayıb ki, Tehran və İrəvan arasında olan dostluq münasibətləri regional sabitliyin və təhlükəsizliyin qorunmasında vacib amildir və ümid etdiyini bildirib ki, “Ermənistan höküməti mövqeyinə yenidən baxacaq və zəruri addımlar atacaq”. (Qeyd: regional sabitlik deyəndə İran Ermənistan tərəfdən işğal olunmuş torpaqlarımızdakı mövcud status-kvonun sabitliyini nəzərdə tutur)

Məsələni şərh edən erməni mediası İrəvanın səfirlik açmasını düşünülməmiş addım kimi dəyərləndirməklə 90-cı illərin çətin vaxtlarında Ermənistanın Türkiyə və Azərbaycanın mühasirəsində qalanda yalnız İranın köməkliyi ilə ayaqda qaldığnı qeyd edir. Şərhin birində deyilir:

“Və nə üçün İranı incik salaq? İsrail naminə? Cəhənnəm olsun İsrail, axı o bizim nəyimizə lazımdır? Bu, o sionist dövlətdir ki, Azərbaycanı dişlərinədək silahlandırır. Xarici İşlər Nazirliyi həqiqətən də başa düşmürmü ki, İsrail heç vaxt neft, qaz və milyardlarla müdafiə sifarişləri alan Azərbaycanı kiçik Ermənistana əvəz etməyəcək?

Bundan əlavə, yəhudilərin erməni soyqırımını inkar edən sinik siyasətinə hirslənməyə bilmərik. 2001-ci ilin aprelində İsrailin xarici işlər naziri Şimon Peres “yəhudilər kimi ermənilərin soyqırımına məruz qaldıqlarını söyləməyin mənasız olduğunu” bildirdi və 2002-ci ildə İsrailin Gürcüstandakı o vaxtkı səfiri Rivka Koen 1915-ci il faciəsini açıq şəkildə rədd etdi. “Holokost görünməmiş bir hadisədir və ermənilərin faciəsi də daxil olmaqla heç bir şey yəhudi soyqırımı ilə müqayisə edilə bilməz.”

İranın işğalçı Ermənistanı özünə doğma bilməsi bizim üçün yenilik deyil. İran regionda heç vaxt islam faktorunu deyil, anti Azərbaycan siyasətini üstün tutub. Bir neçə gün əvvəl BBC-nin müxbiri Aleksey Manvelyanın Dağlıq Qarabağdan çəkdiyi süjetdə də bizim işğal altındakı torpaqlarda çoxlu sayda İran yük maşınlarının ora-bura getdiyinin şahidi olduq. Uzaq Fələstin maraqları İranın bəhanəsidir, İran özünə dost və doğma erməniləri hər zaman dəstəkləyib və bu gün də Azərbaycan Respublikasının əleyhinə olan bütün məsələlərdə Ermənistanın yanındadır. Azərbaycana düşmən olan İran generallarının təəssübünü çəkən, əzizləyən hər kəs Azərbaycanın düşmənidir! Bu təəssübü çəkən erməni ilə, azərbaycanlıya heç bir fərq yoxdur.

İranda yaşayan 150-200 minlik erməni icmasının bütün milli, dini, mədəni hüquqları 30 milyondan artıq Azərbaycan türkünün hüquqlarından daha yaxşı qorunur.

Təəssüf ki, erməni ilə dostluğunu İran tərəfə irad kimi rəsmən bildirmədiyimiz halda, işğalçıdan qorunmaq və işğaldakı torpaqlarımızı azad etmək üçün bizə silah satan, hər cür dostluq münasibətləri göstərən İsraildə hələ də səfirliyimizi aça bilməmişik. Kimə görə? Ermənistana hər cür kömək edən İrana görə? Ermənistanı dəstəkləyən İrana görə? (Moderator.az)

İlham İsmayıl

Facebook Comments