Cəhalətin miskin təzahürü

Xəqani Cəfərli

Yılmaz Özdil aydınlığı, Adnan Tanrıverdinin “Mehdi gələcək” “öncəgörməsi” və Natiq Cəfərlinin “Uduzan ABŞ və Tramp oldu” proqnozu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Briqadasının komandanı general Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında ABŞ tərəfindən öldürülməsindən sonra İran, Türkiyə və Azərbaycanda bu hadisəyə münasibətdə baş verənləri ürəkağrısı olmadan izləmək mümkün deyil.

Süleymani ilə vida mərasimlərində 80 nəfərin ayaq altında qalıb ölməsi, teokratik rejimin dəhşətli qorxu içində başını itirərək Tehrandan havaya qalxan sərnişin təyyarəsini vuraraq 176 nəfər günahsız adamın həyatına son verməsi İranda cəhalətin nə qədər dərinə işlədiyini göstərirsə, öldürülən generalın şəhid elan edənlərin Türkiyədə və Azərbaycanda çoxluğu bütövlükdə müsəlman ölkələrrində  meydan suladığını göstərir.

Bu cəhalətin mənzərəsini isə ən bariz şəkildə Yılmaz Özdil təsvir edib. Türkiyədə vicdanını satmamış azsaylı aydınlardan olan Yılmaz bəyin yazılarını həmişə xüsusi maraqla izləyirəm. Türkiyənin yeganə müstəqil qəzeti olan “Sözçü”nün 9 yanvar tarixli sayında Yılmaz bəyin “Cahildən daha yıkıcı bir kütlə imha silahı henuz icat edilmedi” başlıqlı yazısını cəhalətin meydan suladığı Azərbaycanda da hər kəsin oxumasını çox istərdim. Bir neçə dəfə oxuduğum bu köşəsində Yılmaz bəyin çox sərrast şəkildə müsəlman aləminə ünvanladığı “Amerkalıları öldüreceğiz diye füze fırlatırken, cenaze töreninde kendi kendine 56 vatandaşını öldürecek kadar ne yapdığının farkında olmayan ahalinin bu savaşı kazanma ihtimali var mıdır?” sualının cavabı da yazının özündədir. Yılmaz bəy kimi aydınların fikirləri şəriət cəhalətinin meydan suladığı müsəlman ölkələrində vəziyyəti dərhal dəyişmək gücündə olmasa da, qaranlığın Türkiyəyə və bütün regiona hakim olmasına imkan vermir. Məhz Yılmaz Özdil kimi aydınların sayəsində gələcəyə olan ümidlər tamamilə sönmür.

Ancaq vəziyyət o qədər acınacaqlıdır ki, İslam ölkələrinin gələcəyi ilə bağlı ümidli də olmaq mümkün deyil. Qərbdə İlon Mask, Ceff Bezos kimi işadamları Marsın insanlar tərəfindən məskunlaşdırılması, Bill Qeyts isə günəş işığını kəsintisiz istilik enerjisinə çevirəcək layihəsinin üzərində işlədikləri bir dövrdə, ən müasir müsəlam ölkəsi hesab olunan Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın hərbi məsələlər üzrə müşaviri olmuş general Adnan Tanrıverdi şiələrin sonuncu imam hesab etdikləri Məhəmməd ibn Həsən əl-Məhdinin gələcəyi ilə bağlı müsəlmanlara gözaydınlığı verir. Türkiyə prezidentinin siyasətini formalaşdıran bir neçə şəxsdən biri olmuş Adnan Tanrıverdi Mehdinin gələcəyi ilə bağlı “öncəgörmə” ilə də kifayətlənmir və 1100 il əvvəl yaşamış Məhəmməd ibn Həsən əl-Məhdinin gəlişini tezləşdirmək üçün şərait yaratmağa çağırır. Adnan Tanrıverdinin məsləhət verdiyi prezident Rəcəb Tayyib Ərdoğan isə bəyan edir ki, “Türkiyədə hər şeyin yerlisini və millisini yaratdıq, ana müxalifət mövzusnda bunu bacaramadıq. İnşallah millətimizlə birlikdə bunu da bacaracağıq”. Çağdaş bir ölkə olması ilə digər İslam ölkələrinə nümunə olaraq göstərilən Türkiyəni son 18 ildə idarə edən bu adam hələ anlamır ki, demokratik sistemdə iqtidarın özünə müxalifət yaratmaq kimi bir şansı, imkanı və hüququ yoxdur.

Aydın görünür ki, İslam ölkələrinə nümnə kimi göstərilən Türkiyədə hakimiyyət Adnan Tanrıverdinin məsləhət verdiyi Ərdoğan kimilərinin əlində olduğu, Yılmaz Özdil kimi aydınların qəzet yazarı olaraq qaldığı və hər imkanda təqib olunduğu müddətdə müsəlman ölkələrinin inkişafı xəyal olaraq qalacaq.

Yılmaz Özdilin “Cahildən daha yıkıcı bir kütlə imha silahı henuz icat edilmedi” başlıqlı yazısını Qasım Süleymaninin öldürülməsini “ABŞ və prezident Tramp uduzdu” kimi yorumlayan Natiq Cəfərlinin oxumasını xüsusilə tövsiyyə edirəm.

İranın qalib gələcəyini, ABŞ-ın məğlub olacağını iddia edənlər, hətta buna inanlar soydaşlarım yəqin ki, Pentaqonun insansız uçuş aparatının və yerətrafı orbitdəki sputnikin köməyi öldürdüyü “ələkeçməz” general Qasım Süleymaninin cənazəsini İran küçələrində daşıyan avtomobilin İran istehsalı olmadığını görməyiblər. Süleymaninin cənazəsi ABŞ-ın simvollarından olan “Chevrolet” markalı avtomobilin üzərində İran şəhərlərinin küçələrindən keçərkən iranlılar əllərindəki ABŞ texnologiyasının məhsulu olan mobil telefonların ekranına öldürülmüş generalın şəkilini qoyduqlarını nümayiş etdirirdilər. Bundan da miskin səhnə təsəvvür edə bilərsinizmi? Cəhalət davam etdikcə belə səhnələri, bundan da eybəcərlərini müşahidə edəcək, hətta iştirakçısı da olacaqsınız.

Bu yazını Yılmaz Özdilin “Cahildən daha yıkıcı bir kütlə imha silahı henuz icat edilmedi” başlıqlı yazısındakı daha bir qiymətli ifadəni diqqətinizə çatdırmaqla bitirirəm.

Yılmaz bəy yazır: “ Milletleri millet yapan kavram, ne ırktır, ne dindir, ne çoğrafiyadır, ne ordudur, ne ideolojidir…Milletleri millet yapan, şuurlu nüfustur”.

P.S. Yılmaz bəyin fikirlərini öz türkçəmizə uyğunlaşdırmağı doğru hesab etmədiyim üçün, orjinalda olduğu kimi təqdim etdim.

Facebook Comments