Çeçenistanın Azərbaycanda nümayəndəliyi açılır

Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə edib.

Sozcu.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov “Vkontakte” sosial şəbəkəsində yazıb.

Kadırovun sözlərinə görə, sözügedən razılıq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşündə əldə olunub.

Kadırov həmçinin Delimxanovun ölkə başçısı İlham Əliyevi Çeçenistana səfərə dəvət etdiyini, İlham Əliyevin isə ilk fürsətdə Qroznını ziyarət edəcəyini bildirdiyini qeyd edib.

“Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Hacı Əhməd Kadırov qoyub”, – vurğulayıb.