Çeçen qadınları üçün xüsusi taksi xidməti istifadəyə veriləcək

Taksi xidmətinin uşaq bağçası da açılacaq.

Çeçenistanın paytaxtı Qroznıda qadınlar üçün sürücüsü də zərif cinsin nümayəndəsi olacaq “qadın taksi xidməti” istifadəyə veriləcək.

Rusiyanın “Meduza” portalı xəbər verir ki, “qadın taksisi” layihəsinin sponsoru olan Birləşmiş Ərəb Əmirliklərinin Zayed Fondu bəyan edib ki, əsas məqsəd qadınların dini standartlara və ənənələrə uyğun səyahət etməsini təmin etməkdir. Çeçen dilində “qadın” mənasını verən “Mexari” adlı taksi xidmətinə 190 min dollar vəsait ayrılıb.

Maraqlısı odur ki, təmir servisi ilə yanaşı, taksi xidmətinin uşaq bağçası da açılacaq.

Rusiyanın “Qovorit Moskva” radiosunda da bu taksi xidmətindən bəhs edilib. Qeyd olunub ki, çeçen qadınlar çox vaxt təkbaşına taksiyə minməkdən çəkinirlər. Bu səbəbdən, layihənin əsas məqsədi onların təhlükəsizliyinin təmin edilməsidir.

Yalnız qadınlara xidmət edən taksi xidmətləri Cənubi Koreya, Hindistan, Keniya, Meksika və digər ölkələrdə də fəaliyyət göstərir.