“Mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökuməti”ni tanımırıq” – Paşinyan

“Ermənistanda tanınmamış “Dağlıq Qarabağ Respublikasının” (DQR) mühacirətdə olan “hökumətinin” fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir və rəsmi İrəvan belə strukturu tanımır”. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib. 2023-cü il sentyabrın 28-də antiterror əməliyyatlarının başlanmasından sonra qondarma DQR-in qondarma prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun fəaliyyətinə xitam verilməsi haqqında fərman imzalayıb. Buna baxmayaraq, o, Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, mühacirətdə olan “DQR” “hökuməti” mövcuddur və İrəvanda yerləşir. “Qeyd etməyə bilmərəm ki, bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət və addımlar ataraq, mühacirətdə hansısa hakimiyyət elan edirlər. Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət burada oturub. Bu mesaj çox aydındır: əgər zərurət yaransa, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək, Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratmaması üçün müvafiq addımlar atılmalıdır”, - deyə Ermənistan Baş naziri bildirib. “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan hökumətindən başqa heç bir hökumət ola bilməz. Əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik məsələsidir”, - Paşinyan əlavə edib.

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, xarici siyasət idarəsinin paylaşımında qeyd olunub: “Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”. Qeyd edək ki, Namiq Abbasov 84 yaşında vəfat edib.

“Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə getməlidir”

Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində bildirib, News.am məlumat yayıb. "Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycan Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, "dünyanın kəsişməsi" Şimal-Cənub marşrutudur, - Ermənistanın baş naziri deyib. Həmçinin Xəzər dənizini Ermənistan ərazisilə Aralıq dənizilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. "Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər. Bu, aşağıdakı şərtlərlə mümkündür: - Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır; - Hər bir ölkə sərhəd və gömrük nəzarətini öz ərazisindəki dövlət qurumları vasitəsilə həyata keçirir və təhlükəsizliyi təmin edir; - Sözügedən infrastrukturdan həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə oluna bilər; - Bütün ölkələr bir - birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edirlər", - Paşinyan qeyd edib.\\TURAN

İlham Əliyev Putinə başsağlığı VERDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Sülhə heç vaxt olmadığımız qədər yaxınıq - İlham Əliyev

Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.

Kəndləri verib, əvəzində Bakıdan bunu tələb edək – Oskanyan sərsəmlədi

“Erməni kəndlərini (Qazaxın işğaldakı kəndləri – red.) Azərbaycana verməyə hazırsınızsa, o zaman Bakıdan Qarabağın muxtar statusunun bərpasını tələb edin”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O, ölkənin baş naziri Nikol Paşinyanın kəndləri təhvil verməyə hazırlaşdığını iddia edib. “Bunu edirsinizsə, Qarabağla bağlı tələb irəli sürməyə borclusunuz. Ermənistanın bu məsələni gündəmə gətirmək hüququ var”, – diplomat bildirib. V.Oskanyan xüsusi vurğulayıb ki, rəsmi İrəvan Qarabağ ermənilərinin geri qayıtması üçün iş aparmalıdır, lakin bu istiqamətdə hər hansı fəaliyyət yoxdur.Globalinfo)

Əliyevin Kobaxidze ilə təkbətək görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakı Bəyannaməsinin mətni açıqlandı

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi. Nazirlər, Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq; Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq; Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq; Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək; Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək; Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək; Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək; Aşağıdakıları bəyan etdilər: Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar; Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər; Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər; Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər; Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı. Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər; Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər; Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar; Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar; BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar; Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar; Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar; Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər; Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər; Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər; Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər; Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər; Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər; Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər; Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar. Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər. Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər. 15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Naziri Zati-aliləri İlya Darçiaşvili Türkiyə Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Hakan Fidan".

Sülh müqaviləsinin mətni üzərində danışıqlar aparılır - İlham Əliyev

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycandadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib. Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.

Avropa Komissiyasında Ermənistanın Aİ-yə daxil olmaq istəyi dəstəklənib

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət edə bilər, ölkənin icmaya inteqrasiyası ilə bağlı növbəti qərar bütün Aİ ölkələrinin razılığından asılıdır. Sozcu.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa Komissiyasının nümayəndəsi Piter Stano deyib. “Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək naminə səy göstərmək hüququ var. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi - onun xalqı və hökuməti İttifaqa üzv olmaq üçün müraciət edib-etməyəcəyinə qərar verməlidir”,-deyə Stano vurğulayıb. Onun sözlərinə görə, hər hansı dövlət Aİ-yə daxil olmaq üçün müraciət edən kimi üzv dövlətlər bu müraciəti nəzərdən keçirir və sonra Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.

Müsavat başqanı tanınmış vəkili təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı  başqan müavini, tanınmış vəkil  Osman Kazımovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbrikdə deyilir.  " Hörmətli Osman bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.  Siz  gənc yaşlarınızdan Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin  fəal iştirakçılarından biri olmusunuz.  Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq pariyanın təşkilatlanması, təsir imkanlarının artması üçün yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün müxtəlif siyasi tədbirlərdə, kütləvi aksiyalarda fəal iştirak etmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini olaraq bacarıqlı vəzifə adamı kimi əhalinin  xidmətində durdunuz, ərazi bütövlüyümüzün təmin olunması üçün ön cəbhədə oldunuz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınması üçün mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.  Siz bu gün də Divan üzvü və başqan müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsi, təbliği, müsavatçılıq ideologiyasının yayılması üçün çalışırsınız.  Siz həm də uzun müddətdi peşəkar vəkillik fəaliyyəti ilə də məşğul olursunuz və Azərvaycanın ən tanınmış vəkillərindən birisiniz. Professional  vəkil kimi Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasına, vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə böyük töhfə vermisiniz.  Bir vəkil kimi müdafiə etdiyiniz  şəxslərin hüquqlarının tam şəkildə qorunması üçün yorulmadan çalışmış və haqsızlığa qarşı barışmaz olmusunuz. Siz prinsipial, vicdanlı vəkil kimi həmişə haqqın, ədalətin yanındasız.  Bu fəaliyyətinizə görə dəfələrlə təqib və və təzyiqlərə məruz qalmısız.   Peşəkarlığınız və işgüzarlığınız, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Hörmətli Osman bəy! Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı,  və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”