Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata “YOX” dedi

Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib. Nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib. Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.(modern.az)

Buna görə Azərbaycana ürəkdən minnətdarıq - Ukrayna səfiri

Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Feysbuk hesabında bildirib. "Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - Kanevski qeyd edib.

İşğaldan azad edilən rayonlar üzrə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

İşğaldan azad edilən ərazilər üzrə təmizlənən mina və partladılmamış sursatlar rayonlar üzrə sahəsi açıqlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, ANAMA və digər qurumlar tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində Ağdam rayonu üzrə 8505,1 hektar, Cəbrayıl rayon üzrə 9611,8 hektar, Füzuli rayonu üzrə 6304,9 hektar, Kəlbəcər rayonu üzrə 5986,7 hektar, Zəngilan rayonu üzrə 3177,4 hektar, Laçın rayon üzrə 2628,0 hektar, Xocavənd rayonu üzrə 1484,8 hektar, Qubadlı rayonu üzrə 1330,5 hektar, Tərtər rayonu üzrə 2221,1 hektar, Şuşa rayonu üzrə 269,3 hektar ərazi mina və partladılmamış sursatlardan təmizlənib. ANAMA tərəfindən ötən il işğaldan azad edilən ərazilərlə yanaşı respublikanın digər şəhər rayonlarında mina və partladılmamış sursatlar təmizlənib. Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Qazax, Samux, Şəmkir, Tovuz, Yevlax, Gəncə və başqa rayonlarda agentlik tərəfindən 1176 ədəd mina və partladılmamış sursatlar zərərsizləşdirilib.

İran Qarabağa müdaxilə üçün terrorçu hazırlayır – Bilgin

İran İraqın PKK-nın nəzarətində olan Sincar şəhərində terrorçulara təlim keçir. Sozcu.az xəbər verir ki, bu haqda Yılmaz Bilginin “Türkiyə” qəzetində nəşr edilən “Tehranın hədəfi Qarabağı qarışdırmaq ola bilər: İran Sincarda iki min terrorçuya təlim verir” adlı məqaləsində qeyd olunub. Müəllif İraqdakı mənbələrə istinadla terrorçulara təlim keçən şəxslər, düşərgələrin yeri, eyni zamanda onların sayı barədə məlumat verib: “Baac yolu və Hanasur-Sincar dağı arasında qurulan iki düşərgədə İrandan gələn mütəxəssislər tərəfindən terrorçulara təlim verilir. Şeyx Əbu Mərvə adlı Həşdi Şəbi komandiri şəxsi heyətlə təminat və logistika vəzifələrini üzərinə götürüb. Terrorçular Həşdi Şəbidəki yezidi terrorçuların içərisindən seçilir. Qapalı düşərgələrdə təlim keçirilənlərin içərisində Suriyadan gələn terrorçular da mövcuddur. Düşərgələrə ümumi nəzarəti Həşdi Şəbinin qolu olan Əsaib Əl-Haqq və Seyid Əl-Şühəda, eyni zamanda Hizbullah silahlıları həyata keçirir. İranlı yüksək səviyyəli mütəxəssislər bununla bərabər Mosul və Bartella nahiyələrindəki iki fərqli düşərgədə şiə milislərinə təlim keçirlər. 2000 PKK terrorçusu və eyni sayda şiə milisinə təlim verilməsinin səbəbi kimi İranın Qarabağa müdaxilə hazırlığı göstərilib”. Y.Bilgin İraq təhlükəsizlik nümayəndəsinə istinadla bildirib ki, terrorçular gizli bir yerə göndəriləcək, lakin onların göndəriləcəyi yer və göndərilmə məqsədləri bəlli deyil: “İran ötən aylarda baş konsulluq açdığı Zəngəzurda (21 oktyabr 2022, Qafan – red.) yaşayan və sayları 100 minə çatan yezidilərlə bağlı fəaliyyətə başlayıb. İraq və suriyalı yezidilərin çoxluq təşkil etdiyi Sincar təlim düşərgələrində yezidilərə üstünlük verilməsinin də məqsədi eynidir”.axar

Müsavat başqanı Rasmussenə cavab verdi: "Azərbaycan təcavüzkar deyil"

NATO nun keçmiş Baş Katibi Rasmussen deyib ki, Azərbaycan Rusiyanın taleyindən nəticə çıxartmalıdır.  Azərbaycan təcavüzkar deyil.  Biz heç kəsin ərazisini işğal etməmişik.  Əksinə elə Rusiyanın himayəsi və birbaşa iştirakı ilə bizim ərazimiz işğal olunub.  İşğalçı tərəf Ermənistandır.  Rusiyanın taleyindən Azərbaycan yox, Ukrayna müharibəsində Rusiyanın Belarusdan sonrakı ikinci müttəfiqi olan ("The Economist”) işğalçı Ermənistan nəticə çıxartmalıdır. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Faktlarımız var: Tehran Bakıya qarşı müharibəyə hazırlaşır – Şok

İranın PKK ilə əlaqələri uzun illərdir ki, mövcuddur və bu, hamıya məlumdur. Sözügedən əlaqələr dəfələrlə Türkiyə-İran münasibətlərinin əsas gündəm mövzularından olub. Bu sözləri Axar.az-a İranın terror təşkilatları ilə əlaqələri haqqında danışan Türkiyədə fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid deyib. Mütəxəssis İranın Azərbaycan və Türkiyə sərhədinə yaxın məsafədə yerləşən bir kəndi PKK-nın ixtiyarına verdiyini qeyd edib: “Son iki ildə daxili işlər naziri Süleyman Soylu da bir neçə dəfə İranı PKK məsələsində üzərinə düşənləri yerinə yetirmədiyinə görə sərt tənqid edib. Səbəb isə rəsmi Tehranın Qərbi Azərbaycan vilayətində Avacıq şəhərinin kəndlərindən birini PKK-nın ixtiyarına verməsidir. Sözügedən ərazi həm Türkiyə, həm də Azərbaycanın Culfa rayonu ilə sərhədə yaxındır. Bu addım Türkiyənin PKK-ya qarşı mübarizəsinə müəyyən əngəllər törədir. Yəni Şimali İraqda terror təşkilatına qarşı əməliyyat keçiriləndə terrorçular ordan qaçaraq Avacıqdakı kənddə gizlənirlər. Digər tərəfdən, biz Türkiyənin əməliyyat keçirmək istədiyi zamanlarda İranın və onun Qüds Qüvvələri Komandanlığının dəstəklədiyi Haşdi-Şabi qruplaşmasına bağlı Kataib Hizbullah və digər şiə milislər tərəfindən Başika hərbi bazasına hücumlar təşkil edildiyinin şahidi oluruq. Hətta oradakı bəzi İrana yaxın müctehidlər “kafirə qarşı vuruşmaq” haqqında cihad fitvası verə biləcəklərini də vurğulayıblar”. Babək Şahid İranın Qüds qüvvələrinin Suriyada ermənilərdən ibarət terror qruplaşmalarının qurulmasına və fəaliyyətinə ciddi dəstək verdiyini qeyd edib: “İrana bağlı qruplar ilə ermənilər arasında əlaqələrin doğurduğu terror qruplaşmalarından ən məşhuru Masis Mutanyanın başçılıq etdiyi Nübar Ozanyan Briqadasıdır. Briqada İranın Qüds qüvvələrinin dəstəyi ilə 2019-cu ildə Suriya ermənilərindən təşkil olunub. Terror təşkilatının hazırda 500-ə yaxın üzvü var. Belə “könüllü”lər vasitəsilə İran, Bəşər Əsəd və ermənilər arasında körpü qurulur və koordinasiya edilir. Digər qruplaşma Suriyadakı müharibə zamanı YPG terror təşkilatının tərkibində Süryani Birliyinin qolu kimi fəaliyyətə başlayan Suturo Briqadasıdır. Briqada 2014-cü ildə YPG-dən ayrılıb və İranın Qüds qüvvələri ilə yaxınlaşıb. Qarşılıq olaraq isə Qüds qüvvələri Qamışlı kəndindəki təlim düşərgələrindən birini sözügedən terror dəstəsinə verdi. Düşərgənin adını “Ağa Petros” qoydular. Ağa Petros 1918-ci ildə Cənubi Azərbaycanda Cilovluq faciəsini törədən ermənilərin başçısıdır. Hazırda Ermənistanda Daşnaksütyun Partiyasının sədri olan Hrant Markaryan bu ölkə ilə İranın Qüds qüvvələri arasındakı əlaqələrin qurulmasında vasitəçilik edir. Qeyd edim ki, Markaryan 1958-ci ildə İsfahan şəhərində Culfa məhəlləsində dünyaya gəlib, orada universitetdə erməni dili üzrə təhsil alıb, 1992-ci ildə isə Ermənistana gedib. Haşdi Şabiyə bağlı digər bir terrorçu dəstə isə Kataib Babiliundur. Tərcüməsi “İncil Briqadaları” deməkdir. Bu terrorçu qruplaşma rəsmi şəkildə Qüds qüvvələrinin tərkibindəki Bədr Ordusu ilə sıx əlaqədədir. Rəhbəri Rayan əl-Kəldani isə ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır. Kataib Babiliun Haşdi Şabi içərisində “50-ci Briqada” kimi də tanınır və təqribən 1000 nəfərlik terrorçudan ibarət olduğu bildirilir. Siyahıya Kataib Babiliuna yaxın olan Sehl-i Ninova terror qruplaşmasını da əlavə etmək olar”. Ekspert bildirib ki, VOMA terror təşkilatı haqqında Azərbaycan mətbuatında da çoxlu yazılar gedib. Bu terror təşkilatının başçısı Vladimir Vartanov Ermənistan vətəndaşıdır və onun PKK ilə çox yaxın əlaqələri var: “Vartanovun ən az 300 nəfər PKK terrorçusunu Ermənistana apardığı haqqında dəqiq məlumat var. Bunların hərəkət marşrutu isə böyük ehtimalla İran ərazisindən keçir. Terrorçuların İrana məxsus təyyarələr ilə daşınması da mümkündür”. Babək Şahid İranın sözügedən terror təşkilatlarından da istifadə etməklə Cənubi Qafqazda müəyyən dəyişikliklərə ciddi hazırlaşdığını vurğulayıb: “İranın yuxarıda sadaladığımız terror təşkilatlarına verdiyi dəstəyi dəqiq bilirik. Onların PKK ilə əlaqəsini də əksər hallarda İran qurur. Rəsmi Tehran cidd-cəhdlə Cənubi Qafqazda müəyyən dəyişikliklərə hazırlaşır. İki-üç gün əvvəl də SEPAH yayımladığı videoda Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandırdı və bunun üçün lazım olarsa, vuruşacağını bildirdi. Bütün əlimizdə olan məlumatlar əsasında İranın nəzarətində olan terror təşkilatlarından və PKK-dan terrorçuları bölgəyə daşıdığını, Türkiyə və Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü iddia edə bilərik”.

"Kristal Abşeron"un inşa etdiyi tikililərə doğru nəzarət edilmir - Sabiq deputat

"Bakı şəhərində və ətraf qəsəbələrdə, xüsusən Xırdalanda, Biləcəridə tikintilər Şəhərsalma Məcəlləsinə və Tikinti Məcəlləsinə uyğun aparılmayıb. Hamı da bundan şikayətçidir, səkiləri zəbt edilib və onsuz da yüklənmiş şəhərdə əlavə yüklənmə aparırlar". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim, sabiq deputat Nazim Baydəmirli deyib. Sabiq deputat "Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların vəziyyətini tənqid edib. O, sözügedən binaların əksəriyyətində parkinq yerlərinin nəzərdə tutulmadığını söyləyib: "Ümumiyyətlə, hər hansı yanğın və digər məsələlərlə bağlı maşınların girməyi çətinləşib. Dəfələrlə bunu sosial media resurslarında izləmişik və əksər binaların həm xarici görünüşü, həm də üslubu çox bərbad vəziyyətdədir. Şəhər sakini olaraq biz onların bir çoxlarını görürük. Eyni zamanda, sakinlərin özləri layihələrdən kənar müxtəlif rekonstruksiya işləri apararaq divarları zədələyir, həmçinin əlavə olaraq balkonlar çıxarılır. Hətta, sovet vaxtı tikilən binalarda da qeyri-yaşayış sahəsində müxtəlif pozuntular olur. Bunlar hər yerdə var, çünki rayon icra hakimiyyətləri buna qazanc mənbəyi kimi baxırlar. Bundan da qaynaqlanaraq sözügedən problemlər ortalığa çıxıb. Keyfiyyətin, nəzarətin olmaması indiki vəziyyətə gətirib. "Kristal Abşeron" şirkətinin inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksi ilə bağlı görünən vəziyyət odur ki, bu cür tikililərə doğru nəzarət edilmir. Ona görə də bu cür acınacaqlı vəziyyət ortaya çıxıb".Demokrat.az

Bu universitetdə yoxlamalara başlanıldı

Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb. Yoxlamalar ötən həftədən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir. Kafedra və dekanlıqların iş prinsipləri, bölmələrin, şöbələrin iş fəaliyyəti, il ərzində görülən işlər və hesabatların yoxlaması aparılır. Yoxlamaların nə vaxta kimi davam edəcəyi məlum deyil.APA

Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub. Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev (qafqazinfo)

"Kristal Abşeron" metro tuneli üzərində bina tikib? - Ekspert bu cür binaların qanunsuz olduğunu açıqladı

"Azərbaycanda "Kristal Abşeron" və digər şirkətlər tərəfindən tikilən binaların 80 faizi bir-birinə çox yaxın inşa edilir. Normativ və standartlara əməl olunmur". Bu fikirləri Demokrat.az-a açıqlamasında tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, hər bir bina inşa olunarkən, tikinti standartlarına əməl olunmalıdır: "Normativ və standartlar var, orada da binaların ara məsafəsi göstərilir. Lakin yeni tikilən əksər binalarda ara məsafəsi gözlənilmir. İnsanların azad toplanması üçün yerlər olmalıdır. Deyək ki, bu gün forsmajor hadisəsi, zəlzələ oldu, həmin binadan qaçıb çölə yığışmağa təhlükəsiz boş yer olmalıdır. Yoxsa hər tərəf binadırsa, əlbəttə ki, bu risklidir, çünki uçan bina onların üstünə uçacaq. Çox təəssüflər olsun ki, son illərə qədər tikilən binalarda bu normativlər gözlənilməyib. "Kristal Abşeron" şirkəti tərəfindən Xırdalan ərazisində inşa olunan binaların təhlükəsizliyi məsələsinə də toxunan Nüsrət İbrahimov qeyd edib ki, Xırdalanda tikilən binalar Bakıdan da təhlükəli vəziyyətdədir. Ekspert "Kristal Abşeron" şirkəti tərəfindən metronun "Azadlıq prospekti" stansiyasının üzərində hündürmərtəbəli yaşayış binalarının tikilməsinə də münasibət bildirib: "Hündürmərtəbəli binaların metro üzərində və ətrafında tikilməsi yolverilməzdir. Təəssüf ki, ölkəmizdə metro tunelləri ətrafında və üzərində bina tikən şirkətlər var. Bu, qanunsuzdur. Belə binalar çox risklidir. Metro üzərində yalnız kiçik iaşə obyektləri ola bilər".

Bu nazirliyə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

Ali məktəbə qəbul sistemində problem var - Nazir

Ali təhsil müəssisələrə qəbul sistemində problem var. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir: "Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur”.