Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. Bunu “Trend”ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs həmin yeri icarəyə verə bilir: “Çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayında artım müşahidə edilir. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Buranın ziyarətçilərinin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Bakının Baş planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır”. Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib. Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür”, - deyə hüquqşünas qeyd edib. Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq. 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək. Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belə olacaq: Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); Qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi

Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”. Budanov qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib. “Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”, – Budanov bildirib. Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib. Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”. Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”. Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar. Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”. Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub. Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər. Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.

Saatlıda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Saatlı rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb. Rayonun Qara Nuru kənd sakini Amil Səmədov balıq tutan zaman tilov yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyanın təsirinə məruz qalan balıqçı ölüb. Faktla bağlı araşdırma aparılır.

Budanov anons etdi: Krımda əməliyyat hazırlanır

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müvəqqəti işğal olunmuş Krımda ukraynalı hərbçilərin yeni əməliyyatlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb. “Bəli, belə aksiyalar hazırlanır. Tezliklə mövsüm dəyişəcək, ona görə də davam edəcəyik. Biz Krımı qaytaracağıq”, - Budanov vurğulayıb.

9-cu mərtəbədən yıxılan kişi xəstəxanada ÖLDÜ

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb. Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Mərkədən bildirilib, 24.03.2024-cü il tarixində saat 16:35 radələrində 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Açıq kəllə-beyin travması diaqnozu ilə yaralı Cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs 25.03.2024-cü il tarixində saat 01:00 radələrində vəfat edib.

Ağ Ev açıqladı: Kremlə məlumat ötürdük - Moskva niyə tədbir görməyib?

Mart ayında ABŞ Rusiya hakimiyyətinə Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumat verib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Vatson “Reuters” agentliyinə bildirib. "Bu ayın əvvəlində ABŞ hökuməti Moskvada böyük toplantıları, o cümlədən konsertləri hədəfə ala biləcək terror aktı ilə bağlı məlumat aldı və nəticədə Dövlət Departamenti Rusiyadakı amerikalılara açıq xəbərdarlıq etdi", - agentlik Ağ Evin sözçüsündən sitat gətirib. . "ABŞ hökuməti də uzun müddətdir davam edən "məcburi xəbərdarlıq" siyasətinə uyğun olaraq bu məlumatı Rusiya hakimiyyət orqanları ilə paylaşıb", - Vatson açıqlamasında bildirib. Maraqlıdır, Kreml Ağ Evin xəbərdarlığına niyə əhəmiyyət verməyib? (Publika.az)

Ukrayna XİN: Kremlin Kiyevə terror ittihamları planlaşdırılmış təxribatdır

Ukrayna Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş silahlı hücumda Ukraynanın əli olması ilə bağlı Rusiya rəsmilərinin səsləndirməyə başladığı ittihamları qəti şəkildə rədd edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat verib. “Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün Rusiya vətəndaşlarının səfərbərliyinin gücləndirilməsinə şərait yaratmaq və Ukraynanı beynəlxalq ictimaiyyətin qarşısında nüfuzdan salmaq məqsədilə Kremlin planlı təxribatı hesab edirik”, – nazirlik diqqətə çatdırıb. Qurum vurğulayıb ki, Rusiyanın 1999-cu ildə Kaşirskoye şossesində törədilmiş terror aktı kimi xüsusi xidmət orqanlarının qanlı təxribatlarının uzun tarixi var. XİN qeyd edib ki, Kreml üçün qırmızı xətt mövcud deyil: “Ukraynaya qarşı müharibə zamanı raket zərbələri, artilleriya atəşi və işgəncələr nəticəsində minlərlə Ukrayna vətəndaşını qətlə yetirdiyi kimi, siyasi məqsədlər üçün öz vətəndaşlarını da öldürməyə hazırdır”. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskdakı hadisədə iştirakı ilə bağlı Rusiyanın ittihamlarını qətiyyətlə rədd etməyə və Rusiyanın cinayətkar təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyi gücləndirməyə çağırıb. Xatırladaq ki, daha öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Kiyevin Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqəsinin olmadığını bildirərək hadisənin təxribat olmasına işarə edib. Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.

"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq

"Ən həyəcan doğuran amillər arasında okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsi göstərilir..." "Təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropa üçün iqlim dəyişikliyinin nəticələri fəlakətli olacaq..." Ötən il bütün qlobal iqlim rekordları keçilib, lakin 2024-cü il daha da ağır ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ümumdünya Metereoloji Təşkilatının baş katibi Selesta Saulo bəyan edib. Məlumatı "Reuters" beynəlxalq agentliyi yayıb. Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) illik hesabatında deyilir ki, planetdə orta temperatur 174 illik müşahidələr ərzində ən yüksək səviyyəyə çataraq sənayedənöncəki dövrü Selsi şkalası üzrə 1, 45 dərəcə üstələyib. Alimlər hərarətin 1, 5 dərəcə yüksəlməsini kritik hesab edir.  "Ümumdünya Meteoroloji Təşkilatı Birliyi bütün dünya üçün qırmızı həyəcan elan edir", - Selesta Saulo deyib. Ən həyəcan doğuran amillər arasında o, okeanın misli görünməyən istiləşməsi, buzlaqların və dəniz buzunun əriməsini göstərib. ÜMT-nin məlumatına görə, hərarətin əhəmiyyətli yüksəlməsi dənizlərin 90 faizdən çoxunda qeydə alınıb.  Saulonun sözlərinə görə, okeanın istiləşməsi xüsusilə həyəcan doğurur, çünki bu, "demək olar ki, geriyədönməzdir" və, mümkündür ki, stabil soyuması üçün minilliklər tələb olunacaq. 2023-cü ildə BMT meteoroloqları qlobal istiləşməni iqlimin antropoloji dəyişikliyi və El-Ninyonun başlanması, yəni Sakit okeanın ekvatorial sularının hərarətinin yüksəlməsi ilə əlaqələndirib. ÜMT 2024-cü ildə isti havanın yeni rekordlarının olacağını bəyan edir, çünki El-Ninyodan bir il sonra adətən havanın daha da istiləşməsi müşahidə edilir. Xatırladaq ki, bu yaxınlarda Avropa Ətraf Mühit Agentliyi təcili tədbirlər görülməyəcəyi təqdirdə Avropanın iqlim dəyişikliyinin "fəlakətli" nəticələrindən əzab çəkə biləcəyi barədə xəbərdarlıq edib. Agentlik Avropada iqlimlə bağlı 36 təhlükəni sadalayıb, onlardan 21-i "təxirəsalınmaz tədbirlər tələb edir", 8-i "xüsusilə təxirəsalınmaz" adlandırılıb.

Türkiyədəki zəlzələni proqnozlaşdıran alim: “Seysmik qiyamət qopacaq, Yer titrəyəcək”

Niderlandlı seysmoloq Frenk Huqerbits Günəş sistemində güclü seysmik aktivliyə səbəb ola biləcək unikal hadisə barədə xəbərdarlıq edib. Türkiyə və Suriyada zəlzələ ilə bağlı proqnozu ilə tanınan elm adamı martın 13-dən başlayan və 17-dək davam edəcək planetar yaxınlaşmanı əsas gətirib. O qeyd edib ki, bu hadisə təxminən hər 14 ildən bir baş verən Günəş, Yupiter və Uranın düzülməsidir. Bu dəfə Merkuri və Venera da onlara qoşulacaq. Alimin sözlərinə görə, bu düzülüş maqnitudası səkkiz bala qədər olan güclü zəlzələlərə şərait yarada bilər. Huqerbits sözlərinə görə, xüsusi dəhşətli zəlzələlər 15-16 martda gözlənilir.oxu)

KİV: ABŞ yanvar ayında İranı husilərə təsir etməyə razı salmağa çalışıb

Amerika Birləşmiş Ştatları yanvar ayında İranla gizli danışıqlar apararaq, Tehranı Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən Yəmənin husi üsyançılarına təzyiq göstərməyə inandırmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Amerika və İran rəsmilərinə istinadən məlumat yayıb. Mövcud məsələ üzrə ilkin danışıqlar 10 ay əvvəl Omanda reallaşıb. Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. İki nümayəndə heyətinin üzvləri birbaşa deyil, Omandakı vasitəçilərlə əlaqə saxlayıblar. Məsləhətləşmələrin ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək səyləri fonunda təxirə salınmışdı. Tərəflər Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsindən əlavə, İranın nüvə proqramını müzakirə ediblər.

“Dedilər, sabahdan işə gəlmə” – Aydın Əliyev

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev “İstanbul” Klinikasındakı işindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb. “Əziz dostlar! Təhdiddənmi, qorxudanmı? Bilmirəm. “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə, dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”, - radioloq bildirib. Xatırladaq ki, bir müddət əvvəl o, feysbuk hesabında paylaşım edərək, həbs olunma ehtimalından yazıb. Qeyd edək ki, bir-neçə gün əvvəl Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli “İstanbul” Klinikasının önündə saxlanılıb. Onun saxlanılma görüntülərini Aydın Əliyev öz sosial şəbəkə hesabından yayıb.yeniavaz)

Qohum evliliklərinə qadağa qanunsuz nikahlara yol açacaq

“Qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq”. Sozcu.az xəbər verir ki, bu barədə Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib. “Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilmədir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər”.