“Carçı” Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə mükafat təsis edib

Xalqımızın 1988-ci ildə başladığı Azadlıq Hərəkatı 1991-ci ildə ölkəmizin müstəqillik qazanması ilə nəticələndi.

Başda üçrəngli, tarixi Azərbaycan bayrağı olmaqla bütün milli atributlar bərpa olundu. Müstəqilliyimizin verdiyi imkanlardan istifadə edərək alimlərimiz, ziyalılarımız Xalq Cümhuriyyətinin tarixini və atributlarını daha dərindən araşdırıb, yazıb-yaymağa başladılar.

Xoş bir halı da qeyd edək ki, bu araşdırmalarla gənc tarixçilər, gənc araşdırmaçılar da məşğuldur.

Odur ki, “Carçı” Araşdırma Mərkəzinin idarə heyyətinin 09.11.2019 tarixli iclasında qərara aldıq ki, mərkəzimiz adından:

Hər cari ilin sonunda il ərzində Cümhuriyyətimiz, xüsusən də milli bayrağımız barədə ən çox araşdırmalar edən, yazı yazan, bayrağımızın təbliğatında daha aktiv olan gənci mükafatlandırmaq üçün;

Həmçinin sovet illərində (1957) milli, siyasi fəaliyyətinin məntiqi nəticəsi olaraq üçrəngli Azərbaycan bayrağını 1 saat Qız Qalasında dalğalandıran milli fəal Cahid Hilaloğlunun adını əbədiləşdirmək üçün “Cahid Hilaloğlu” mükafatı təsis edilsin.

Müfat gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmiş, aypara və səkkizguşəli ulduz formalı yaxa nişanından ibarətdir.

Mükafat veriləcək şəxs təsdiq edilmiş əsasnaməyə əsasən “Carçı” Araşdırma Mərkəzinin idarə heyyətinin il ərzində müşahidələrinin və səsverməsinin nəticəsi olaraq müəyyən olunur.

Mükafatı “Carçı” Araşdırma Mərkəzinin sədri təqdim edir.

Qeyd edək ki, “CARÇI” Araşdırma Mərkəzi ötən il də, Cümhuriyyətimizin 100-cü ildönumü münasibəti ilə tarixçi-araşdırmaçı Elmar Həsənlini “Cümhuriyyət 100” yaxa nişanı ilə mükafatlandırmışdı.