“Carçı” Araşdırma Mərkəzi QMİ-yə və dövlət komitəsinə müraciət etdi

“CARÇI” Araşdırma Mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edirik:

Sümüklərimizi çölə atmayaq!

Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə və Mübariz Qurbanlı!

Mən “Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, keçən il Cümhuriyyətimizin 100 illiyi əlaqəli olaraq, ölkəmizi xilasa gəlmiş Qafqaz İslam Ordusunun şəhidlərinin məzarları ilə bağlı kitab ərsəyə gətirdim. Kitab üçün arxivlərdən, digər fərqli mənbələrdən və kitablardan araşdırma etdiyimiz kimi eyni zamanda “Carçı” Araşdırma Mərkəzinin könülllüləri ilə bir yerdə ölkənin bir çox qəbiristanlıqlarını gəzib, türk qəbirlərini tapıb, çəkib kitab halına saldıq.

Araşdırmamız dövründə Bakının qəbiristanlıqlarını gəzmək mənim qismətimə düşdü. Bakının bir çox kəndinin qəbiristanlıqıarında gördüklərim məni dəhşətə gətirdi və elə müraciətim də bununla bağlıdır. Düzdür, ola bilsin yazdıqlarım bir başa sizə aid məsələ deyil. Amma qeyd edim ki, sizə müraciət edənə qədər həmin ərazilərin birinin bələdiyyəsinə, digərinin icra nümayəndəsinə, başqa birinin kənd sakinlərinin özünə və s. müraciət etmişəm. Amma heç bir nəticə yoxdur deyə sizə müraciət etmək qərarına gəldim.

Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə və Mübariz Qurbanlı!

Hələ 100 il bundan qabaq İstanbulda jurnalistin M.Ə. Rəsilzadəyə verdiyi “Ermənilər Qarabağa iddia edir, bununla bağlı nə deyə bilərdiniz?” sualına Rəsulzadənin belə cavab verib: “Əgər bu gün Qarabağın kimə məxsus olmasını bilmək istəyirsinizsə, son 20-30 ildə orada kimlərin sayının çox olduğuna deyil, kimlərin ölüsünün çox olduğuna baxmaq lazımdır”. Yəni Qarabağda kimlərin məzarının çox olmasına…

Qəbiristanlıqlar, qəbir daşları bizim tariximizdir. Amma təəssüf ki, gözümüzün qarşısında bu tarix məhv olur. Qəbiristanlıqlarda qəbir daşları dağılır, dağıdılır, hətta tarixi daşlar oğurlanır. Qəbiristanlıqların bəzisi zibillik halına çatıb, bəzisini isə ot ela basır ki, qəbirləri tapmaq mümkün olmur. Çox təəssüfki sadaladığım bu faktlar qarşısında toplum olaraq reaksiya verilmir.

Ən pisi isə odur ki, hətta qəbiristanlıqlarda neçə-neçə insan sümüklərinin kənarda qaldığını gördük. Təbii ki, əlim yetəni, gücüm çatanı yenidən dəfn etdim. Amma içlərində elələri var ki, bu iş bir adamın yox, bir komandanın işidir. Odur ki, sizdən xahiş edirəm, bu işə daha ciddi və rəsmi şəkildə yanaşasınız. Qeyd etdiyim yerləri bilən adam kimi bu işdə birinci işçi olmağa da hazıram.

Ümidvaram ki, yazdıqlarımı nəzərə alacaqsınız…

Sayğı ilə “Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı