“Camal Dadaşov xalqımızın qəlbində əbədi yaşayacaq” – Bəybala Əbil

AĞIR İTKİ: – Ustad Xanəndə Camal Kamal oğlu Dadaşov vəfat etdi.

Camal Dadaşov Şirvanın qədim cammatlarından-Şamaxının Sarıtorpaq məhəlləsinə bağlı Şıxzərli kəndində 1951-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və gəncliyi İkinci dünya müharibəsindən sonrakı çətin dövrləri yaşayan bütün insanlar kimi ağır şəraitdə keçmişdi. Buna baxmayaraq yaşadığı mühit, irsi qabiliyyəti, əməksevərliyi və möhkəm iradəsi qarşılaşdığı çətinlikləri aşaraq hədəfinə çastmağa imkan verdi. Doğma kəndindəki təbii musiqi mühiti, toy-düyünlərdə gənclərə yaradılan şərait və kənd camaatının dəstəyi Camal kimi istedadlı gənclərin daha böyük musiqi audiyoriyalarına çıxmasına şərait yaradırdı. Bu imkanlardan bəhrələnən Camal bəy gənc yaşlarından ölkənin musiqi ictimaitinə qoşulmuş, müxtəlif festivallarda iştirak etmiş, mukafatlar qazanmış, fəxri adlara layiq görülmüşür.

Asəf Zeynallı adına Musiqi Kollecində muğam ustadı Hacıbaba Hüseynovundan dərs alması onu böyük sənətkarlar dünyasına girməsinə imkan verdi. Hələ bu musiqi kollecinin ikinci kursunda oxuduğu zaman Gəncə şəhərində keçirilən ümumrespublika “Şur” muğamı festivalında 1-ci dərəcəli mükafata layiq görülməsi gənc xanəndəni məşhurlaşdırdı. Az bir müddətdə muğam ustadı kimi sorağı ölkənin müxtəlif bölgələrində dövlət tədbirlərindən, böyük konsert zallarından, ölkənin yeganə televiziya kanalından (Az.tv) gəlməyə başladı.

Camal Dadaşov muğam ifaçılığı ilə kifayətlənmir, bilik və bacarığını gənc nəslin yetişməsinə sərf edirdi. Uzun illər Şamaxı və Qobustan rayonlarının mədəniyyət ocaqlarında çalışmış, musiqi məktəblərində bu qədim muğam sənətinin tədrisi ilə məşğul olmuş, çoxsaylı gənc xanəndə yetişdirmişdir. Bir çox gənc xanəndələrin, o cümlədən 2007-ci və 2011-ci il Muğam Müsabiqələrinin laureatları Abgül Mirzəliyev, Mirələm Mirələmov kimi tanınmış gənc xanəndələrin yetişib araya-ərsəyə gəlməsində müstəsna xidmətlər göstərmişdir.

Camal Dadaşov bir çox fəxri adlara layiq görümüş, müxtəlif mükafatlarla təltif edilmiş, yubileyləri respublika səviyyəsində qeyd edilmişdir.

Xoş avazlı, şirin səsli Camal bəyin yüksək sənətkarlığı yetişdirdiyi gənc xanəndələrin ifasında xalqımızın qəlbində əbədi yaşayacaq.

Ruhun şad olsun Böyük Sənətkar.

Bəybala Əbil, KXCP Ali Məclisinin sədri